Çox ağır sözlər də demişdi, Səlim eşitməmişdi

Yaşar Bünyad

- "Dedi ki, gərək inahat eləyib açmayaydız, ola bilər, əsgər minaya düşər, tikəsi də ələ gəlməz.., onda neyləsin hökümət, yəqin tabutu beləcə doldurub yiyəsinə göndərirlər. Bu da bir təsəllidi."

Yaşar Bünyad

TABUT

(hekayə)

Deyəsən, metal tabutu ilk dədə görəndə on iki, bəlkə də on üç yaşım olardı.

Onu köhnə “Təcili yardım”dan düşürüb Mirmehdi dayıgilin doqqazının ağzına qoyanda, o, bir tərəfdən, Sənəm xala da o biri tərəfdən qapağı qaynaq edilmiş sirli qutunu barmaqlarıyla oxşuyub ağlayarkən başa düşmüşdüm ki, onlar da mənim kimi belə şey görməyiblər.

Oğlunun ölüm xəbərini eşidəndən gecə-gündüz qurumuş canına vay tutan Sənəm xala indi kirimişdi.

Soyuq tabuta elə sığal çəkirdi, sanki sevimli nənnisində yatmış oğlu Kazıma layla deyirdi. Lap diqqətlə qulaq versəydin, dodağının altında oxuduğu bayatını da eşidərdin. Sənəm xala tabutu yox, balasını oxşuyurdu, onunçün oxuyurdu. Sakit və qəmli...

Mən də uşaq ağlımla fikirləşirdim ki, görəsən, ölünü niyə belə svarkalayıblar? Görəsən, onun içindəki Kazımı da babamın meyidi kimi yuyublar?

Yuyublarsa, dəmir qutuda niyə gizlədiblər? Qulağına, burnuna pambıq tıxıyıblar, ayaqlarını bağlıyıblar?

...Axmaq uşaq fikirlərimdən məni qoparan isə qiyyə oldu - yeri-göyü titrədən qiyyə. Bilmirəm, metalın soyuğumu diksindirdi onu, yoxsa bayatımı kəsərdən düşdü... Bilmirəm.

Onu bilirəm ki, Sənəm xala nə qədər özünü aldatsa da, əzizgiramisinin ayağa qalxlb ona sarılmayacağını hannan-hana dərk elədi, havalı təki tabutdan aralandı, başladı əl götürüb oynamağa.

Lap Kazımın toyunda oynayırmış kimi. Dünyagörmüş kişilərin də matı-qutu qurudu... Arvadların əli ixtiyarsız olaraq açılmış ağızlarına qapandı.

Deyəsən, hamının yazığı gəldi ona. Bəzi arvadlar da qışqırdılar ki, “vaxseey, arvadın başına hava gəlib!” Düz deyirdi arvaddar...

Birdən havalı kimi durdu, dırnaqlarıyla, qanı şırıldayıb axana qədər sifətinin dərisini siyirib atandan sonra tabutu gətirən zabitin üstünə şığıyıb yumruqlarını onun sinəsinə çırpa-çırpa bağıranda ətim ürpəşmişdi:

-Mənim balamı verinnn! Bu mənim uşağım deyil!...Mənim uşağım hanııı?!... Allah tufağuzu dağutsun!...Balamı verin mənə!!! Kazımımı... Ay camaat, neynirəm dəmir qutunu?!..

İndi də onun səsi qulağımda cingildəyir...

Zabit bizim dili başa düşməsə də, ananın fəryadına dözə bilmədi. Kövrəldi. "Matuşka... izvinite, radi boqa...i-i-instruksiya ...ya toje saldat... ya ...ya ne vinavat, ya...”-deyib udqunurdu zabit.

Elə bu vaxt Mirmehdi dayı zabitə yaxinlaşıb hikkəylə bağırdı:

-Ne vinovat?!... Deyirsən ne vinovat, həəə? Taqda...taqda atkrıvay etu karobku! Atkrıvay daaa.

Zabit və onu müşaiyət edən rus əsgərləri çaşıb qaldığından bir-birinə baxdılar. "K-kak?.." - deyib çiyinlərini çəkən zabitin çətin vəziyyətə düşdüyü üzündə yazılmışdı.

Vəzifələri dəfndən sonra yaylım atəşi açacaq əsgərlər isə həqiqətən o qutunun içindəkinin marağındaydılar. Sanki onlar da lehimlənmiş metal tabutu ilk dəfəydi görürdülər.

Zabit Mirmehdi kişiyə başa saldı ki, bizə elə əmr vermiblər, ixtiyarımız yoxdu, aça bilmərik...

Mirmehdi əmi də onun şübhəli danışmasından bir az da ürəklənib bağırdı:

-Aç deyirəm sənə, it oğlu it!...Atkrıvay, atkrıvay dedim sənə!..

Bütün kənd quruyub qalmışdı yerində, zabitin nə edəcəyini gözləyərək cınqırını da çıxaran olmadı bir an. Və qəfil:

-Mən...mən açaram,- deyib, Qulaməli oğul dərdinə tablaşmayan Mirmehdi dayıya yaxınlaşdı. - Özünü üzmə, onun da üstünə getmə, sən Allah!... O da əmr quludu, yazığın günahı nədi?

Qonşumuz Qulaməli dəmirçiydi.Tabuta diqqətlə baxıb dedi ki, onu həyətə aparın, mən bu dəqiqə gəlirəm. Cavanlar tez tabutu qaldırıb Mirmehdi dayının həyətinə apardılar.

Yaman ağır idi görünür. Kiminsə,hıqqana-hıqqana, “elə bil daş yığıblar içinə” dediyini eşitdim.

On-on beş dəqiqə keçmədi ki, Qulaməli də bir yeşık dəmirçi alətiylə həyətə girdi. Kişilərdən ən yaxınları, daha doğrusu, ən ürəkliləri içəridə qalıb darvazanı bağladılar.

Sənəm xalanın qanlı dırnaqları hələ də sifətinə yapışıb qalmışdı. Arvadın cınqırı da çıxmırdı. Biz də maraqla gözləyir, dua edirdik ki, qutunun içindən Kazım çıxmayaydı, yoxsa, bu arvad dəli olacaq!.. Bəlkə Kazımın orda olması yaxşıydı?..

Zabit əsgərləriylə bir yerə yığışıb siqaret tüstülədirdi. Gah onlara , gah da yaşı qurumuş gözlərini darvazaya zilləmiş Sənəm xalaya baxırdım; qurumuşdu yerində, sanki ürəyi dayanmışdı...

Bir saat keçmişdi ki, həyətdə bir vay-şüvən qopdu, hamı “hiiii” deyib içini çəkdi. Bu tükürpədici səs keçən yaz istədiyi oğlana verilmədiyindən üstünə benzin töküb yandıran bibim qızı Validənin bağırtısının eyniydi...

Darvaza açılan kimi küçədəki kişilər, arvadlar içəri doluşanda əl-ayaq altında qalmayım deyə (boyum balacaydı), divara dırmaşdım.

Mirmehdi dayıgilin həyəti millətnən doldu. Tərslikdən hasarın üstündən də heç nə sezə bilmirdim. Bayaq eşitdiyim inilti, zarıltı daha da çoxaldı. Camaatı dəhşətə gətirən nə idisə onu görmək istəyi məni adamları yara-yara konserva qapağı kimi kəsilib yarıya qatlanmış qutunun qənşərinə gətirdi.

Tabutu iri dəmir mizin üstünə qoyduqlarından içindəkini görə bilməsəm də, çatan kimi, dırnaqlarını sifətinin ətinə sancıb bir çəngə ət qopardan Sənəm xala elə bağırdı ki, bayaqdan papiros tüstülədən əsgərlər də qaçaraq tabuta yaxınlaşdı.

-Bəs Kazımım hanııı, a canı yanmışlar, hanı mənim ciyərparaaam?!...Ölübsə, ölüsünü neyliblər, həəə?!

Hə, indi başa düşdüm ki, qutudakı Kazım deyil. Yəni Allah bizim duamızı eşitmişdi? Yəqin ki, eşidib, yoxsa, tabutun içindən Sənəm xalanın oğlu çıxardı da?!

...İndi hamı bir şey fikirləşirdi: yaxşı, qurban olduğum duamızı eşidibsə, yeşikdən Kazımın ölüsü çıxmıbsa, doğrudan, bəs Kazım özü hanı? Ən qəribəsi də o idi ki, oğlunun meyidini görməyən Sənəm xala sevinmək əvəzinə üzünə od tuturdu. Göz yaşını da bir tərəfdən saxlamaq olmurdu.

-Vot eto daa!..

Zabitin gözü kəlləsinə çıxmışdı. Heyrətdənmi, qorxudanmı gah tabuta, gah da camaata baxıb eləcə təkrar edirdi:

-Vot eto daa!...

Ağsaqqallar topalaşıb Mirmehdi əmini sakitləşdirirdilər ki, Allaha şükür, Kazımın ölüm xəbəri yalanmış!

Zabit raykomun göstərişiylə üzüm yığımında təhkimçi olduğundan dəfn mərasiminə gecikən rayon “vayenkom”unun nümayəndəsinə işin nə yerdə olduğunu başa saldı.

Başa saldı ki, bizim vəzifəmiz aeroportdan tabutu təhvil alıb ünvanına çatdırmaq, dəfn mərasimində əsgərin şərəfinə yaylım atəşi açmaqdı, başqa heç nə.

Tabutun içindən hərbi forma geydirilmiş şalban çıxmasını birinci dəfədi görür, daha doğrusu, birinci dəfəydi ki, tabutu açıb içinə baxırdılar.

Hamı çaş-baş qalmışdı.Kimsə dedi ki, vallah bu pis əlamətdi. Uşağın qəbrinin ağzı on gündü açıq qalıb, bir yandan da şalban...

Bu hökümətin əsgərinin uçotu-muçotu var axı?! Ola bilməz ki, Kazım ölməyə, ancaq tabut göndərələr qapısına. Burda nəsə var...

Ələsgər müəllim adəti üzrə çoxbilmişdiyin göstərirmiş kimi ağzını açan təki hamının üstünə qaynar su səpdi elə bil. Dedi ki, gərək inahat eləyib açmayaydız, ola bilər, əsgər minaya düşər, tikəsi də ələ gəlməz.., onda neyləsin hökümət, yəqin tabutu beləcə doldurub yiyəsinə göndərirlər. Bu da bir təsəllidi.

Elə bunu demişdi, Sənəm xala “ay Brejnev, evün yıxılsın.., balon qabağuva döşənsün!.. Döşənsün qabağuvaaa!..” deyib bir qıyya çəkdi, bir ağız açdı ki, öz səsinin vahiməsindənmi, yoxsa tikəsi ələ gəlməyən birdənəsinin öldüyünə əminlikdənmi qəşş eləyib quru torpağın üstünə sərələndi...

***

Yaşar Bünyad

Gör nə qədər vaxt ötmüşdü o vaxtdan. Nə qədər qoca, cavan köçmüşdü dünyadan.

Bəlkə də o səsin ağrısı, o fəryadın cingiltisi çoxunun xatirindən də silinmişdi.

Hətta oğlunun ölümüylə barışsa da, Kazımın təkcə hərbi forması olan metal tabut dəfn olmuş məzarı başında səssiz-səmirsiz nalə döyən, göz yaşı qurumuş Sənəm xalanın da.

Amma indi, bürküdən boğula-boğula, köhnə “RAF” in içində, Rusiya-Azərbaycan sərhəddini keçərkən, nədənsə uşaq vaxtı bütün vücudumu silkələyən o ah-nalə yenidən qulağıma dolmağa başladı.

Yuxusuzluqdan şişmiş gözlərimi ovucumun içində ovxalaya-ovxalaya darısqal salona göz gəzdirib səs sahiblərini axtarıram. Səslər çox tanışdı; bibim Əfruzun, Sahilənin, balaca Damlanın...

İlahi, yeddi yaşlı uşaq da ağız açıb, diz döyərmiş?! Yəni Damla atasını düz-əməlli tanıyırdı kii? Heç Sahiləni demirəm. Bircə ilin gəliniydi.Bircə qarın doğmuşdu. Diləfruz nənə demiş, bir üzü qız, bir üzü gəlindi...

Səslər gah uzaqdan gəlir, gah qulağımın dibindəcə guruldayır, gah da çilik-çilik olub tökülürdü ayağımın altına... Səslər məni dəli edir. Nəsə axtarırmış kimi bir də darısqal salona göz gəzdirirəm; on iki saat dayanmadan maşın sürən, yol boyu allahın bir kəlməsin də kəsməyən, elə hey başını yırğalayan sürücü Qoçunu görürəm; sərhədçilərin təkər üstü taxta zastavası, at arabasıyla, köhnə “QAZ-24”lərlə Dağıstana mal daşıyan alverçilərin basabası, indicə sənədlərimizi yoxlayıb beş min rubl “qopardan” kömrükxana işçilərinin başdansovdu tikilmiş yöndəmsiz binası bizdən uzaqlaşdıqca mən bir az da o səslərə yaxınlaşırdım...

***

Nahaq Comərd əminin sözün qulaqardına vurdu Səlim. Kişi dünya görüb, sovetin torpaqların qarışbaqarış gəzib, insanlarına da bələddi deyə nakam qardaşının sonbeşiyi Səlim deyəndə “gedirəm rusyətə”, yalvar-yaxar eləmişdi ki, kişi, hələ əlinin xınası solmayan, cavan, həm də qarnı burnunda boylu arvadını xəstə anasının umuduna qoyub getməz.

Bir az qılığına girib ağzın arayandan sonra özünün, arvadının nişan üzüyünü dəyər-dəyməzə satıb yolpulu etdiyini biləndə təpəsindən tüstü çıxmışdı Comərd əminin.

-Kişilər Qarabağda qan tökür, -demişdi,-namusun qoruyur, sənsə qaçırsan ?! Həm ailəndən, həm də torpağından qaçırsan? Hara?..Əsgərliydə gördüyün başı-götü açıq Valyaların, Qalyaların iyi gəlib burnunva?...Oğraş!.. Gorun çatdasun, a qardaş!.. - Axırda da , bəlkə yola gəldi deyə, bəlkə də yandığından əlavə etmişdi ki, əgər eşitməsə,getsə, dayı qayıtmasın buralara. Vsyo!...

Çox ağır sözlər də demişdi, Səlim eşitməmişdi. Eşitməməzliyə vurmuşdu Səlim. Hələ mən də məzəmmət edib Comərd əmiyə qulaq asmasını xahiş edəndə, incimişdi.

-Sən də lap qocalarfason danışırsan e, xaloğlu, - demişdi. - Biryolluq ha getmirəm. Bir az pul qazanıb dönəcəm... Dolana bilmərəm burda.

Dönmədi. Dönə bilmədi, elə bil bataqlığa düşdü Səlim. Sahilə qızını dünyaya gətirdi. Qızın adını da Damla qoydu, böyütdü. Bir gözü yaşlı, biri quru günü-günə, ayı ilə caladı. Anası qubar eləyib öldü, "Başında bir qəzyə var yəqin, yoxsa dönərdi” fikirləşdi zavallı Sahilə.

Beləcə, yeddi il Damlayla birgə için-için ağladı...Damlalar ümmana döndü...

Və bir gün məktub gəldi Sverdlovskdan. Özü də Damlanın ad günündə. Üstündəki möhürdə üç ay əvvəlin tarixi olan solğun, əzik məktub Səlimdən idi. Ad günündə hədiyyə alırmış kimi sevinən Damla açılmamış məktubda üzünü görmədiyi atasının naməlum iyini axtardı. Zərfdən isə rütubətli zirzəmi qoxusu gəlirdi.

Zərfi açmağa məndən özgə heç kəs ürək eləmədi. Kiril əlfbasıyla uç-dörd cümlə yazmışdı Səlim. Ehtiyatla oxuyuram.

“Salam ana.Mən yalançı çıxdım. Əclafam.Məktub yetişibsə , bəsimdi. Bağışla... Bəlkə görüşmək qismət olmadı.”

Vəssalam. Nə Sahilədən, nə uşağından bir kəlmə də...

***

...Bilet alıb Sverdlovska gedəndə, Damla belimə sarılıb, “atam gələcək”- demişdi. Bir də, Comərd əmi, əlləri əsə-əsə,əsasına söykənib kövrəlmişdi:

-Qurbanın olum, ay Əhməd... tap onu.

Səsi titrəyirdi kişinin. Dilinə gətirməyə cəsarəti çatmasa da, “ölüsün də olsa,tap”-demək istədiyini gözlərindən oxumuşdum. Bir də məndən aralananda pıçıltısını eşitmişdimı:

-Dilim yanaydı ağzımda...

“Tapdım, Comərd əmi, tapdım Səlimi... Gətirirəm... Ölümünə çatmadım... Boz çöllükdə, tikan-çayan içində tapdım... Nə bir sinə daşı, nə ad, nə tarix. Taxta başdaşında yazılan 43 nömrəli qəbirdə uyuyurdu...”

Nə zillətnən icazə aldım, qəbrini açdırıb metal tabuta qoydurdum, təyyarəylə gətirməyə o qədər pul istədilər ki, əsasən bazarlarda alver edən azərbaycanlılar, özləri demiş, qulpundan çıxanı verib məni Qoçunun “RAF” iyla yola saldılar; gücləri buna çatırdı dediylərinə görə...

Yol boyu hey fikirləşirdim ki, dünyanın tarazı əyildikcə əyilir, adamların zayı çıxır get-gedə valla, bu necə olan şeydi, camaat ”çörəypulu” deyibən evindən-obasından didərgin düşüb, yəni hərə ancaq canının, öz qarnının hayındadı?

Sonra da öz dediyimə qəmiş qoyuram ki, neynəsin millət axı, nə zillət eləsən; torpaqdan pul çıxmır, zavod-fabrik yox, şəhər də bəyənmir kəndçini, qəbul eləmir, elədiyin də elə hala salır, elə rüzgara qoyur, day deməlisi qalmıb.

Yuxarıda oturanların da nə vecinə - öz qarnını otarmaqla məşquldu, çoxları tək özünü yox ee, nəvə-nəticəsini də düşünür, var-dövlət yığır ki, bizim günümüzə düşməsin.

Ortada kim qalır? Yanan da biz, yaman da...Şillə qabağına da, güllə qabağına da biz kasıbları verirlər... Var-yoxuna lənət, deyirsən - döyürlər, demirsən ...şeyim xiyardı deyənlər çoxalıb ee, bir əncam çəkəni də yox... Səlimin dalısıyca getməzdən bircə ay qabaq iki şəhid gəldi bapbalaca kəndə. İki başdaşından biri qırmızı lentə bürünüb ee, qəbirstanlıqda... Yekəda....ların uşaqları Londonda, nə bilim hansı xarabada “oxuyur”, kef eləyir, bir də gördün gələcək ki, hə, bu kreslo mənim dədəmnən qalıb... Dalı yumşaq kreslolarda qızan qohum-əqrabam olsaydı, nə vardıki... Əşi, olsaydı dedim...

...Yol boyu qulağımda cingildəyən ah-nalə köhnə “RAF” ın rəngi qaçmış qapısında daha gur, daha da yanıqlı eşidiləndə fikirdən yayındım. Ayaqlarım keyiyib, tərpədə bilmirəm ki, tabutu maşından alıb Comərd əminin doqqazınasarı aparan cavanlara əl tutam. Arvadlar diz döyür, kişilər içində göynəyirərək tabutun dalınca həyətə doluşdu...

Bu izdihamdan, ah-nalədən heç nə anlamayan Damla isə camaatı yara-yara həyətdən çıxdı, məni tək görüb bir anlığa darvazanın ağzındaca dayandı, bir mənə, bir maşına baxdı.

Sual dolu baxışlarında qalan ümidini qırmayım deyə, başımı yana çöndərə bildim. Deyəsən, gülümsündü. Və birdən, gizlənpaç oynayan uşaq axtardığını taparmış təki yüyürərək maşına yaxınlaşdısa da, qəfil dayandı.

Arxaya çevrilib mənə bir də baxdı, elə bil nəsə soruşmaq istədi, amma nəzərimi ondan gizlətdiyimi hiss edib özünü toparladı, pəncərələri torpaq yolun tozanağında boğulmuş maşının içinə boylandı...