Yazıçılar Birliyində nə baş verir?

Namiq Hüseynov

- "Əgər bütün tənqidçilər belə qovulacaqsa onda modernləşmə necə gedəcək, islahatlar necə aparılacaq?"

"Hökümətin gözündə AYB nə öldürməyə, nə də yaşatmağa qıymadığı bir quruma çevrilib. Hökümət onu sadəcə nəylə əvəzləyəcəyini bilmir, ləğv etməksə gərəksiz başağrılara səbəb ola bilər."

Namiq Hüseynli

İntriqalar maraqlıdır. Bəs ədəbiyyat?

Bir müddətdir Azərbaycan Yazıçılar Birliyinin siravi üzvü Kəramət Böyükçöllə, Birliyin gənclər üzrə katibi Rəşad Məcid arasında gedən söz davasını diqqətlə izləyirəm.

Bu intiriqalar həqiqətən maraqlıdır, bəzi yerlərdə bir az həyəcanlı da olur, bəs ədəbiyyat?

İstər-istəməz AYB-nin artıq cılız intriqalar yuvasına çevrildiyini və başqa bir iş görmədiyini müşahidə etməkdəyik.

Açıq-aydın ortadadır, ədəbi proses və yazıçılar özbaşına buraxılıb, yaradıcılıq proseslərini tənzimləməyi üzərinə götürmüş AYB indiki rəhbər tərkibində tamamən yararsız hala düşüb, meydan ədəbiyyatda yox daha çox jurnalistikada tanınan Rəşad Məcidin əlində qalıb.

AYB

Belə anlaşılır, AYB sadəcə idarə edilmir. Sədr Anar (77 yaş) və katib Fikrət Qoca (80 yaş) təşkilatın idarəetmə işlərindən əl götürüb, şəxsi istirahərləri ilə məşğuldurlar.

Hökümətə gəlincə, son illər hiss olunan budur ki, AYB hökümətin diqqətindən tamam kənardadır.

12-ci qurultay. 2014-cü il

Məsəlçün, mərhum prezident Heydər Əliyev sonuncu dəfə AYB-nin X qurultayında iştirak edib.

XI və XII qurultaylarında isə prezident deyil, daha aşağı vəzifəli məmurlar iştirak edirdilər, hətta sonuncu, XII qurultayda hökümət adından təmsil olunan baş nazirin müavini Elçin heç qurultayın sonunu gözləmədən zalı tərk etmişdi.

Hökümətin gözündə AYB nə öldürməyə, nə də yaşatmağa qıymadığı bir quruma çevrilib.

Hökümət onu sadəcə nəylə əvəzləyəcəyini bilmir, ləğv etməksə gərəksiz baş ağrılarına səbəb ola bilər.

Əvəzində isə ortada hökümətin son dövr göstərməyə çalışdığı islahatçı imicinə zidd, sovet stilini bütün qüvvəsi ilə saxlamağa çalışan bir qurum qalıb.

Bizim Konstitusiya hər bir adama azad şəklində fikrini ifadə etmək hüququ verib, amma Rafiq Tağı, Sabir Əhmədli, Əkrəm Əylisli, Şərif Ağayar indi isə Kəramət Böyükçöl üzv olduqları qurumun fəaliyyətini tənqid etdikləri və keçmiş haqda fərqli cür düşündükləri üçün AYB-dən öz iştirakları olmadan çıxarılıblar.

Əgər bütün tənqidçilər belə qovulacaqsa, onda modernləşmə necə gedəcək, islahatlar necə aparılacaq?

Bundan əlavə, keçib gedən onillikdə onlarca gənc və yaşlı AYB üzvü təşkilatın fəaliyyətini qənaətbəxş hesab etmədikləri üçün ordan istefa verib. AYB-nin düşgünləşməsi artıq hamıya məlumdur.

Qonşu Gürcüstanda, Türkiyədə ədəbiyyatın çiçəkləndiyini görmək həqiqətən insana yer eləyir.

Nə üçün onların dünyaya çıxan onlarla yazıçısı var, bizimsə yoxdur? - sualının tək cavabı sovetdən qalma bürokratik AYB təşkilatının hələ də Azərbaycan dövləti tərəfindən qorunub saxlanmasındadır.

Ölkədə islahatlardan dəm vurulduğu halda nədənsə yazıçıların bu rəsmi təşkilatı diqqətlərdən kənarda qalıb.

Məsəlçün, loyallıq göstərərək AYB-yə üzv olub, il ərzində oradan 200 manatlıq təqaüdü alandan sonra ya təşkilatdan istefa verən, ya da sadəcə təşkilatın qapısını unudan onlarca yazarın olması kimə sərf edir.

Hər il dövlət büdcəsindən ayrılmış milyon manatların ədəbiyyatda heç bir iz buraxmayan “Gənc ədiblər” məktəbinə, heç kimin oxumadığı “Azərbaycan”, “Ulduz” kimi jurnallara, hər il tanışlıq, tapşırıqla verilən təqaüdlərə xərclənməsi ədəbiyyatın inkişafına nə verəcək?

Bütün sahələrdə olduğu kimi, ədəbi və mədəni həyatda da modernləşmə qaçılmazdır.

Anarı, yaxud Rəşad Məcidi kiminləsə əvəz etməklə heç nə dəyişməyəcək, sadəcə yeniliyə açıq olmaq və həqiqətən ədəbiyyata xərclənən pulların ölkə üçün nə isə xeyiri olub-olmadığını səmimi şəkildə özündən soruşmaq lazımdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)