-
"Hay-küy düşdü ki, ermənilərdi, gəlib bizi qıracaqlar..."
Rauf Alagözov
TƏTİKDƏKİ VELOSİPED
90-cı illərin başları idi. Bizim kənddə Sovet hökuməti hələ dağılmamış, kolxoz və sovxoz fəaliyyətini davam etdirirdi. Sovetin dağılması barədə söz-söhbət gəzsə də, əksəriyyət bunu şayiə adlandırıb gülürdü.
Bizim kənddə radio, demək olar ki, heç kimdə yox idi, televizorlarsa təkcə “Moskvanı” göstərirdi.
Tiflisə gedib-gələnlər Bakıya gedib gələnlərdən eşitmişdilər ki, ermənilərlə “musurmanlar” müharibə edirlər. Bizim qonşu kəndlərdə də minlərlə erməni yaşayırdı. Düşünürdük ki, ermənilərlə “musurmanlar” dalaşsaydı, indi biz də dalaşardıq. Deməli, bu da yalandı...
Atam “NarXoz”u bitirib kəndə qayıtdığı üçün onu sovxozun sədri təyin eləmişdilər. O da gecə-gündüz rayon mərkəzində olurdu.
Rayonumuz elə bir rayon idi ki, 42 erməni kəndi, 20 Berzen (yunan) kəndi, 50 gürcü kəndi və cəmi 3 “musurman”(azərbaycanlı) kəndi var idi. Təbii olaraq, atamın iş yoldaşlarının əksəriyyətini ermənilər və gürcülər təşkil edirdi.
Hətta bir neçə erməni atamı övladlarına “kirvə” (kресный oтец) tutmuşdu. Biz
də dəfələrcə onların kəndlərinə toya getmişdik. Onlar da bizim qonağımız olmuşdular.
***
Artıq 1992-ci ilin fevral ayı idi. Atam yenə rayona getmişdi.
Biz də nənəm və anamın himayəsində evdə qalmışdıq. Çox soyuq idi. Çovğunun vıyıltısı hələ də qulaqlarımdadı...
İşıqlarımız söndüyü üçün tez yatmışdıq. Qarlı-çovğunlu gecədə elə şirin yatmışdım ki, sanki cənnətdəydim. Birdən pəncərəmiz bərk-bərk döyülməyə başladı. Elə bərk döyüldü ki, sanki çərçivə yerindən çıxdı...
Qorxudan yorğanı başıma elə çəkdim ki! Anasının altına gizlənən cücənin qorxudan titrəməsindən betər titrəyirdim. Niyəsə çox qorxurdum. Pəncərəmizi döyən qonşumuz Cahangir əmi idi. Nənəm pəncərəni açıb soruşdu:
- Nə olub, ay Cahangir?
- Ermənilər kəndimizi basıb, camahatı qırır...
- Nə danışırsan? Allah, öyümüz yıxıldı. Ay gəlin, dur uşaqları hazırla, qaçaq.
Hara qaçacaqdıq axı, qışın bu soyuğunda?! Dağlarda iki metr qar var idi. Çovğundansa gözünün qabağını görmək olmurdu.
Birdən qapımız bərk-bərk döyülməyə başladı. Qorxudan dik atıldıq.
Nənəm yavaşca qapıya yaxınlaşıb “kimdi” dedi. Gələn atamın uşaqlıq dostu Yetim Ziya idi. Bilib ki, atam evdə yoxdu, gəlib bizi aparmağa.
Artıq biz də hazır idik. Nənəm evimizdəki “qoşalülə”ni gətirib Ziya əmiyə verdi ki, heç olmasa köməyimizə gələr. Qaçıb getdik kəndin mərkəzinə. Hamı orda idi. Qocalar, qadınlar, uşaqlar...
Səsdən-küydən qulaq batırdı. Hər ağızdan bir səs çıxır, hərə bir yönə qaçaq deyirdi. Kəndin kişiləri ov tüfəngləri ilə kəndin girişinə getməyə hazırlaşırdılar.
Hətta şayiə yayılmışdı ki, kəndin girişində ermənilərlə bizimkilər atışırlar. Amma kiçicik bir kənddə biz atışma səsi, filan eşitməmişdik. Bəlkə də, yatanda olubmuş deyə duymamışıq...
Atamın verdiyi qəpikləri atdığımız “kassa”nı da götürmüşdük evdən çıxanda. Bir kiloluq ağzı bağlı şüşə banka... Yay gələnə kimi yığıb içindən çıxan pullarla velosiped alacaqdıq. Hətta çox çıxsa, qardaşıma da, mənə də.
Birdən gördük kəndin girişində işıqlar peyda oldu. Dalbadal onlarla maşın... Hay-küy düşdü ki, ermənilərdi, gəlib bizi qıracaqlar. Hərə bir tərəfə qaçışdı.
Maşınlar kəndin başına dolaşaraq bizim evə gəlib çıxdılar. Maşınlardan birində erməni mahnısı, birində isə Azərbaycan mahnısı səsi gəlirdi.
Ziya əmi dedi ki, mən gedirəm baxım görüm kimdi. Nənəm ağladı ki, “a bala getmə, yazıxsan balaların var”. Ha illah elədisə, Yetim Ziya dedi ki, “dostumun evi mənim evimdi, gedim görüm kimdi”.
Yazıq Yetim “qoşalülə”ni hazır edib getdi bizim evə tərəf. Evin qabağına çatmışdı ki, mahnı səsləri dayandı və yerini qəhqəhəli gülüşlər aldı.
Yetim Ziya bərkdən qışqırdı ki, “Ay Zibeydə xala, qorxmayın qardaşımdı gələn, gəlin evə”...
Gələn atam və rayondakı iş yoldaşları imiş. Şayiə hardan yayılmışdı, bilmirəm. Bircə onu bilirəm ki, həmin il bizim kənddə də Sovet dağıldı və biz Bakıya köçdük.
Bakıdakı Qarabağdan, Xocalıdan olan qonşularımız bizim başımıza gələn hadisənin eynisini danışdılar bizə. Lakin onlar bizim qədər şanslı deyildilər. Onların evinə gələn ataları yox, ermənilər imiş...
Bəlkə də, mənim gördüklərim yuxu idi, amma gerçəyə çox oxşayırdı. Çünki biz “kassamıza” yığdığımız pula velosiped almışdıq,.