Uşağa baxmaq dəhşətdir! Mənə uşaqlardan söz etməyin!

İllüstrasiya

-

"İri bir plantasıyanı idarə etmək mənimçün bu dörd uşağa baxmaqdan qat-qat asandır."

Kate Chopin (Keyt Şopen)

İngiliscədən tərcümə: Sevil Gültən

Peşmançılıq

Kate Chopin

Mamzelle Aurlie gözəl bədən quruluşuna malik, al yanaqları, yavaş-yavaş ağarmağa başlayan qəhvəyi saçlı bir qadın idi.

Fermada işləyəndə o, həmişə kşi papağı qoyar, soyuq olanda isə köhnə, mavi rəngli əsgər şineli, bəzi vaxtlarda isə uzunboğaz çəkmə geyərdi.

Mamzelle Aurlie heç vaxt ailə qurmaq haqda düşünməmişdi. O, heç vaxt sevməmişdi. İyirmi yaşı olanda o, evlilik təklifi almışdı və bu təklifi rədd etmişdi. Əlli yaşına qədər verdiyi bu qərardan heç vaxt peşman olmamışdı.

Ponto adlı itindn, fermadakı komada yaşayan, əkin-biçinlə məşğul olan zəncilərdən, ev quşlarından, bir neçə inəyindən, bir cüt qatırından, tüfəngindən, (o bu tüfənglə cücələrini aparan qırğıları vururdu) və Tanrısından başqa bu dünyada onun heç kimi yox idi.

Bir səhər Mamzelli Aurlie əlləri belində, eyvanda dayanıb bir dəstə uşağa baxırdı. Elə bil onlar qəfildən göydən düşmüşdülər, onların gəlişi gözlənilməz və arzuolunmaz vaxta təsadüf edirdi.

Bu uşaqlar onun yaxın qonşusu Odilenin uşaqları idi. Düzünə qalsa, o, heç də yaxın qonşu deylidi.

Beş dəqiqə əvvəl gənc qadın dörd uşağıyla birgə onlara gəlmişdi. Balaca Lodieni qucağına almışdı, o biri əliylə Ti Nommeni sürüyürdü, Marklin və Marklet isə könülsüz–könülsüz onun arxasıyca gəlirdilər.

Qadının gözləri ağlamaqdan şişmiş, üzü qızarmışdı. Anası ağır xəstə olduğuna görə onu yaxınlıqdakı kilsəyə çağırmışdılar. Əri Texasda idi, ona elə gəlirdi ki, əri ondan neçə milyon mil uzaqdadır. Stansiyaya getmək üçün Valsin eşşək arabasyla onu gözləyirdi.

- Mamzelle Aurlie, sizdən bircə xahişim var, mən qayıdana kimi uşaqlarıma baxın. Allah şahiddir ki, başqa çıxış yolum yoxdur, yoxsa heç vaxt sizi narahat etməzdim. Onlara öz uşağınız kimi baxın, elə bilin öz uşaqlarınızdır. Bu uşaqlarla getsəm ağlımı itirərəm, Lon da evdə yoxdur, kim bilir, bəlkə yazıq anamı da sağ görə bilməyəcəm.

Belə gümanla da Odile öz bədbəxt uşaqlarını tərk edib getməli oldu.

Odile uşaqları uzun, alçaq komanın qarşısındakı ensiz kölgəlikdə qoyub getdi. Günəşin parlaq şüaları evin pilləkəninin köhnə kafelinə şəfəq saçır, bir neçə cücə də pilləkənin dibindəki otları dimdikləyirdi: cücələrdən biri cəsarət edib bir-bir pilləkənləri qalxaraq, məqsədiz şəkildə eyvana çıxırdı.

Havadan qərənfillərin xoş ətri gəlirdi, artıq çiçək açmış pambıq kolları arasından qaradərililərin gülüş səsləri eşidilirdi.

Mamzelle Aurlie sakitcə dayanıb uşaqlara baxır, götür-qoy edir, belinə toppuş Lodieni götürən Marklinə baxırdı. Eyni sınayıcı baxışlarla için-için ağlayan Markletə baxır və anasının getdiyini görəndə az qala üsyan edən Ti Nommeyi süzürdü.

Onlara baxa-baxa o, özünü ələ alıb öhdəsində qalan uşaqlara necə baxmağı üçün yol fikirləşirdi. O, öz işinə uşaqları yedizdirməklə başladı.

Mamzelle Aurlinin işi uşaqları yedizdirmklə başlayıb-bitsəydi nə vardı ki. Onun anbarında belə fövqəladə hallar üçün kifayət qədər ərzaq vardı. Ancaq balaca uşaqlar heç də balaca donuz deyillər. Onlara diqqət və qayğı lazımdır, bu isə onun üçün gözlənilməz idi, belə işi bacarmırdı.

İlk bir neçə gün Odilenin uşaqlarına baxmaq heç də asan olmadı. Axı o hardan biləydi ki, Markletlə yüksək tonla danışanda o, hönkürüb ağlayır? Sən demə, onun xasiyyəti beləymiş.

Ti Nomme bitkilərin bioloji cəhətlərini öyrənmək üçün bağın ən yaxşı qardenyalarını, ən gözəl qərənfillərini yoluşdurandan sonra Mamzelle bilmişdi ki, bu uşaqda güllərə necə böyük sevgi varmış.

- Ona söz kar etmir, Mamzelli Aurlie, - Marklin dedi. - Yaxşısı budur, onun ayağını stula bağlayasınız. O nadinclik edəndə anam həmişə belə eləyirdi. Mamzelle Aurlie Ti Nommenin ayağını çox rahat və yumşaq stula bağladı, o da günorta isti olanda elə stula başını qoyub yatdı.

Axşam isə uşaqları toyuqları hinə saldığı kimi yatağa salanda uşaqlar çaşqın baxışlarını onun üzünə dikdilər.

O, balışüzünün içindən şax gecə köynəklərini çıxarınb onlara geydirdi, bu vaxtacan belə şey görməyən uşaqlar ona necə heyrətlə baxmayaydı?

Hər gecə yatmazdan qabaq anaları onların tozlu ayaqlarını ləyəndə yuyub sonra yatağa salardı, indi bunu görməyən uşaqlar ona niyə də heyrətlə baxmayaydılar?

Bundan başqa, Ti Nommeyə qulyabanı və ya xortdanlar haqqında hekayələr danışmadan, Lodieni isə yelləyib layla çalmadan yatıra biləcəyini düşünməklə Marklin və Markletin qəhqəhə ilə gülməsinə səbəb olmuşdu.

- Bax, sənə deyirəm, Rubi xala, - Mamzelle Aurlie aşpazına dedi: - İri bir plantasıyanı idarə etmək mənimçün bu dörd uşağa baxmaqdan qat-qat asandır. Uşağa baxmaq dəhşətdir! Mənə uşaqlardan söz deməyin!

– Mənə elə gəlir ki, onlar haqqında sənə bir söz deməliyəm, Mamzelle Aurlie! Demə ki, xəbərçilik edirəm, mən dünən gördüm ki, o balaca uşaq sənin açarlarınla oynayırdı. Bəs sən hələ bilimirsən ki, açarla oynayan uşaqlar böyüyəndə necə pisniyyət olurlar? Həm də güzgüyə baxmaq onların acıqlı olmasına səbəb olur. Uşaq saxlayan hər bir adam belə şeyləri bilməlidir

İndiyə qədər “beş uşaq böyüdüb altısını torpağa basdırmış Rubi xalanın bu müdrik təcrübələri, əlbəttə ki, Mamzelle Aurlieni qətiyyən maraqlandırmırdı. O, sadəcə indiki məqamda işinə yaraya biləcək bir neçə analıq qaydalarını öyrəndiyinə sevinirdi.

Ti Nommenin çirk-pas içində olan əllərini görəndən sonra Mamzelle Aurlie uzun illər ərzində bircə dəfə də olsun taxmadığı ağ önlükləri çıxarmalı olmuş, uşağın mehriban və sevgi dolu təbiətinin təzahürü olan nəmli öpüşlərinə özünü alışdırmaq məcburiyyətində qalmışdı.

O, çox nadir hallarda istifadə etdiyi iynə-sap səbətini şkafın başından götürdü və cırılmış, düymələri qopmuş köynəkləri tikmək üçün əlini atıb rahatlıqla götürə biləcəyi bir yerə qoydu.

Bütün günü evi başına götürən hay-küyə və gülüş səslərinə alışması bir neçə gün çəkdi.

İlk gecələr Lodienin sinəsinə qısılıb yatmasına, balaca qızcığazın isti nəfəsini quş qanadları kimi üzündə hiss etməyə alışa bilmirdi

Amma iki həftə sonra Mamzelle Aurlie artıq bütün bunlara öyrəşmişdi və heç nədən şikayətlənmirdi.

İllüstrasiya

Məhz iki həftə sonra bir gecə Mamzelle Aurlie heyvanların otladığı sahəyə tərəf baxanda Valsinin mavi arabasının döngədən onlara tərəf burulduğunu gördü.

Mamzelle Aurlie həyəcanlı halda mulat arabaçının yanında oturmuşdu.

Araba yaxınlaşdıqca gənc qadının işıldayan üzündən evə xoş xəbərlərlə qayıtdığını bilmək olurdu.

Ancaq onların bu qəfil və xəbərsiz gəlişi Mamzelle Aurlidə əzabverici həyəcan doğurdu. Uşaqları bir yerə yığmaq lazım idi. Ti Nomme hardaydı?

Odur, çardaqda bıçağı bülövə çəkir. Bəs Marklin və Marklet? Eyvanda gəlincik tikirlər. Lodie isə Memzelle Aurlienin qucağında etibarlı yerdə idi və yaxınlaşan mavi arabanın içində anasını görən kimi sevinclə qışqırmağa başladı.

Həyəcan dolu günlər başa çatdı və uşaqlar çıxıb getdilər. Onlar gedəndən sonra ətrafa necə sükut çökmüşdü! Mamzelle Aurlie eyvanda dayanıb ətrafı dinşəyirdi.

Kate Chopin üçün barelyef

Artıq araba gözdən itmiş, günəşin qırmızı şüaları bozumtul alatorana qarışıb tarlaları və arabanın gözdən itdiyi torpaq yolu qırmızımtıl dumana boyamışdı.

Artıq təkərlərin cırıltısı eşidilmirdi. Amma uşaqların şən səslərini zəif də olsa, eşidə bilirdi.

Mamzelle Aurlie evə keçdi. Burda onu çox iş gözləyirdi, çünki uşaqlar ətrafı tamam dağıdıb getmişdilər; amma o, dərhal işə başlamadı. Stula əyləşdi, otağa yavaşca nəzər saldı. Gecənin otağa gətirdiyi kölgələr yalqızlığını daha da artırırdı.

Başını qollarının arasına aldı və ağlamağa başladı. O, ağlayırdı. Amma qadınlar kimi sakit ağlamırdı. Kişilər kimi ağlayırdı; gözündən axan hər damla yaş bütün ruhunu didib-parçalayırdı. Bu zaman Pontonun onun əlini necə yaladığının belə, fərqinə varmırdı.

Bu hekayə ilk dəfə 1897-ci ildə, Chopin'in "Akadiyada gecə" adlı hekayələr kitabında çap edilib.