-
Noyabrın 20-də Rusiya parlamentinin hər iki palatası birgə sessiya keçirəcək və terrorçuluqla mübarizə tədbirlərini müzakirə edəcək.
Rusiya xəbər agentlikləri bir qanun layihəsinə istinad edərək yazırlar ki, Dövlət Duması və Federasiya Şurasının üzvləri terrorçular, hücumlara yardım edən və ya maliyyələşdirənlər üçün daha sərt cəzalar tələb edirlər.
İctimai yerlərdə, ictimai nəqliyyatda təhlükəsizliyin artırılması da müzakirə olunacaq. Interfax yazır ki, Rusiya miqrasiya siyasəti də sərtləşdirilə bilər.
Parlament üzvü Sergei Mironov deyib ki, terrorçulara ölüm cəzası kəsilməsini təklif edəcək.
Ötən həftə Parisdə terror hücumlarında 129 nəfər həlak olub. Oktyabrın 31-də Misirdə Rusiya təyyarəsinin isə bomba ilə partladıldığı təsdiqlənib. Təyyarədəki 224 nəfər həlak olmuşdu. İD hər iki hücuma görə məsuliyyəti üzərinə götürüb.