Rusiya səfirlərdən tələb edir

Rusiyanın SU-24M bombardmançısı Suriyanın Hmeymim bazasından qalxır

-

Rusiya Moskvadakı xarici səfirliklərə tələb irəli sürüb. Onlardan Rusiya hava zərbələrinin Suriyada dinc şəxslərin ölümünə səbəb olması barədə Qərb mediasının “əsassız” məlumatlarını sənədləşdirmək tələb olunur.

Müdafiə nazirinin müavini Anatoly Antonov bir neçə Qərb səfirliyinin hərbi attaşeləri ilə əlaqə saxlayıb. Türkiyə, Səudiyyə Ərəbistanı və NATO nümayəndəlikləri də bu sıradadır. Müdafiə Nazirliyinin məlumatına görə, onlarla bir aylıq hava zərbələri kampaniyasının beynəlxalq mediada işıqlandırılması barədə söhbət aparılıb.


“Bizi mötədil müxalifəti, eləcə də dinc hədəfləri, xəstəxanaları, məscidləri, məktəbləri vurmaqda ittiham edirlər. Nəticədə, Qərb mediasının yazdığına görə, dinc sakinlər həlak olur,” deyən Antonov bu məlumatları “Rusiyaya qarşı qarayaxma” adlandırıb.

Antonov bildirib ki, ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya, Səudiyyə, Türkiyə və NATO-nun hərbi attaşelərindən bu bəyanatlara rəsmi izah, əks halda təkzib vermək istənilib.