Obama İrana yeni sanksiyalara baxa bilər

Josh Earnest

-

Ağ Evin sözçüsü bildirir ki, Birləşmiş Ştatlar İranın nüvə qabiliyyətli raketi sınaqdan keçirməsi səbəbindən Tehrana yeni sanksiyaları nəzərdən keçirə bilər. BMT ekspertləri İranın həmin sınaqla əsas qətnaməni pozduğunu deyirlər.

Sözçü Josh Earnest dekabrın 15-də söyləyib ki, Prezident Barack Obama oktyabrda keçirilmiş sınağa cavab olaraq yeni sanksiyaları dəstəkləyəcək. Ancaq o halda ki, kəşfiyyat rəsmiləri bu sanksiyaların ölkənin milli təhlükəsizliyinə fayda verəcəyi qənaətinə gəlsin.

BMT-nin yeni hesabatında bildirilir ki, İran oktyabrın 10-da ortamənzilli ballistik raketi sınaqdan keçirməklə BMT sanksiyalarını pozub. Həmin sanksiyalar nüvə silahı daşımaq qabiliyyətinə malik raketləri qadağan edir.

Birləşmiş Ştatlar, Fransa, Britaniya və Almaniya oktyabrın 21-də BMT Təhlükəsizlik Şurasından xahiş edib ki, İranın apardığı həmin sınağı araşdırsın və “uyğun addım” atsın.