►Keçmiş səfir Vaşinqtonda keçirilən dinləmələrdə deyib ki, Azərbaycan hakimiyyətində bəziləri Kremlin təbliğatının təsiri altında ABŞ-la münasibətləri korlayırlar.
Həbsdəki hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara belə deyir. O, noyabrın 5-də Vaşinqtonda Azərbaycanda qanunun aliliyi və insan haqlarının vəziyyəti ilə bağlı keçirilən brifinqdəki çıxışında valideynlərinin həbsi, onların hazırkı durumları ilə bağlı məlumat verib:
“Bu tədbirə gəlmədən öncə bir xəbər oxudum. Noyabrın 5-dəki məhkəmədə anamın boynu göyərmişdi. Həbsdə anama qarşı bir neçə dəfə hücumlar olub. Valideynlərimə qarşı işgəncələr davam edir. Mən belə bir tədbirlərin birində valideynlərimin ölümü ilə bağlı danışmalı olacağımdan qorxuram”.
Vaşinqtonda keçirilən dinləmələrə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Morningstar (hazırda Atlantik Şurada Qlobal Enerji Mərkəzinin direktoru) və Avrasiya-Qeyri-Kommersiya Qanunvericiliyi Beynəlxalq Mərkəzinin vitse prezidenti Natalia Bourjaily də qatılıb.
Həbsindən sonra ilk dəfə anamın fotosunu görəndə elə bil anama yox, nənəmə baxırdım. Anam bir ilin içində azı 20 il qocalıb.
“Azərbaycanda insan haqlarına hörmətin ciddi şəkildə pisləşməsinə dair” adlı tədbiri Helsinki - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helskinki Komissiyası Federal Hökumətin müstəqil qurumudur-red.) təşkil edib.
Buna da bax: Xarici işlər nazirliyindən Minsk qrupuna sərt cavab
ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN 2 ƏNGƏLİ
Richard Mornigstar çıxışının əvvəlində ABŞ-Azərbaycan əlaqələrinin əhəmiyyətindən danışıb:
“Amma bu münasibətlərin getdikcə pisləşməsi təəssüf doğurur. Düşünürəm ki, münasibətlərə iki amilin təsiri daha çox olub:
- Birincisi, 2013-cü il prezident seçkilərindən sonra Azərbaycanda insan haqlarının durumu kəskin pisləşməsi və ABŞ-ın bunu tənqid etməsi.
- İkincisi, Dağlıq Qarabağ münaqişəsi.
Azərbaycan ABŞ-dan bu münaqişənin həlli ilə bağlı ciddi addımlar atmağı, işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ermənistana təzyiqlərin olunmasını istəyir. Bu iki amil münasibətlərdə ciddi problemlərə çevrilib.
Ölkədəki durumla bağlı bir tənqidi fikir səslənən kimi ABŞ-la bağlı ən yüksək səviyyədə tənqidi reaksiyalar olur.”
Buna da bax: Hava qaralan kimi “yoxa çıxan” kəndlər
MÜNASİBƏTLƏRİN İNKİŞAFI HƏR İKİ TƏRƏFƏ SƏRF EDİR...
Keçmiş səfir Richard Mornigstar bildirib ki, münasibətlərin düzəlməsi çətin olsa da, ABŞ-Azərbaycan əməkdaşlığı hər iki tərəfə sərf edir. Onun fikrincə, real danışıqlar aparılmalı və konkret addımlar atılmalıdır:
“Yerləşdiyi coğrafi məkan, Əfqanstanla bağlı Azərbaycanın mövqeyi, terrorla mübarizə və digər məsələlər ABŞ siyasətinə sərf edir.
ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycan özü bilir ki, ABŞ əlini çəksə, Bakı-Tbilisi-Ceyhan, Tanap layihələrinin icrasında nə baş verə bilər. Təhlükəsizliklə bağlı əməkdaşlıq ABŞ qədər Azərbaycan üçün də önəmlidir.
Buna görə də real danışıqların aparılması və konkret addımların atılması zəruridir. Tərəflər bir-birinə inamlı, güvənli olmalıdır”.
Richard Morningstar Azərbaycan hakimiyyətinin ABŞ-ın yerli QHT-lərə ayrıdığı qrantlarla ölkədə çevriliş və ya ixtisaslar etmək haqda fikirlərini məntiqsiz adlandırıb və bu cür fikirləri başa düşə bilmədiyini deyib:
“Bu adamları həbsə atmaqla Azərbaycan ABŞ, eləcə də digər Qərb ölkələri ilə münasibətini niyə qəlizləşdirsin ki? Bunu anlaya bilmirəm. Düşünürəm ki, Azərbaycanda hakimiyyətdəkilərin bəziləri Şimal qonşularının təbliğatlarına inanaraq bunu ediblər. Onlar fikirləşirlər ki, ABŞ Azərbaycan QHT-lərini dəstəkləməkdə məqsədimiz hakimiyyəti ələ almaqdır. Bu fikirlər hələ də varsa, mən düşünürəm ki, ciddi danışıqların aparılmasına ehtiyac var”.
Buna da bax: Banka borcu olub həbsdən qorxanlara «yol xəritəsi»
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ İFLİC OLUB
Tədbirdə digər bir çıxışçı Avrasiya-Qeyri-Kommersiya Qanunvericiliyi Beynəlxalq Mərkəzinin vitse prezidenti Natalia Bourjaily son iki ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişiklərdən danışıb.
Bu adamları həbsə atmaqla Azərbaycan ABŞ və Qərb ölkələri ilə münasibətini niyə qəlizləşdirsin ki? Bunu anlaya bilmirəm.
Düşünürəm ki, Azərbaycanda hakimiyyətdəkilərin bəziləri Şimal qonşularının təbliğatlarına inanaraq bunu edirlər.
Bildirib ki, QHT-lər və Qrantlar haqqında qanunlara dəyişiklər vətəndaş cəmiyyətinin işini iflic edib.
Natalia Bourjaily nəinki yerli təşkilatlar, hətta beynəlxalq donor təşkilatların qeydiyyatı və digər məhdudlaşdırıcı əlavələrdən danışıb.
Tədbir iştirakçıları çıxışçılara suallar verməsinə də şərait yaradıb. Morningstara verilən suallardan biri onun Azərbaycanda səfir olduğu vaxt Naxçıvan səfərinə imkan verilməməsi ilə bağlı olub.
Richard Morningstar deyib ki, bu səfər rəsmi formada qadağan olunmasa da yerli hakimiyyət (Naxçıvan - red.) onun səfərinin baş tutumaması üçün hər şey etdi.
Azərbaycanda 2013-cü il prezident seçkilərindən iki ay sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbs olunub. Bundan sonra hüquq müdafiəçiləri İnqitam Əliyev, Leyla və Arif Yunuslar, juranlist Xədicə İsmayıl və digərləri də bənzər ittihamlarla azadlıqdan məhrum ediliblər. Azərbaycanda yüzə qədər siyasi məhbusun olduğu deyilir.