XİN: «ATƏT-in danışmağa haqqı yoxdur»

Xarici İşlər Nazirliyi

-

«Bəzi dairələrin seçkiləri «boykot» etməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barədə əsassız iddiaların irəli sürülməsi, seçkilərin nəticələrinə kölgə salmaq cəhdləri qəbuledilməzdir».

Bunu Xarici İşlər Nazirliyi noyabrın 3-də yaydığı açıqlamada bildirir.

Bəyanatda deyilir ki, noyabrın 1-də keçirilmiş parlament seçkilərini izləyən yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə heyəti onu azad, demokratik və şəffaf sayıb:

«Seçkiləri 500-dən artıq xarici, 63 mindən artıq yerli müşahidəçi izləyib. Yerli kütləvi informasiya vasitələri hər hansı qeydiyyat və ya akkreditasiya tələb olunmadan seçkiləri işıqlandırıblar. Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilib».

DTHİB MANDATINI POZUB

Açıqlamada bildirilir ki, ATƏT seçkiləri 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi ilə izləmək istəsə də, Azərbaycan tərəfi ölkə əhalisinin sayı və 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsini məqbul sayıb:

«ATƏT/DTHİB… guya Azərbaycan tərəfindən müşahidəçilərinin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək, Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə bəzi dairələrin təsiri altında mandatına zidd şəkildə birtərəfli qərar qəbul edib. ATƏT/DTHİB-in birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir…

Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT/DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur».

Sosial şəbəkələrdə 1 noyabr seçkiləri zamanı qanun pozuntularının baş verməsi ilə bağlı çoxlu video və foto paylaşılıb.