İldırım gurultusu və eşq

Kate Chopin

- "O, bir qadın kimi ərinə sədaqətli idi, ancaq bir müddət o, hər şeyi unutmaq istəyirdi."

Kate Chopin (1850-1904)

Sevil Gültənin tərcüməsində

TUFAN


I

Ağacların bircə yarpağı da tərpənmirdi. Hətta balaca Bibi də tezliklə güclü yağış yağacağını hiss etmişdi.

Bobint bir qayda olaraq oğluyla istənilən mövzuda söhbət etməyə adət etmişdi, indi də oğlunun diqqətini göyün üzünü bürüyən qara buludlara yönəltdi.

Onlar Fredheimerin dükanındaydılar, qərara aldılar ki, tufan gəlib keçənə qədər orda oturub gözləsinlər.

Qapının ağzındakı balaca boş çəlləyin üstündə oturdular.

Bibinin dörd yaşı vardı, o ağıllı uşaq idi.

- Bilirəm, anam qorxacaq,- o qəmli-qəmli dedi.

- O evin qapısını bağlayacaq. Ola bilsin ki, bu axşam Silviye də bizdədir, ona kömək etməyə gəlib,- Bobint arxayın-arxayın cavab verdi.

- Yox, Silviye bu gün bizə gəlməyib, o, dünən gəlmişdi,- Bibi dedi.

Bobint ayağa durdu, piştaxtaya yaxnlaşıb bir konserv aldı - xərçəng. Kalixta bu konservi çox xoşlayırdı.

Bobint təzədən gəlib çəlləyin üstündə oturdu. Tufan başlayana qədər konservi də əlində saxladı. Tufan taxta dükanı silkələdi. Bir az aralıda tarlann üstündə ildırım zolaqları görünürdü. Bibi balaca əlini atasının dizi üstünə qoymuşdu, o, qorxmurdu.

II

Evdə olan Kalxita əri və oğlu üçün narahat deyildi. O, pəncərənin qabağında oturub tikiş maşınında nəsə tikirdi. Başı elə qarışımışdı ki, hətta yaxınlaşmaqda olan tufanı da hiss etmirdi. Hərdən dayanıb alnının tərini silirdi.

Nədənsə istilənmişdi, ona görə də boğazlı donunun yaxasını açdı. Birdən-birə havanın qaraldığını görüb tufan olacağını bldi, tez ayağa durub pəncərələri və qapını bağladı.

Bobintin paltarlarını yuyub eyvandakı ipə sərmişdi ki, qurusun. Yağış başlamazdan qabaq gedib paltarları götürməyə tələsdi.

Elə evdən çıxmışdı ki, Alce Laballire atın belində darvazanın ağzında göründü. Ərə gedəndən sonra onu tez-tez, həm də tək görməmişdi.

Kalxita elə eyvanda dayandı, Bobintin paltarları da qolunun üstündə. Bu vaxt yağış başladı, iri damcılar üstünə düşdü. Alce həyətə girdi və atını toyuqların daldalandığı yerə - kotanın, malanın yanna çəkdi.

- Kalxita, tufan kəsənə kimi gəlib sizin eyvanda gözləyə bilərəm?- o dedi.

- Buyurun, cənab Alce!

Həm Alcenin səsi, həm də öz səsi onu diksindirdi. Qolunun üstündəki Bobintin jiletindən möhkəm tutdu. Alce şalvarının ətəyini yuxarı çəkib eyvana çıxdı. Külək Bibinin ipdən sallanan toxunma jiletini aparanda əl atıb jileti qamarladı.

Hiss olunurdu ki, o, eyvanda dayanmaq istəyir. Ancaq az sonra məlum oldu ki, eyvanda durmaq qeyri-mümkündür. Külək dolunu onun üzünə çırpırdı. Ona görə də o otağa girib qapını bağladı. Hətta qapının arxasına bir şey qoymaq lazım idi, çünki külək qapını açırdı.

- Aman Allah! Necə güclü yağış yağır! İki ildən çoxdr ki, belə yağış yağmır,- Kalxita həyəcanla dedi. O, köhnə-kürüş paltarları bürmələyib qapının altına qoymaq istəyəndə Alce də ona kömək elədi.

O, beş il əvvəl, ərə getməzdən qabaqkına nisbətən indi bir az kökəlmişdi. Ancaq təravətini itirməmişdi. Mavi gözləri əvvəlki kimiydi. Küləyin pırtlaşdırdığı sarı saçları o vaxtkına nisbətən bir az qısa idi.

Dolu evin damını döyəcləyirdi. İndi onlar qonaq otağındaydılar. Bu otaq yataq otağına biitişik idi. Yataq otağında taxtın yanında Bibinin balaca çarpaysı qoyulmişdu. Pəncərələri qalın pərdələri, iri, ağ taxt bu otağı sirli göstərirdi.

İçəri girən kimi Alce kresloda oturdu, Kalxita isə döşəməyə tökülmüş parça qırıntılarını yığmağa başladı.

- Əgər belə davam etsə hər tərəfi su basacaq, çayın bəndi yarılacaq?- Kalxita dedi.

- Sən niyə bəndin yarılmasının dərdini çəkirsən?- Alce soruşdu.

- Niyə narahat olmayım? Əgər Fredheimerin dükanından çıxıblarsa, Bobintlə Bibi belə bir tufanda bayırdadırlar.

- Kalxita, gəl ümid edək ki, Bobint dükandan çıxmayıb hələ. O, ağılsız deyil ki, belə güclü yağışda yola çıxsın.

Kalxita gedib pəncərənin qabağında dayandı, narahat halda çölə baxmağa başladı. Pəncərənin şüşələrini əliylə sildi. Rütubət olduğundan şüşələr nəmliydi.

"Ənənə və önyarğının aşağı səviyyəsi üzərində süzmək istəyən quşun qanadları güclü gərək" Kate Chopin

Otaq həm də çox bürkü idi. Alce ayağa durub pəncərənin yanına gəldi, orda durub Kalxitanın çiyni üstündən çölə baxmağa başladı.

Uzaqda görünən meşə dumana bürünmüşdü. İldırım çaxırdı, ara vermədən.

Tarlanın aşağısındakı yasəmən ağacına deyəsən, ildırım düşdü. Parıltı az qala adamı kor edirdi.

Kalxita əllərini üzünə tutub qışqırdı. Geri çəkildi. Alce onun qolundan tutdu, bir anlıq da olsa onu özünə tərəf çəkdi.

- Əlini çək,- Kalxita onun əlini geri itələyib dedi. - İndi ildırım evə düşəcək. Kaş Bibinin harda olduğunu biləydim.

O, özünü ələ ala blmirdi, bir yerdə dayanmırdı.

Alce onun çiyinlərinini qucaqlayıb üzünə baxdı.

Kalxitanın titrəyən isti bədəniylə təmas onu keçmişə, ona dəlicəsinə vurulıduğu vaxtlara apardı.

- Kalxita,- o dedi.- Qorxma! Heç nə olmayacaq! İldırım evə düşməz, alçaqdır. Bir gör nə qədər hündür ağaclar var! Bax, orda! Sakitləşmirsən? De görüm, sakitləşmirsən?

Alce onun üzünə düşən saçını bir az geri elədi. Kalxitanın üzü də istiydi. Onun dodaqları nar dənələri kimi qırmızı idi. Ağappaq boynu, iri döşləri Alcenin huşunu başından aldı. Kalxita qorxa-qorxa mavi gözlərini Alcenin üzünə dikdi.

Bu baxışlar içində baş qaldıran arzunu gizlədə bilmirdi. Alce onun gözlərinə baxdı. Heç nə etmədi, yalnız onun dodaqlarından öpdü. Bu öpüş ona bayram günündə onu öpdüyünü xatırlatdı:

- O günü xatırlayırsan, Kalxita? – Alce ehtirasla pıçıldadı.

Ah! Kalxita da o günü xatırlayırmış! Həmin gün Alce onu dəfələrlə, dəfələrlə öpmüşdü. Kalxita indi də onun qolları arasında göyərçin kimi çırpınırdı. İndi onun dodaqları daha dadlıydı, ağ boynu, ağ sinəsi daha şirin idi.

Onlar tufanı unutmuşdular. Göy gutultusunu eşidəndə Kalxita yalnız gülürdü-Alcenin qolları arasında. O, indi üstündə uzandığı ağ taxt kimi sehrli görünürdü. Onun titrəyən bədəni yasəmən kimi ətirli idi.

Alce sinəsinə toxunanda Kalxitanın bədəni əsdi. Ehtirasdan ağzını yuma bilmədi. Alce ona sahib olandan sonra onun döşləri “sərhəd” xəttini keçib bir-birinə toxundular.

Alcenin ürəyi onun sinəsi üstündə çəkic kimi döyünürdü. Kalxita bir əliylə onun əlindən tutmuşdu-dodaqları da onun alnında. O biri əliylə onun əzələli çiynindən tutmuşdu.

İndi ildırım gurultusu uzaqdan gəlirdi. Tufan ötüb keçmişdi. Yağış çınqılları yavaş-yavaş döyəcləyirdi. Sanki yağış onları mürgüləməyə çağırırdı. Ancaq onlar yuxuya təslim olmadılar.

III

Yağış

Yağış kəsmişdi. Günəş şüaları altında yaşıllıq qiymətli daş kimi parlayırdı.

Kalxita eyvanda dayanıb darvazadan çıxan Alceyə baxırdı.

Alce atına minib ona baxdı, gülümsədi. Kalxita da gülümsədi.

Bobintlə Bibi palçıqda tarlanın içiylə evə tərəf gəlirdilər.

- Bibi, anana nə deyəcəksən? Gərək bu təzə şalvarını geyməzdin! Bir şalvarına bax! Köynəyindəki palçığa bax! Bibi, necə olub ki, palçıq köynəyinin yaxasına düşüb? Sənin kimi pinti uşaq görməmişəm!

Palçıqda güclə yeriyib evə sarı gedən Bobint qayğılı görünürdü. Hərdən o çubuq götürüb Bibinin ayaqqabısının altındakı palçığı təmizləyirdi.

Nəhayət, onlar darvazaya çatdılar.

Kalxita şam yeməyi hazırlayırdı. Stol açmış, kofe süzürdü. Onlar içəri girəndə dik atıldı.

- Ah, Bobint! Qayıtdınız? Nə yaxşı! Çox narahat idim! Siz yağışda hardaydınız? Neyləyirdiniz? Bibi? İslanmısan? Sənə heç nə olmayıb?

İndi o, Bibini qucaqlayıb təkrar-təkrar öpürdü. Yol boyunca Bobint ona deyəcəyi sözləri götür-qoy etmişdi, indi o sözləri ifadə edə bilmirdi. Kalxita onları sağ-salamat görüb üst-başlarının palçığına fikir vermirdi.

- Kalxita, mən sənə xərçəng konservi almışam, - Bobint dedi və qoltuq cibindən konservi çıxardıb stolun üstünə qoydu

- Xərçəng konservi! Sən necə də diqqətlisən! Biz bu gecə bayram edəcəyik! Bəh-bəh!

Bobint və Bibi stol arxasına keçdilər. Hər üçü stol arxasında olanda iştahla yeyir, deyib-gülürdülər, hətta onların səsi Alce Laballirenin də evinə çatardı.

IV

İllüstrasiya

Həmin gecə Alce Laballire arvadı Klarisseyə məktub yazdı. Bu, sevgi məktubu idi, xoş sözlərlə dolu.

O, arvadına yazdı ki, evə qayıtmağa heç də tələsməsin.

Əgər Biloksini bəyənirsə, uşaqlar da oranı xoşlayırsa hələ bir ay da orda qala bilərlər.

Yazdı ki, onlar üçün çox darıxsa da vəziyyəti yaxşıdır, onların sağlamlığı xətrinə hər uzun intizara dözməyə gücü çatar.

V

Klarisseyə gəldikdə isə, o, ərinin məktubunu alanda sevindi. Biloksidə onun günləri yaxşı keçirdi, uşaqlar da oranı xoşlayırdılar.

Ordakı adamlar da çox yaxşıydı. Onun köhnə dostları və tanışları da istirahət mərkəzində idi.

Ərə gedəndən sonra ilk dəfə olaraq qızlıq çağlarındakı kimi azadlıq əldə etmişdi.

O, bir qadın kimi ərinə sədaqətli idi, ancaq bir müddət o, hər şeyi unutmaq istəyirdi.

Beləliklə də, tufan ötüb keçdi, hər kəs xoşbəxt idi.