Təbiətə tanrı demək olmazmı?

Volter

- "Tanrı yamanlıqların baş verməsinin qarşısını ala bilmirsə, onu yenilməz güc yiyəsi saymaq düzgündürmü?

Yox, o bunu bacarırsa, ancaq bilərəkdən buna yol verirsə, onda onu yaxşılıqsevər saymaq olarmı?"

VOLTER

Evgemerin ikinci dialoqu

TANRI MÖVZUSUNDA DANIŞIQLAR

Kallikrat. İlk sualım çox kəsədir: Tanrı varmı? Ammonlu Yupiterin baş kahini, Makedoniyalı İskəndərin tanrının oğlu olduğunu buyurmuşdu, düzdür, buna görə ona bolluca pul da vermişdilər; ancaq bu Tanrı dediyimiz doğrudan da varmı?

Yoxsa, onun olduğunu ortaya atanlar bizi ələ salır, başımızı qatırlar?

Evgemer. Doğrudan da bizi, Krit adasında öldüyü deyilən Yupiterə, Liviya qumluqlarında itib-batmış daşdan yonulmuş qoyuna boyun əyməyə sürükləyəndə, elə ələ salıblar, bu belədir.

Götürək elə bu yunanları, ağıllarının aşırı itiliyindən qanmazlığa yuvarlanan bu yaramazlar, insanlığı ələ salmırlarmı?—baxın bir, onlar qaçmaq anlamı verən sözdən, theoi—“qaçan tanrılar” düzəltmiş onu insanlara sırıya bilmişlər.

Onların adlı-sanlı filosofları da məncə, elə ən anlaqsız kimsələr olmuşlar, bunların deməsinə görə, Mars, Merkuri, Yupiter, Saturn kimi göydə gəzib dolanan—qaçan planetlər, deməyəsən elə ölümsüz tanrılar imişlər.

Onlar dayanmadan yürüdükləri üçün, yürümək üçün olan gücü başqasından yox, ancaq özlərindən aldıqları üçün də, ölməz tanrılar sayılmalıdırlar. Belə bir məntiqlə onlar elə yeldəyirmanından da tanrı düzəldə bilərdilər.

Kallikrat. Yox, yox, mən sizdən, nə afinalıların sayıqlamalarını, nə də misirlilərin uydurmalarını soruşuram. Mən sizdən hansısa planetinmi, Ammonun qoyunununmu, Apisin öküzününmü tanrı ola biləcəyini soruşmuram, nə də Apisin öküzünü—bu Misir tanrısını, şişdə qızartdırıb yeyən Kambizi soruşuram.

Mən sizdən bütün ciddiliyi ilə soruşuram:dünyanı yaradan bir Tanrı varmı? Mən belə bir Tanrının ola biləcəyini deyəndə, bu sirakuzlular məni ələ salıb gülürlər.

Evgemer. Sirakuza gələndən sonra harada qalırsınız?

Voltaire

Kallikrat. Mənim çox yaxın arxadaşım olan arxont Hiyeraksın evində qalıram, o da Tanrıya elə Epikür sayağı inanır.

Evgemer. Düzmü deyirlər, bu arxontun çox gözəl bir sarayı vardır?

Kallikrat. Olduqca gözəldir! Sarayın başlıca korpusu otuz altı korinf sütunları ilə bəzədilib, onların arasında isə çox böyük heykəltaraşların əl işləri düzülüb. Əsas korpusa iki başqa tikili...

Evgemer. Sizi and verirəm Tanrıya dayanın, elə bu danışdığınız da yetər! Sizin danışığınızdan, bu gözəl sarayı tikən çox bilikli-bacarıqlı bir memarın olduğunu anladım.

Kallikrat. Aha, mən də elə anlayıram, siz sözü hara çəkib aparmaq istəyirsiniz!

Sizin mənə nə demək istədiyinizi bilirəm, kainatın quruluşu, fəzanın sonsuzluğu, sonsuz sayda ulduzlar, onların başına fırlanan planetlər, bu ulduzlardan saçılıb, planetləri canlandıran işıq, bir sözlə bütün bu qavranılmaz diriliyin olması, bütün bunları quran, yaradan, ölümsüz, yenilməz gücü olan, ən yüksək anlaqlı bir gerçəkliyin bunlara yiyəlik eləməsindən soraq verir—bunumu demək istəyirsiniz?

Mən biləni, siz Platonun çox gözəl yoza bildiyi, biri-birinin içində yerləşən sferalardan danışmaq istəyirsiniz; siz bütün bu çoxsaylı dünyaların birini o birisi üçün yaradan, onların hamısının başında dayanan ən böyük varlıqdan söz açmaq istəyirsiniz.

Ancaq bəri başdan deyim biləsiniz, bu basmaqəlib düşüncələri epikürçülar saya salmırlar.

Onlar çox böyük bir soyuqqanlıqla sizin sözlərinizi danacaq, sözün düzü, hansısa söz güləşdirməsinə də qalxışmayacaqlar, onlar sizə bütün bunların təbiətin yaradıcılığı olduğunu deyəcəklər, elə onun da ən böyük varlıq olaraq bütün bunları yönətdiyini doğru saydıqlarını irəli sürəcəklər; Onların deməsinə görə, o böyük varlığı görmək də, duymaq da olar:

İllüstrasiya

Günəşin, ulduzların özəlliklərində, yer üzündə olan bütün nə varsa hamısında, elə bizim özümüzdə üzə çıxanlarda görünən, duyulan nə varsa, onun varlığından soraq verməkdədir, bunlar elə hamısı onun görünüşləridir, yoxsa bütün bunları götürüb, gözəgörünməz, duyğuyla, düşüncəylə qavranılmaz.

Bir sözlə, özünü tanıtmaq üçün ipucu qoymayan uydurma bir varlığın adına yazmaq böyük bir yanlışlıqdır, ondansa, gözlə görünən, duyğularımızın, anlağımızın yardımı ilə qavranıla bilən: yetirdiyi yeniliklərlə ardıcıl olaraq özünü bizə tanıdan, ayağımızın altında, başımızın üstündə, hara baxsaq gözlə görünən, bizi doğulmağa, yaşamağa, ölümə çəkib aparan bu böyük gücün yiyəsi olan təbiətə tanrı demək ən düzgünü olmazdımı?

Bu deyilənlərin düzgünlüyünə inanmaq istərsəniz, onda götürün Epikurçuların kitablarını oxuyun: “Təbiətin quruluşu”, “Təbiətin tarixi”, “Təbiətin prinsipləri”, “Təbiətin fəlsəfəsi”, “Təbiətin kodeksi”, “Təbiətin qanunları”1 habelə bunun kimi başqalarını...

Evgemer. İndi mən sizə deyim biləsəiniz, təbiət deyilən şey yoxdur, bütün bu Kainat bir yaradıcılıq örnəyidir, yaradıcılıq varsa, onun yaradıcısı da olmalı deyilmi?

Kallikrat. Necə?! Təbiət yoxdur, bu gördüyümüz gerçəklər hamısı hansısa bir sənət əsəridir? Bu nə boş-boş sözlərdir belə?

Evgemer. Bu çox düzgün olan ideyanı, ilk olaraq, filosofların çox da dəyər vermədikləri, az tanınan bir filosof irəli sürmüşdür; ancaq bu ideyanı adı-sanı olmayan birisinin irəli sürməsi, onun dəyərini azaltmır.

Siz özlüyündə çox da elə anlaşılan olmayan bu təbiət termini ilə, çoxu bugündən sabahacan yaşaya bilməyən, gördüyümüz bütün varlıqların topluğunu adlandırırsınız:

ağaclar, daşlar, bitkilər, tırtıllar, keçilər, qızlar, nə bilim, meymunlar, bunlar hamısı birlikdə, necə yozursan yoz, varlığın bütünlüyünün göstəricisi sayıla bilməz.

Dünən olmayan, bu gün isə doğulub üzə çıxan bir gercəklik ölümsüz ola bilməz, yaradılışın gərəkən nədəni-cəbəbi də ola bilməz. Sizin bu təbiət dediyiniz ancaq,—nəsnələrin çoxluğunu adlandırmaq üçün düşünülmüş bir termindir.

Dünyada gördüklərinizin hamısının yaradıcılıq örnəyi olduğuna inanmaq istəyirsinizsə, onda dönüb, bu böcəklərə, ilbizlərə, milcəklərə baxın: siz onların necə bir yetkin yaradıcılıq örnəyi olduğunu görəcəksiniz, bu insanın başara bilmədiyi bir yaradıcılıq əsəridir; sözsüz, belə yetkinlikdə yaradıcılıq örnəyini yarada bilmək üçün hansısa sonsuz bacarıqlar yiyəsi olan bir uzman olmalı idi, bilgə kimsələr onu Tanrı adlandırırlar.

Kallikrat. Sizin o varlığını öydüyünüz uzmanı, epikürçülər gizli güc adlandırırlar, bu gözəgörünməz güc, bütün bu nəsnələrin topluğunda öz işini görməkdə, ölənlərlə ölməkdə, dirilənlərlə dirilməkdədir, biz də bu gücü elə təbiət adlandırmaqdayıq.

Evgemer. Deyə bilərsinizmi, sizin dediyiniz bu güc, ölüb gedən, hələ doğulmamış varlıqlarda necə yerləşə bilir? Bu kor güc, hansı anlağın yiyəsi ola bilər, bu duyan, düşünən varlıqları, eləcə də düşüncəsi olmayan bu sonsuz sayda ulduzları o necə yarada bilər?

Özündən öncə olan heç bir gerçəkliyə arxalanmayan belə bir sistem, ancaq başına soyuq dəymiş adamların yersiz düşüncələrindən doğa bilər.

Gözəgörünməz güc deyə yozduğunuz gerçəklik, oracan yenilməz güc, yetkin ağıl yiyəsi olmalıdır, gərək özündən sonra gələn başqa bir anlaqlı varlıq yaratmağı da bacarsın.

Bu olması gərəkən(zəruri) varlıq olmadan, qalan heç bir varlıq ortaya çıxa bilməzdi; ölümsüz olan varlıq, özü-özünə var olaraq, onun haçansa ola bilməyəcəyi duruma yer qoymur; bütün yaxşılıqların qaynağı olduğu üçün, özündən sonrakı bütün varlıqların səbəbi olduğu üçün o, yamanlıqlara bulaşa da bilməz.

Bizlər, məntiqə arxalanan stoiklər, tanrını belə anlayırıq: o əlçatmaz, olduqca böyük bir varlıq olduğundan, biz bütün yaxşılıqsevərliyimizdə ancaq onu yamsılayırıq, bu haradasa kölgənin onu yaradan gerçəyə bənzəməsi kimidir.

Voltaire

Kallikrat. Bax, elə bizim epikürçülərin sözü buna görə də sizinlə düz gəlmir.

Siz heykəlyonana oxşayırsınız: öncə tişənizlə hansısa çox gözəl bir heykəl yonursunuz, sonra da ona tapınmağa, boyun əyməyə başlayırsınız.

Siz öncə öz düşüncələrinizdə hansısa bir tanrı yaradırsınız, sonra da onu türlü “yaxşılıqlarla” bəzəyirsiniz; ancaq bir anlıq başınızı qaldırıb bu Etna vulkanına baxın, görün o bir anın içində necə Katani şəhərini yer üzündən silib atmışdır.

Platonun dediklərini: on min il bundan öncə, suyun altına çökub yox olmuş Atlantidanı anın; bütün Yunanısatanı uçurub dağıdan daşqınları anın; bütün bu dağıntıları törədəndəmi sizin dediyiniz o yaradıcıdır?

İnsanlar arasında yayılan yamanlıqlara gəlincə, siz özünüz dünyanı gəzib dolaşanda onların bütün yer üzünü altına aldığını gözlərinizlə görmüsünüz, bütün bunları biləndən sonra istərsiniz öz dediyiniz o tanrını yenə də yaxşılıqların qaynağı adlandırın.

Özünüz də çox yaxşı bilirsiniz, bu arqumenti dana biləcək bir cavab indiyəcən də tapılmamışdır: tanrı yamanlıqların baş verməsinin qarşısını ala bilmirsə, onu yenilməz güc yiyəsi saymaq düzgündürmü?

Yox, o bunu bacarırsa, ancaq bilərəkdən buna yol verirsə, onda onu yaxşılıqsevər saymaq olarmı?

Evgemer. Bu cındırı çıxmış düşüncə, Tanrını yıxıb onun yerinə xaos yaratmaq, mənə həmişə olduqca qorxunc görünübdür; ancaq bundan da qorxulusu, bizim yer yumrusunu başına götürmüş dəlilikdir.

Etnanın ətəyindəki vulkan alovlarının dağıdıb tökdüyü o yerdə, mən indi göz oxşayan, verimli tarlaların olduğunu görürəm;

Sirakuzda on il sürən qırğınlardan, dağıntılardan sonra, böyük dirçəlişlər görünür, insanın könlünü oxşayan musiqi səslənir, ruhu qanadlandıran fəlsəfə yaranır.

Beləliklə də, bu dünyada yamanlıqlar varsa da, ancaq yaxşılıqlar da az deyil. Deməli, dünyanı Tanrının yaratdığı doğrudursa, o ancaq yamanlıqlar törətmir.

Kallikrat. Ancaq, Tanrının yamanlıqları az da olsa, bunları kimsə bəyənmir, onun bir anlıq da belə olmasını istəyən birisini tapa bilməzsən.

Nədəndir, onun yaratdığı deyilən bu Yer üzünü ara vermədən qorxunc dağıntılar izləyir. Etna dincələndə başqa vulkanlar baş qaldırır.

İskəndər ölüb gedəndən sonra başqa qaniçənlər baş qaldırırlar. Bizim bu yer yumrusunun dağıntısız, qan tökülmədən keçən bir günü də olmamışdır.

Evgemer. Mən də elə sözümü bunların üstünə gətirirəm. Evyıxan tanrı ideyası, öz yaratdıqlarını sonradan ağrı-acılara tuş eləyən yaradıcı, qorxunc olduğu kimi də, ağlabatan da deyil; iki tanrının olması, onlardan birinin yer üzündə yaxşılıqların, o birinin yamanlıqların yaradıcısının olması bundan da qorxunc, bundan da düşkün düşüncələrdir.

Ancaq, bir mənə deyin görüm, sizi nəyinsə doğruluğuna inandıranda yaşadığınız acılar, bu doğrunu əskildə bilərmi?

Olması gərəkən, ölümsüz, bütün varlıqların qaynağı olan bir gerçəklik vardırsa, bizim ağrı-acılarımız onun varlığını kiçildə bilərmi? Mənim nədən bu ağrı-acıları çəkdiyimizi bilməməyim onun adına kölgə sala bilərmi?

Kallikrat. Bilmədiklərinizi sadalamağınız yetər, ancaq siz gəlin mənim sorğularıma aydın bir cavab verin.

Evgemer. Mən elə bunun üçün çalışıram, istəyirəm sizin baxışlarınızı qurulu bir sistemə sarı yönəldə bilim, özünü sistem olaraq doğrulda bilməyən nə varsa, ancaq bicliklə qurulmuş, sonu anlamsızlığa gəlib çıxan nəsnələrdir.

Baxın, mən göz-gözü görməyən bu qatı qaranlıqda sizə bir işıq ucu göstərirəm; qalanı isə özünüzdən asılıdır—bu qığılcımı üfürüb alovlandıra da, söndürə də bilərsiniz.

Onu da deyim, mənim tanrı ilə bağlı düşüncələrimin doğulması, ancaq varlığı gərəkən gerçəyin olması ideyasına gəlib dirənəndən sonra ola bilərdi, bu gərəkən varlıq, özünün ölümsüz, yaxşılıqsevər, yenilməz güclə yoğrulmuş təbiətinə görə də, özü-özünə var olur.

Tanrıda olmalı olduğunu dediyim bu özəlliklərin varlığı, onun heç də baş tutmayacaq nələrsə yarada bilməsi demək deyildir.

O, üçbucağın bucaqlarının toplanmasından iki düz bucağın alınmasını əngəlləyə bilməz, iki qarşılıqlı tərsliyin bir araya gəlib uzlaşması da onun görə biləcəyi iş deyildir. Ola bilsin, bu qarşılıqlı tərsliklərin əngəllənə bilməmisindən də, yamanlıqlar dünyaya gələ bilmişlər.

Torpağı sərinlətmək, dənizlərin sularını tərpətmək üçün əsən küləyin birdən tufan qoparacaq bir duruma gəlib çıxması da ağlabatan deyilmidir?

Yerin altında olan od, mineralları yaratmış, bitkilərin cücərib böyüməsinə yaramışsa da, ancaq yeri də silkələyib sarsıtmış, şəhərləri də dağıtmış, oradakı insanları da öldürmüş, dağları da yerlə bir etmiş, ancaq onların yerinə yenilərini də yaratmışdır.

Canlıların ölümsüz olması, özü də bir ziddiyyətə gətirib çıxaradı: onlar dünyaya sığmaz, dünyanın saxlancları onları yedirməyə çatmazdı.

Belə görünür, hamımızın ən böyük yamanlıq kimi baxdığımız ölüm özü də elə yaşam kimi gərəklidir. İstəklər alovlanmasa, çılğınlaşmasa, canlıların doğub törəməsinə yarayan şəhvət də yarana bilmir;

bu təsirlər isə canlıları qıcıqlandırmadan ötüşüb keçə bilməzdi, belə çılğın istəklərin yaranması isə, didişmələrə, savaşlara, ölüb-öldürməyə, yalanlara, quldurluqlara yol açmaya bilməzdi.

Görünür, Tanrı dünyanı onun indi olduğu durumundan ayrı sayaq yaratmağı bacarmamışdır.

Kallikrat. Onda belə çıxır, sizin Tanrınızın yenilməz gücü yoxdur.

Evgemer. O bütün gerçəkləri yaratmışsa, deməli, hamıdan artıq yenilməz güc yiyəsidir; ancaq onun gücü ölçüdən qırağa çıxan bir güc deyildir.

Tikinti uzmanı mərmərdən 15 metr hündürlüyündə ev tikmişsə, bu o demək deyildir, onun meyvə mürəbbəsindən 200 km hündürlüyündə ev tikmək bacarığı da vardır.

Heç bir varlıq öz təbiətindən qırağa çıxa bilmir; mən çəkinmədən, ən ali varlığın da öz təbiətindən qırağa çıxa bilmədiyini deyirəm.

Kainatın yaradıcısı-qurucusu olan, bizim anlağımız üçün aydın olduğu kimi də, qavranılmaz olan Tanrı,–mən bunu da çəkinmədən deyirəm–nə bizim kələm bostanında, nə də Kapitoli təpəliyində yaşamır.

Onda o harada yaşayır? Hansı göydə, hansı ulduzda oturub, öz sonsuz buyuruqlarını təbiətə göndərir?

Mən bu haqda heç nə bilmirəm; yalnız bunu yəqinliklə bilirəm: bütün təbiət onun buyuruğuna baş əyir.

Kallikrat. Yaxşı, tutalım siz deyən kimidir, kainat onun buyurğu ilə var olub, onda deyə bilərsinizmi, o, təbiətin boyun əydiyi birinci buyuruğunu haçan vermişdir, bu birinci buyuruqla: sonsuz sayda ulduzları, planetləri, kometləri, bu, ölümlə, yamanlıqla dolu yer kürəsini haçan yaratmışdır?

Evgemer. Siz bilərəkdən mənə özünüzün də bəlli cavabının olmadığını yaxşı bildiyiniz sual verirsiniz.

Burada ancaq hansısa hipotezlərlə danışmaq olar. Mən indi çəkinmədən belə bir hipotez irəli sürüb desəm: bu ən uca, ölümsüz, yaradan, qoruyan, dağıdan, yenidən quran varlığın başlıca mahiyyəti onun təpərliyindədir, onda onun bu təpərliyinin əbədi olmaması da ağlabatan ola bilməzdi.

Günəşin yaranan anından başlayaraq, onun şüalarının fəzada düzxətli yayılmağa başlaması qaçılmaz olduğu təki, Ölümsüz Yaradıcı da zaman anlayışına sığmayan, sonrasız-sonsuz olduğu üçün, onun varlığının zəruriliyi, yaratdıqlarının da zəruriliyini törədir.

Kallikrat. Siz mənim sorğularıma tutuşdurmalarla cavab verməyə çalışırsınız; buna görə də, sizin danışdığınız nəsnələrin anlamını bütün aydınlığı ilə qavraya bildiyinizə inanmağım gəlmir; siz onların anlamını açmağa çalışırsınız.

Ancaq ha gücənsəniz də, yenə də fırlanıb bizim epikürçülərin yaratdığı sistemə arxalanmağa gəlib çıxırsınız, bizim gizlin güc dediyimizə siz zərurət deyirsiniz. Siz bu gizlin gücə Tanrı deyirsiniz, onlar isə təbiət.

Evgemer. Düşüncələrimin gerçək epikürçülərin dedikləri ilə üst-üstə düşməsi məni sevindirir—mən onları yaxşılıqsevər, olduqca bilgə, çox qanacaqlı insanlar kimi tanıyıram; mən öncə özlərindən tanrı yaradıb, sonra da onu ələ salanlara qarşıyam, görürsən, onlar öz yaratdıqları bu tanrıları sonradan, pozğunlara, içki, qadın düşkünlərinə, qarınqululara çevirib, alçaldırlar.

Xoşbəxrliyin yalnız yaxşılıqsevərlikdə olduğunu deyən, ancaq təbiətin gizlin gücünə tapınan doğruçu epikürçülərlə mən də razılaşıram, ancaq bir şərtlə:

onların duya bildikləri o gizlin gücü doğuran, elə mən dediyim zəruri varlıqdır, o varlıq isə, ölümsüz, yenilməz güclü, şüurludur, yoxsa insan adlanan düşüncəli varlığı, ən yüksək şüurlu varlıq olan Tanrıdan başqası yarada bilməzdi.

Kallikrat. Mən bizim o epikürçülərə sizin bu düşüncələrinizi danışaram, çalışaram, onlar da sizi özlərinə doğma saysınlar.

Rus dilindən Araz Gündüz çevirib