«Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb». Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov mətbuata açıqlamasında bildirib.
Açıqlamada deyilir ki, Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib: «Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb».
Səyavuş Heydərov deyir ki, həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur: «Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər».
Noyabrın 5-də MBH-nin idarə heyətinin sədr müavini, ilahiyyatçı Elçin Qasımovun saxlanması bir qrup dindarın etirazına səbəb olub. Gecə onlarla dindar Sabunçu Rayon Baş Polis İdarəsinain qarşısına toplaşıb etiraz aksiyası keçiriblər. Saxlananlar var.