Təyyarə “90 faiz” bomba ilə partladılıb

Qəza qurbanları dəfn olunur

Qəza qurbanları dəfn olunur

-

Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasına çox güman bomba səbəb olub. Bunu qəzanı araşdıran komissiyanın üzvü deyib.

Oktyabrın 31-də A321 təyyarəsi Misirin Şarm əl-Şeyx kurort şəhərində havaya qalxandan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarədəki 224 nəfər həlak olub. Sinayda İslam Dövləti silahlıları təyyarəni özlərinin vurduqlarını deyiblər.

“İndiyədək üzə çıxan təhlillər, qara qutudakı səs onu göstərir ki, bomba partlayıb,” adının çəkilməsini istəməyən, Misir tərəfdən təhqiqat komissiyasının üzvü deyib. “90 faiz əminik ki, bu, bomba olub”.

Rəsmi Reuters agentliyinə noyabrın 8-də danışıb. Bir gün öncə isə Misir təhqiqatçısı təyyarənin audio yazısına əsasən bildirib ki, son saniyədə gurultu səsi eşidilib.

ABŞ və Britaniya rəsmiləri də kəşfiyyat məlumatlarına əsasən söyləyiblər ki, təyyarə içindəki bombadan partlayıb.