-
Oqtay Mirqasımovun «Qisas almadan ölmə. Keçmişdən məktublar» filmi Tbilisidə keçirilən «Müqəddəs Andrey X Beynəlxalq Kinofestivalı»nın baş mükafatına layiq görülüb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festivalın təşkilatçısı, kinorejissor, professor Giorgi Gelashvili filmlə bağlı fikirlərini mediaya belə açıqlayıb:
«İslam dininə ibadət edən rejissorun filmi ilk dəfədir xristian dini liderinin adı ilə bağlı keçirilən festivala dəvət olunub. Oqtay Mirqasımovun filmində bütün dinlərin vəhdətinin tərənnüm olunması bizi bu addımı atmağa vadar edib. Filmin əsas süjet xəttini əsil tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir. Bu da Gürcüstan, Polşa, Ukrayna və Baltik regionu ölkələrindən olan münsiflərin diqqətindən yayınmayıb. Oqtay Mirqasımovun filmi baş mükafatla yanaşı, üç nominasiyada da qalib gəlib».
Tədbirdə Gürcüstanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.