Qaz çəkməyə “ASAN” icazə verəcək

-

2016-cı il yanvarın 1-dən təbii qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib. Məlumatı Anspress yayıb.

Rövnəq Abdullayev deyib ki, əsas məqsəd vətəndaşların rahatlığını təmin etmək və yarana biləcək problemlərin, neqativ halların qarşısını almaqdır. Artıq bununla bağlı “ASAN xidmət”lə danışıqlar aparılır:

“Bundan sonra kim evinə, təsərrüfatına və ya müəssisəsinə qaz çəkmək istəyirsə, lazım olan sənədləri toplayıb birbaşa “ASAN xidmət” mərkəzlərinə müraciət edərək və heç bir vəsait ödəmədən təbii qaz çəkilişinə icazə alacaq. Biz eşidirik, bəzən bu məsələ ilə bağlı vətəndaşlardan, iş adamlarından müəyyən vəsait tələb edirlər. Biz bununla ciddi mübarizə aparırıq. Məhz belə hallar yaranmasın deyə texniki şərtlərin verilməsini “ASAN xidmət” vasitəsilə həyata keçirməyi qərara aldıq”.

QAZLAŞDIRMA İŞLƏRİ 2018-DƏ BAŞA ÇATACAQ

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı görülən işlərə gəlincə, R.Abdullayev bildirib ki, Avropaya ilk Azərbaycan qazı göndərilənədək ölkənin bütün yaşayış məntəqələrinin, ən ucqar kəndlərin maksimum səviyyədə qazlaşdırılması üçün SOCAR tərəfindən xüsusi proqram həyata keçirilir. İndiyədək təsərrüfat sayı hesabı ilə artıq ölkənin 90 faizi qazlaşdırılıb:

“Qalan 10 faiz isə ucqar və əhalisi az olan balaca kəndlərdir. Elə ucqar kəndlər var ki, 10 təsərrüfatı var, ora 50 kilometr uzunluğunda qaz xətti çəkmək iqtisadi cəhətdən heç cür sərfəli deyil. Biz yerli icra qurumları ilə birgə Azərbaycanın qazlaşdırılacaq bütün yaşayış məntəqələrinin xəritəsini hazırlayaraq ölkə rəhbərliyinə təqdim etmişik. 2018-ci ilə qədər Azərbaycanın qazlaşdırılması işini tam başa çatdıracağıq”.