Bakı Beynəlxalq Caz Festivalı başa çatıb

Foto illüstrasiya.

-

Noyabrın 3-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festival çərçivəsində Azərbaycan musiqiçiləri ilə yanaşı, ABŞ, Kanada, Fransa, Almaniya, Niderland, Rusiya və Ukraynanın tanınmış ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Festival günlərində azərbaycanlı ifaçılar Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab öz qrupları ilə, Amerikanın «Fourplay» qrupu, saksofonçu Charles Lloyd caz musiqisi həvəskarlarını sevindiriblər. Konsertlər Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib.

Bakı Beynəlxalq Caz Festivalı gənc istedadlı müğənni, gitaraçı, bəstəkar və prodüser, əslən Kamerundan olan Ntjam Rosie-nin konserti ilə başa çatıb.

Onun yaradıcılığına bir neçə sinql, 3studiya albomu və 2011-ci ildə Rotterdamda «Grounds» klubunda çıxışı zamanı yazılan audio və videodisklər daxildir.

Bu disklər musiqiçinin «Gentle Daze Records» şəxsi markası altında buraxılıb.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən düzənlənən festival 10 ildən artıqdır ki, müntəzəm keçirilir.