Ailə fotolarını Əlyazmalar İnstitutuna verdi

Eldar Mansurov

-

Tanınmış bəstəkar Eldar Mansurov ailə arxivində olan qiymətli fotoları AMEA M.Füzuli adına Əlyazmalar İnstitutuna təhvil verib.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, bu, ailə arxivində qorunan fotoşəkillərin elektron variantıdır.

Fotolar toplusunda «Mansurovlar» nəslinin tarixinə dair 81 şəkil var.

Eldar Mansurov ailə arxivində saxlanan digər fotoşəkil və sənədlərin sürətlərini də Əlyazmalar İnstitutuna təqdim edəcəyini söz verib.

Bəstəkar həm də bu yaxınlarda çapdan çıxan, tərtibçisi olduğu «Mansurovlar» kitabını da instituta bağışlayıb.

Mansurovlar Azərbaycanın məşhur musiqiçilər nəslidir.

Onların ulu babası Məşədi Məlik Mansurov 1863-cü ildən İçərişəhərdə muğam məclisləri keçirib.

Məşədi Məlik bəy müxtəlif alətlərdə çalıb, muğam bilicisi olub.

Övladları Məşədi Süleyman bəy və Mirzə Mənsur bəy də onun yolunu davam etdiriblər.

Atasından sonra Məşədi Süleyman İçərişəhərdə muğam məclislərini susmağa qoymayıb.

Məşədi Süleyman bəy dövrün tanınmış ziyalılarından sayılıb.

Alman, fransız, ingilis, italyan, rus, fars, türk dillərində danışıb və yazıb.

Tanınmış tarzən Bəhram Mansurov Məşədi Süleymanın oğlu olub.

Bəhram Mansurovun oğlu Eldar Mansurov bu adlı-sanlı nəslin hələ ki, son musiqiçisidir.