-
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir təşkilatın parlament seçkilərində «exit-poll» keçirməsinə razılıq verib.
Bu «Rəy» Monitorinq Mərkəzidir.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu təşkilat 118 seçki dairəsi üzrə «exit-poll» keçirəcək.
MSK bundan əvvəl 3 təşkilatın-«ELS2 Müstəqil Araşdırmalar Mərkəzinin, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzinin və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının «exit-poll» keçirməsinə razılıq verib.
Azərbaycanda «exit-poll» ənənəsi 2005-ci il parlament seçkilərində qoyulub. Ancaq Azərbaycanda «exit-poll» keçirən təşkilatlar bir qayda olaraq indiyə kimi maliyyə mənbələrini ictimaiyyətə tam açıqlamayıblar. Bu da cəmiyyətdə müəyyən suallar doğurub.
Xüsusilə də 2005-ci ildə «Renaissance Associates» şirkətinin təşkil etdiyi Mitofsky «exit-poll»unu çoxları hələ də unutmayıb. Mitofsky ölümündən əvvəl yazdığı xatirələrində sifarişçilərin «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd göstərdiyini yazmışdı.
2013-cü il prezident seçkisində «exit-poll»u ABŞ-ın «Arthur J.Finkelstein&Associates» (AJF) şirkəti həyata keçirmişdi. Adıçəkilən şirkət bu işi «APA Holding»in sifarişi və tərəfdaşlığı ilə həyata keçirdi. Ancaq onda da maliyyə mənbələri açıqlanmadı.