Cahangir Hacıyevin şikayəti təmin edilmədi

Cahangir Hacıyev

Bakı Apellyasiya Məhkəməsi dekabrın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şikayətini təmin eləməyib.

Bu barədə APA agentliyi məlumat verir.

Cahangir Hacıyev mənimsəmə, israf etmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Nərimanov rayon Məhkəməsi dekabrın 5-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Şikayət həmin qərardan idi.

Cahangir Hacıyev bu ilin martında səhhəti ilə bağlı istefaya gedib. Bundan sonra onun rəhbərlik etdiyi bankda milyonlarla manat məbləğində geri qaytarılmayan kreditlərlə bağlı cinayət işi açılıb. Bankın müştərisi olan bir sıra iş adamları saxlanılıb, bəziləri borcunu ödədikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, o bir müddət əvvəl qudası və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra saxlanılıb.