Bir tərəfdə qızılbaşlar, o biri tərəfdə gürcülər

Ilia Chavchavadze

- "Qızılbaş ikinci dəfə hücuma keçənədək Qostaşabişvili atını onun üstünə şahə qaldırır, bir-iki güclü zərbə ilə onu atdan salıb ayağa durmağa imkan verməyir."

İlya ÇAVÇAVADZE

Yeni il hekayəsi

I

Yaxşı yadımdadır; uşaq vaxtı ilin son gecəsinin gəlməsini necə ürək çırpıntıları ilə gözləyirdik.

Ilya Chavchavadze

İlin axır gecəsi balaca kəndimizdə bizim - iki bacı, üç qardaşın çolpa kimi ata-anamızın qanadları altına sığınmağımız indiki kimi yadımdadır.

O gün bizi nə gizlənpac, nə də qartopu oyunları, nə qarda atılıb-düşmək, nə də qaçmaq maraqlandırırdı.

Fikrimiz-zikrimiz səhərin açılmasında olurdu, elə hey səhəri düşünür, səhərin eşqi ilə yaşayırdıq.

Evdə bu qədər mer-meyvə, şirniyyat ola-ola, bayırda nə işimiz vardı. Otaqların içində xısınlaşırdıq: burda hər nə desən var.

Bir tərəfdə doşab qaynayır, digər tərəfdə qozinaq hazırlamaq üçün badam və cövüz təmizləyirdilər; bu yanda kəhrəba rəngli bal sanki bizi səsləyirdi: gəlin, ağzınızı şirinlədin, o yanda anamızın buxarıda əritdiyi bal elə bil deyirdi: səhərə qədər bir təhər dözün, bu axşam mən sənin üçün əriyirəm.

Biz bu qədər naz-nemətin bolluğu içində gözütox halda o tərəf-bu tərəfə qaçışır, fürsət tapan kimi bal olan qaba barmaq batırıb yalayar və özümüzü dünyanm ən xoşbəxt uşaqları sanardıq.

Gülüşün, qəhqəhənin, eyni zamanda anamızın könülsüz-könülsüz bizi məzəmmət etməsinin sonu görünmürdü. Hiss edirdik ki, nə atamız, nə də anamız bizə ürəkdən acıqlanmırlar.

Elə buna görə də nazlanır, onlara qısılır, onlara ərk eləyirdik. Ən böyüyümüzün on iki yaşı ancaq olardı.

O vaxtdan çox illər keçib və nə qədər yaxşı günləri özü ilə yuyub aparıb. Ata-anamız, iki qardaşımız, azacıq sonra bir bacımız arı sönən kimi söndü, bir-birinin ardınca qırıldı.

Bu fani dünyada bir qardaş və bir bacı qalmışıq. İndi ikimizin də saçlarımıza dən düşüb. Hər Yeni il gələndə yaşımızın bu vaxtında da nəmli gözlərim məni istər-istəməz keçmişlərə qaytarır.

Olub keçənlər gözlərimin qarşısma gəlir. Özümü o balaca kəndimizdə, o totuq bacı-qardaşlarımın əhatəsində hiss edirəm. Ata-anamın öz balalarını necə şirin-şirin əzizlədiklərini, uşaqların körpə sevinci ilə onların qucaqlarına necə sıçradıqlarını görürəm.

Qulaqlarımda balaca bacımın, kiçik qardaşımın göyərçin kimi baş-başa verib quqquldaşmaları, anamın öyüd-nəsihəti, atamın şirin ləhcəli söhbətləri səslənir. İndi bunların hamısı mənə şirin yuxu kimi görünür.

Qəlbimdə bu qədər acılı-şirinli xatirələr qoymuş o balaca kənddəki beş qəbirin hər birində bu gün qəlbimi göynədən əzizim uyuyur.

Qəbirlərdə anam, atam, iki qardaşım və bir bacımla birlikdə mənim də uşaqlığım, xoşbəxtliyim dəfn olunub. Ah, uşaqlıq da, xoşbəxtlik də quş kimi uçub gedib və bir də heç zaman qayıtmayacaq.

O xoşbəxt günlər keçib, daha qayıdan deyil. Ötən günlər qəlbi öz ağrısı ilə göynədir və bəzən bu göynərtini ən parlaq sevincə də dəyişməzsən.

Bu yanğının ağrısı da o günlərin göz yaşı kimi şirindir. Burada qəm sevincə, kədər şadlığa qarışaraq elə bir göynərti, çılğın sevinc nidaları yaradır ki, hər ikisinin səbəb olduğu göz yaşları bir-birinə qarışır.

Kimsə haçansa çox gözəl deyib: ehtizaz doğuran xoşbəxtlik də bir ağrıdır ki, həmin bu ağrı da məhz belə ehtizazdır.

İlin axır günlərindən biri yaddaşımda daha möhkəm həkk olunub. Bilmirəm sabahkı günün intizarındanmı, bilmirəm atılıb-düşməyimizdənmi biz balacaların gözlərinin yuxusu ərşə çəkilmişdi.

Anamızm əl-ayağına dolaşmamağı, uzanıb yatmağı dönə-dönə xatırlatmasına məhəl qoymayıb, əlimizi boğazımıza çəkərək yalvarırdıq: ana, qadan alım, bizi qovma, yuxumuz gəlmir.

Anamın başı qozinaq və doşab hazırlamağa qarışdığından qapının önünə badam, qoz, bal ilə içi dolu olan badyalar və sinilər düzülmüşdü. Atam otaqda qəlyan çəkə-çəkə nə iləsə məşğul idi.

İ.Toidze'nin "Stalin İlya Çavçavadzeyə şeir oxuyur" rəsmi

Cəm və sinilərin arasında qırğı kimi səkən kiçik bacım necə oldusa, onlardan birinə toxunub qabı yerə aşırdı.

Anam ağzı üstə çevrilmiş bal qabını görən kimi bərk hirslənib atama acıqlandı:

Allah xatirinə, bir bunları başımdan rədd elə!.. O biri otağa çək, apar bunları, nağıldan-zaddan danışıb başlarını qat, bəlkə yatıb məni rahat buraxalar.

Atam yaxşı nağıllar bilirdi və biz də onun söylədiyi nağıllara maraqla qulaq asardıq.

Anamın ağzından nağıl sözünü eşidən kimi kişinin başına cormalaşdıq, kimimiz ayaqlarını qucaqladıq, kimimiz çuxasının ətəklərindən yapışıb çəkə-çəkə o biri otağa apardıq.

- Sənin qadan alım, ata, bizə nağıl söylə, bəlkə yuxumuz gələ. Yoxsa, anam ordan qovur, sən də burda nağıl söyləmək istəmirsən, - deyib kişinin o yan-bu yanında fırlanmağa başladıq.

- Yaxşı, siz deyən olsun. Ancaq diqqətlə qulaq asın.

Odunu çırtaçırtla yanıb ətrafa qığılcımlar səpələyən buxarının yanında bir uzun taxt qoyulmuşdu. Atam taxtın üstündə bardaş qurub oturdu. Biz də onun ətrafıda söykəndik.

Ən balacamız başını atamın dizinə söykəyərək, üzünü əlləri arasına alıb, moruq kimi qap-qara, şəvə kimi zil-qara gözlərini kişinin ağzına zillədi: elə bil nağıla doğrudan da qulaq asacaqdı. Halbuki o da, ondan bir yaş böyük qardaşım da elə bir-iki kəlmədən sonra dərhal şirin yuxuya gedirdilər.

Atam nağılına belə başladı:

Mən əvvəllər də sizə dönə-dönə nəql eləmişəm ki, iranlılar bizim ölkəmizə çox düşmənçilik edirmişlər.

Bizə rahatlıq vermir, gah bu yandan, gah o yandan basqına gəlir, biz də nə ki, bacarırdıq, gücümüz nəyə çatırdısa onlara qarşı mübarizə aparır, vuruşurduq.

Hamı Vətənini sevərdi, mənim balalarım, Vətən darda olanda onun müdafiəsindən boyun qaçıran çətin tapılardı.

Vətən uğrunda çoxları canından keçər, çoxları vuruşmalarda ad-san qazanar, çoxları öz igidlikləri ilə ürəklərdə əbədi məskən salardılar. Bax, indi sizə belə igidlərdən biri barədə hekayə danışacağam. Siz bu hekayəni yadınızda yaxşı saxlayın.

II

Bir vaxt bizim Kartli çarı on birinci Giorgi adlı padşahımız varmış. O zaman qızılbaşların padşahı Şah Sultan Hüseyn imiş.

Bu padşah böyük qoşunla öz sərkərdəsini bizim üstümüzə göndərir ki, Gürcüstanı zəbt edib öz torpaqlarına qatsın. Bizimkilər də o saat qoşun toplayıb düşmənə qarşı müharibəyə qalxırlar. Bir-birinə düşmən olan iki qoşun üz-üzə dayanır.

Bir tərəfdə qızılbaşlar, o biri tərəfdə isə gürcülər. Dava başlanır. Davanm necə qurtarması barədə söhbət son-raya qalsın. Bu, uzun əhvalatdır. Mən bu vuruşmadan sizə yalnız bir əhvalat danışacağam.

Döyüşün qızğın çağında qızılbaşlardan bir nəfər qoşundan ayrılıb atını lap bizim tərəfə sürərək təkbaşına meydan sulamağa başlayır. Cıdıra çıxmış kimi atını bizimkilərin gözləri qarşısında elədən-elə, belədən-belə səyirdərək döyüşməyə adam istəyir. Qızılbaşın bu hərəkəti bizimkilərin qəlbinə toxunur.

- Bir ona baxın, ona, görün, necə də özündən çıxır! Olmaya bizi adam yerinə qoymayır, niyə belə qorxub çəkinmədən ortada gərdiş edir,- deyə bizimkilər ordan-burdan səslənirlər.

Bizim qoşundan bir nəfər gənc atını mahmızlayıb düz qızılbaş əsgərinin qarşısına sürür. Qızılbaş nizəsini gəncin sinəsinə sancaraq atdan salır və cəsədini torpağa sərir.

- Onun qanını yerdə qoysam, bu papaq mənə haram olsun, anamdan əmdiyim süd mənə haram olsun, burnumdan gəlsin, - başqa bir nəfər çığırıb atını dərhal qızılbaş əsgərin üstünə sürür. Qızılbaş onu da atdan salaraq, qələbədən ruhlanıb meydanda daha həvəslə at oynatmağa başlayır. İranlı üçüncünü, dördüncünü, beşincini də beləcə qırıb tökür. Bir-birindən cəsur və igid oğlanları həyatdan məhrum edir. Gürcülər daha da narahat olmağa başlayırlar: “Bu namusu necə qəbul edək, geri nə adla qayıdaq”. Bilməyirlər nə etsinlər. Hamı qorxudan sükuta qərq olur. Döyüşə çıxmağa heç kəs cürət etmir. Qızılbaş isə atmı meydanda oynadır, cıdıra çıxmış kimi var-gəl edir, bu qədər gürcünü eyninə də almır.

- Nikoloz haradadır, Nikoloz! - gürcülər çığırışırlar. — Əlac eləsə, yalnız o edəcək, yoxsa bu iranlı bizim hamımıza arvad ləçəyi bağlatdırıb evə yola salacaq.

- Nikoloz Qostaşabişvili, Nikoloz! - Bizimkilər ordan-burdan bağırışırlar.

Sən demə, Qostaşabişvili elə bu zaman davanın qızğın yerində imiş.

Bu bağırtıları eşidib vuruşa ara verir. Bizimkilər onun başına yığışaraq basıldıqlarını danışanda o, çuxasının ətəyi ilə qılıncının qanını təmizləyirmiş. Doğrudur, Qostaşabişvili çox adlı-sanlı igid imiş, lakin o vaxt artıq qocalıq yaxasını tanıyıbmış, qollarında əvvəlki güc, dizində əvvəlki taqət yox imiş.

- Bu qoca vaxtımda onunla döyüşə girməyə məndə qüvvət hardadı, - Qostaşabişvili gənclərə üz tutur, - görmürsünüz, bığ yeri yenicə tərləyib, kişi aslana bənzəyir.

- Beş igidimizi öldürdü, onların qanını yerdə qoyma. O dinsizin qarşısında başımızı aşağı eləmə! - Bizimkilər ona yalvarırlar.

Qostaşabişvili Allahı köməyə çağıra-çağıra yəhərə qalxıb kəhəri mahmızlayır. At sürərək bir göz qırpımında onu düz igidin qarşısına çatdırır.

Qızılbaş nizəsini işə saldıqda, Qostaşabişvili qolunu qabağa verib nizənin ucunu kənara itələyir. O, bunu elə sürətlə edir ki, yerlərdən alqış sədaları qopur.

Qızılbaş ikinci dəfə hücuma keçənədək Qostaşabişvili atını onun üstünə şahə qaldırır, bir-iki güclü zərbə ilə onu atdan salıb ayağa durmağa imkan verməyir. Sonra Qostaşabişvili özü atdan sıçrayıb qızılbaşı ayağa qaldıraraq deyir:

- Qorxma, sənin başını kəsməyəcəyəm. Səni igidliyinə görə bağışlayıram. Sənin kimi igidi öldürmək günahdır. Get, yolun uğurlu olsun.

- Mən də həyatı yalnız və yalnız sənin kimi igiddən peşkəş alardım, - deyə qızılbaş cavab qaytarır, sonra salam verib uzaqlaşır.

1880-ci il

Gürcü dilindən Emin Mahmud tərcümə edib