-
Suriyada İŞİD-in tərkibində Bəşər Əsədə qarşı vuruşmaqda təqsirləndirilən azərbaycanlının məhkəməsi başa çatıb. Elşən Adilov dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma və ya iştirak etmə) maddəsi ilə təqsirli bilinərək, 15 il azadlıqdan məhrum edilib.
Ötən prosesdə prokuror çıxış edərək Elşən Adilovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Hakim Rauf Əliyevin sədrlik etdiyi məhkəmə prosesində müttəhim də ifadəsində Suriyaya getdiyini etiraf etmişdi. Adilovun sözlərinə görə, şərtlər xoşuna gəlmədiyindən orada çox qalmayıb, geri qayıdıb.
Elşən Adilov 2013-2015-ci illərdə Suriyada ölkə qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, habelə İŞİD silahlı qruplaşmasının tərkibində vuruşmaqda təqsirli bilinir.