MTN məlumatlara münasibət bildirdi

Foto arxiv

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi son günlər yayılan məlumatlara münasibət bildirib.

Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

MTN-in İctimai Əlaqələr İdarəsindən verilən məlumatda deyilir: "Amma son vaxtlar intensiv şəkildə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir".

Məlumatda daha sonra qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsi yönündə fəaliyyətini davam etdirir, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişləri dərhal yerinə yetirilir.

Məlumatı AzərTac yayıb.