Avstraliyada miqrant qiyamı

Miqrantlar

-

Hind Okeanında qaçqınların saxlanma mərkəzində qiyam baş verib.

Avstraliya immiqrasiya rəsmiləri də ölkə ərazisi sayılan Milad adasındakı saxlanma mərkəzində “narahatlıq” olduğunu təsdiqləyiblər.

Rəsmilər ziyan barədə məlumat versələr də, xəsarət alan olmayıb. Bəzi məlumatlara görə, hasarlar dağıdılıb, yanğın başlayıb deyə nəzarətçilər də ərazidən çıxıblar.

İğtişaşa səbəb bir qaçqının meyitinin tapılması olub. O, saxlanma mərkəzindən noyabrın 7-də qaçıb, bir gün sonra adanın kənarında meyiti tapılıb. Həmin qaçqının iranlı kürd olduğu söylənir.

Avstraliyada miqrant məsələsi qaynar siyasi mövzu sayılır. Rəsmilər miqrant axınını dayandırmağa and içiblər. Təhlükəli qayıqlarla materikə yaxınlaşanlar isə Milad adasına göndərilir.