FTX-yə meydan oxuyan rəssam

Pyotr Pavlensky-nin aksiyası.

-

«Lyubyankanın yanan qapısı». Bu həftə Rusiyada Federal Təhlükəsizlik Xidməti binasının giriş qapısını yandıran rəssam Pyotr Pavlensky-nin aksiyası belə adlanırdı.

Buna görə saxlanılan aksiyaçı-rəssam məhkəmədən öncə mətbuata deyib: «Lyubyankanın yanan qapısı terror təhlükəsinə əlcək atmaqdır. FTX 146 milyon insan üçün təhlükə daşıyır. Hərbi məhkəmələr istənilən seçim azadlığını boğur. Və bununla mübarizə aparmaq lazımdır, çünki bu yaşamın boğulmasıdır, yaşam uğrunda isə mübarizə aparmağa dəyər».

O, həmçinin «dövlət terrorla mübarizəyə çağırır, mən də bu şəkildə mübarizə aparıram» söyləyib.

Pavlensky-nin sözlərinə görə, onun aksiyası prezident Vladimir Putin-in zorakı şəkildə gerçəkləşdirdiyi «total nəzarət»ə artan ictimai qəzəbin bir illüstrasiyasıdır.

Rəssamın həyat yoldaşı, iki uşaq anası, jurnalist Oksana Shalygina da bu fikirdədir ki, FTX cəmiyyət üçün real təhlükədir. O israrla bildirir ki, radikal rəssamın son addımı xüsusilə aktualdır. Shalygina bunu söylərkən Misir istiqamətində uçan Rusiya təyyarəsinin qəzaya düşməsini, ABŞ və Britaniya rəsmilərinin qəzanı daha çox terror aktı kimi qiymətləndirməsini yada salır.

Noyabrın 9-da Lyubyankada «KQB»nin keçmiş binasının taxta qapılarını yandıran Pyotr Pavlensky Kreml əleyhinə çıxışları ilə tanınır.

Pavlensky-nin gecə saatlarında alovlanan qapı önündə, əlində benzin kanistri tərpənməz duruşunu əks etdirən video sürətlə yayılıb. Həmin videoda rəssam FTX-nin 146 milyon insan üzərindəki hakimiyyətindən və terror metodlarından danışıb.

«O, ÇOXLARININ ETMƏK İSTƏDİYİNİ EDİB»

Bu deyilənlər narahatlıq, qəzəblə yanaşı heyranlıq dolu şərhlərin yazılmasına yol açıb: «Xeyli adam yazır ki, Pyotr çoxunun qəlbinin dərinliklərində etdiyi və sevdiyi işi tutub», - Shalygina deyir. «O bu arzunu sadəcə ifadə edib».

Oksana Shalygina

Pavlensky vandalizmdə ittiham olunur. Ona həbs müddəti kəsilərkən başqa fəaliyyətləri də nəzərə alına bilər. Məsələn, o, keçən il Sankt-Peterburqda başqa fəallarla birlikdə təkər yandırmış və Ukrayna bayraqları yellətmişdi. Bunu Ukraynadakı demokratik etirazların imitasiyası üçün etmişdilər. Amma axırıncı etiraz aksiyası 1998-99-cu illərdə FTX-nin rəhbəri olmuş Putin-in əsəblərinə xüsusilə zərbə vurub.

Pavlensky-nin hədəfi həm də rusiyalıların keçmişdə «KQB» kimi tanınan və sorğu-sual, həbs, repressiyalar simvolu olan bu bina idi.

Əvvəlki etirazlar zamanı o, zaminə buraxılsada, bu dəfə müvəqqəti saxlama təcridxanasında qalmalı oldu. O, vandalizmdə ittiham olunur və ittiham sübuta yetirilərsə, 3 ilə qədər həbs cəzası ala bilər.

Rəssamın arvadı Oksana Shalygina həbs barədə səhər xəbərlərində eşidib. «Buna təəccübləndinizmi» sualına «yox» deyib və əlavə edib: «Mən bilirəm ki, insan nədir və onun bu çıxışları yaradıcılığının bir hissəsidir».

Pavlensky son müsahibələrində hakimiyyəti yaradıcılığının bir hissəsi etmək məqsədindən danışıb. Rəsmi ittihamla bağlı reaksiyasına gəlincə, rəssam mövcud hüquq-məhkəmə sisteminin məntiqinə görə, «terror»da ittiham edilməli olduğunu bildirib.

«Bu hərəkətlər, sadəcə, buraxılış mexanizmi, katalizatordur, sonra baş verəcəklər isə siyasi incəsənətdir» - bunu da Oksana Shalygina söyləyir.