Əfsanəvi müğənni bu dəfə Vyanada anıldı

Rəşid Behbudov (1915-1989)

-

Vyanada əfsanəvi müğənni Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, avstriyalı musiqisevərlər və soydaşlarımız iştirak ediblər.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq, qonaqlara Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında məlumat verib. L.Qasımova Rəşid Behbudovun Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardan biri olduğunu deyib.
Konsertdə «La Skala» akademiyasının solisti, tenor Azər Rzazadə Rəşid Behbudovun repertuarına daxil olan unudulmaz mahnıları, eləcə də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

Onu fortepianoda Azərbaycanın görkəmli pianoçusu Fərhad Bədəlbəyli müşayiət edib.

Konsertdə F.Bədəlbəyli və beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev fortepianoda bir sıra əsərlər ifa ediblər.

Rəşid Behbudovun ifa etdiyi ən məşhur mahnılardan bir neçəsinin videogörüntüsü də nümayiş etdirilib.