«Pul tələsinə düşən milyonlar…»

Kredit tələsi

-

«Bizim yol» «Pul tələsinə düşən milyonlar…»dan bəhs edir.

Qəzet yazır ki, Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var..

Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, bu sahədə olan problemlərin əsas səbəbi kredit faizlərinin həddindən artıq yüksək olmasıdır.

«Bizim kimi ölkələrdə 22-25 faiz gəlirlə işləyən strukturlar formalaşdırmaq qeyri-mümkündür. Hətta ən aparıcı ölkələrdə belə söylədiyimiz rəqəmlər çox kiçikdir. Əlbəttə ki, transmilli korporasiyalar, o cümlədən «Apple», «Microsoft» kimi şirkətlərin dövriyyəsini bizə misal kimi göstərib cavab vermək yanlış olar. Bizim ölkədə istər istehsalat, istər başqa xarakterli müəssisələr yaradılması, başqa sahələr uzaqbaşı 7 faizlik gəlirlə işləyə bilər. Belə olan təqdirdə, banklar əmtəəsi olan pulu necə bu qədər baha sata bilərlər? Pulun bu cür baha satılması da o ağır nəticələr doğuracaqdı. Vətəndaşlar üzərində elə bir soyğunçuluq həyata keçirildi ki, nəticədə bunun zərbəsi bankların özünə də dəydi. Çünki mahiyyət etibarilə banklar yalnız müştərilərinin hesabına çalışa bilərdilər. Bankların digər xidmətlərindən əldə etdikləri gəlirlər isə külli-miqdarda deyildi» - deyə Zahid Oruc bildirib.

Müzəffər Baxışov

PROKURORLUĞUN MTN AÇIQLAMASI GERÇƏKDİRMİ?

«Prokurorluğun MTN açıqlaması gerçəkdirmi?» – «Azadlıq» sual edir.

Qəzetə danışan hüquqşünas Müzəffər Baxışov bildirib ki, MTN-də baş verən qanun pozuntuları ilə bağlı 57 zərərçəkmiş şəxsin tanındığı qeyd olunur. Burada təəccüblü odur ki, Azərbaycan ictimaiyyəti bununla razılaşmır və bəyan edir ki, bu cinayət işində yüzlərlə zərərçəkən olmalıdır.

M.Baxışovun fikrincə, Azərbaycan kimi qeyri-hüquqa söykənən dövlətlərdə istintaqa bir qayda olaraq qeyri-qanuni göstərişlər verilir. Əgər belə bir göstəriş varsa, onlar zərərçəkmiş kimi tanınmayacaq: «Bəlkə də bir qisim zərərçəkən müraciət etməkdən çəkinirlər. 37-ci il repressiyaları kimi hələ də dərk edə bilmirlər ki, MTN-in əməkdaşları barəsində dövlət hər hansı tədbir görür. Digər tərəfdən, bəlkə də müraciət etməyən zərərçəkmişlərin özlərinin də qanunsuz hərəkətləri mövcuddur və onlar belə düşünürlər ki, onlar da müraciət etsələr, qanunsuz hərəkətləri ortaya çıxa bilər».

Elxan Şahinoğlu

TÜRKİYƏNİN BAŞ DİPLOMATININ BAKI SƏFƏRİNİN PƏRDƏARXASI

«Yeni Müsavat» «Türkiyənin baş diplomatının Bakı səfərinin pərdəarxası»ndan yazır.

Politoloq Elxan Şahinoğlu qəzetə deyib ki, Türkiyənin xarici işlər nazirinin Bakı səfəri sıradan bir hadisə deyil: «Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Ankara rəsmi Bakıdan qətiyyət gözləyir. Qətiyyət o demək deyil ki, Azərbaycan XİN təyyarənin vurulmasında Türkiyənin mövqeyini müdafiə edən bəyanat yaysın. Qətiyyət odur ki, rəsmi Bakı Kremldən çəkinməsin, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına, birgə hərbi təlimlərə ara verməsin. Əks halda, bu, rəsmi Bakının həm Ankaraya, həm də elə Moskvaya yanlış mesajı olar. Aydındır ki, təyyarənin vurulması fonunda Ermənistan hakimiyyəti cəbhə bölgəsində təxribat yaratmaqla Rusiya diplomatiyasının və hərbi maşının Azərbaycana qarşı istifadəyə həvəsləndirəcək. Türkiyənin xarici işlər nazirinin Bakıya səfəri Yerəvanla Moskvaya mesajdır ki, odla oynamasınlar».

Nardaranda etiraz.

«RADİKAL EKSTREMİSTLƏR ZƏRƏRSİZLƏŞDİRİLDİ»

«Azərbaycan» qəzetinin Nardaran hadisələri ilə bağlı yazısı belə adlanır.

«Baş verən hadisə ölkə ictimaiyyətinin ciddi narahatçılığına səbəb olmuş və hər kəs hesab edir ki, hüquq-mühafizə orqanları Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu qəddar canilərə və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, ölkə vətəndaşlarını azğınlaşmış ekstremistlərin təhdidindən qorumaq üçün zəruri tədbirləri davam etdirməlidir», - qəzet iddia edir.

Qəzet sonda yazır ki, bu gün dünyada baş verən xoşagəlməz hadisələrdən özünü qoruyan Azərbaycan güclü dövlət olduğunu nümayiş etdirir. Ona görə də heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq cəhdi baş tutmayacaq: «Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar. Bu, Azərbaycan xalqının tələbidir».

Digər qəzetlərsə Nardaranla bağlı daha çox xronikanı təqdim ediblər.