Yaşayış binası çöküb

Arxiv fotosu

-

Cəlilabadda yaşayış binası çöküb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərinin Sahil küçəsində qeydə alınıb.

Həmin ərazidə yerləşən ikimərtəbəli, 16 mənzilli yaşayış binasının dayaqlarından biri uçduğundan bina çöküb. Nəticədə yaşayış binası qəzalı vəziyyətə düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Mütəxəssislər binaya baxış keçirərək onun yaşayış üçün təhlükəli olduğunu müəyyənləşdiriblər.

Bundan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müdaxiləsi ilə binada yaşayan 16 ailə köçürülüb. Bu ailələr rayondakı peşə liseyinin həyətində quraşdırılmış müvəqqəti çadırlarda yerləşdirilib. Yaxın günlərdə isə həmin ailələrin liseyin yataqxanasına köçürülməsi nəzərdə tutulub. Bununla bağlı rayon fövqəladə hallar komissiyası tərəfindən lazımi tədbirlər həyata keçirilir.

Qəzalı vəziyyətə düşən yaşayış binası ötən əsrin əvvəllərində inşa olunub və uzun müddətdən bəri təmir edilməyib.