K.Böyükçöl. AYB-də azad söz deyən bir adam belə, saxlamırlar

Kəramət Böyükçöl

- Yazar Kəramət Böyükçöl Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxarılıb. Bu haqda bu gün AYB məlumat yayıb.

K.Böyükçöl OxuZalına deyib ki, məsələ AYB-nin açıqlamasındakı kimi deyil.

"Orada deyilir ki, guya mənə bir neçə dəfə xəbərdarlıq olunub. Mənə heç bir xəbərdarlıq olunmayıb.

Guya klassikləri təhqir etmişəm. Halbuki, Bəxtiyar Vahabzadə, M.Ə.Sabir haqda yazılarım iki ay bundan əvvəl çap olunub, niyə üzvlükdən indi çıxarılıram?!

Mən Rəşad Məcid haqda bu yaxınlarda yazdığım yazıya görə AYB-dən çıxarılmışam. O, AYB rəhbərliyi qarşısında məsələ qaldırıb ki, ya Kəramət, ya mən. Rəhbərlik də öz katibini qoyub məni seçəsi deyildi."

Kəramət Böyükçöl deyir ki, Rəşad Məcid haqda yazısı moderator.az saytında çap olunub, amma yazı o səhifədən də çıxarılıb.

"AYB üzvü olmaq mənim vecimə deyil. Ora quraqlığa da kölgə salan bir yerdir. AYB üzvü olduğumu eşidənlər mənim istedadıma şübhəylə yanaşırdılar. İndi istedadıma inanarlar.

AYB-də azad, müstəqil söz deyən bir adam belə, yoxdur. Buyruq qulu, böyük-kiçik yeri bilən cavanları saxlayıblar, burada cavanlar da var deyə göstərmək üçün."