-
Yazının əvvəli burada
Ərazidə şirin su mənbəyi olmadığından köçkünlər içməli suyu pulla alırlar. Svetlana Tahirova bildirir ki, son illər su problemi ciddiləşib:
«Əvvəllər yaxınlıqdan keçən kanaldan istifadə edirdik. Hətta bir neçə ailə oradan həyətinə su xətti çəkib. İmişli Şəkər Zavodu istehsalat tullantılarını bu kanala axıdandan sonra onun suyu hətta heyvanlar üçün də təhlükəli olub. Avtomobillərlə kənardan gətirilən təmiz sudan yalnız içmək, xörək bişirmək məqsədilə istifadə edirik. Onlar da bir çəni, yaxud iri su qabını 20 manata doldururlar. Evi, paltarları yumaq, çimmək üçün məcbur olub çirkli kanal suyu işlədirik, uşaqların bədəninə qaşınma düşüb».
SIĞINACAQLAR ODUN VƏ GƏRMƏ İLƏ İSİDİLİR
Hava soyuyandan sonra evlərin qızdırılmağı da çətinliklə başa gəlir. Yanacaq materialı kimi əsasən yulğun və söksöyül ağaclarından, təzək və gərmədən istifadə edilir. Həyat yoldaşı əlil olan Səidə Fərzəliyeva deyir ki, bu ilin qış odununu bir neçə kilometr kənardan şələ ilə kürəyində daşımaqla toplayıb: «Heç bilirsiniz bu oduna görə nə qədər zülm çəkmişəm? Hələ də belimin ağrısı getməyib. Kişi xəstə, uşaq isə azyaşlıdır. Evi yaxşı qızdırmaq da olmur- hər tərəfi uçuq-sökükdür, divarlarda əl keçən çatlar var».
«SU OLMADIĞINDAN HEÇ NƏ ƏKƏ BİLMİRİK, HƏR ŞEYİ SATIN ALIRIQ»
Narınclar köçkünləri əsasən maldarlıqla məşğuldur. Mal-qaranın ixtiyarında otlaq üçün geniş ərazi var. Amma qışda onlara verilməli quru ot da satın alınır. İribuynuzlu 3-4 heyvanın yem xərcini ödəmək üçün onlardan birini satmalı olurlar. Kəndin yaşlı sakini olan İsmayıl Məmmədov deyir ki, əraziyə su çıxmadığından heç nə əkib-yetişdirə bilmirlər: «Heç göyərti də əkə bilmirik. Hər şeyi satın alırıq».
Bu ərazinin bir hissəsi son vaxtlar «MKT» şirkətinə verilib. Şirkət iri diametrli dəmir borularla bu çöllərə Kür çayından su çəkib, şumlanmış sahədə taxıl və pambıq bitkilərinin növbəli əkinini aparır. Köçkünlər hesab edir ki, dövlət onlar üçün də belə şərait yaratsa, həyat səviyyələri qat-qat yüksələ bilər.
95 YAŞLI QARIDAN PREZİDENTƏ MÜRACİƏT
1920-ci il təvəllüdlü Qumru Məmmədova düşünür ki, onun vəziyyətindən ölkə başçısının xəbəri yoxdur:
«Mən neçə il kolxoz və sovxozda işləyib hökumətə nə qədər xeyir vermişəm. 23 ildir mənə ev tikib vermirlər ki, içində ayaqlarımı rahatca uzada bilim. 95 yaşımda ilan, kərtənkələ, siçovullarla əlləşirəm. Bura gələn hökumət nümayəndələrini bizdən gizlədirlər, imkan vermirlər görüşək, sözümüzü deyək. Xahiş edirəm mənim dediklərimi prezidentə çatdırın».
«USAID»İN NÜMAYƏNDƏSİ «XÜSUSİ İCAZƏ VƏRƏQİ» TƏLƏB ETDİ
Yerli icra nümayəndəliyinin inzibati binası digər köçkün sığınacaqlarından fərqlənmir. Nə qədər qəribə olsa da, onun giriş qapısı önündən «USAID» sözü (ABŞ Beynəlxalq İnkişaf Agentliyinin abreviatur forması) hələ də pozulmayıb. Nimdaş görkəmindən hiss olunur ki, USAID tikəndən bəri bu bina təmir olunmayıb.
Köçkünlərin yaşadığı ərazidə foto və video çəkiliş aparmağımız, sakinlərlə söhbət etməyimiz Kəlbəcər RİH başçısının Narınclar kəndi üzrə nümayəndəsi Gündüz Baxşəliyevdə narahatlıq doğurmuşdu. O, soraq-soraqla bizi sakinlərin birinin həyətində yaxaladı və «xüsusi icazə vərəqi»ni təqdim etməyimizi istədi. İcra rəsmisi belə bir sənəd olmadan əraziyə girməyin yolverilməz olduğunu bildirdi. Bu səbəbdən bir çox köçkünü dinləmək mümkün olmadı.
SUALLARA KƏLBƏCƏR RİH-DƏ DƏ CAVAB YOXDUR
Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini İkram Salmanov Narınclar köçkünlərinin nə vaxt və harada yerləşdiriləcəyi barədə dəqiq məlumatın olmadığını deyir:
«Məcburi köçkünlərin dövlət hesabına evlə təminatı mərhələli şəkildə həyata keçirilir. Hələlik rayonumuz üzrə 22 min ailənin 3 min 500-nə ev verilib. İmişlidəki köçkünlərimizin evlə təminatı 2016-cı ilədək nəzərdə tutulmayıb. Amma bu məsələ dəfələrlə qaldırılıb, «Qaçqınkom»da da bilirlər ki, onların vəziyyəti ağırdır. Yəqin ki, problem növbəti dövlət proqramı çərçivəsində öz həllini tapacaq. Su məsələsinin bu qədər ciddiliyi barədə bizdə məlumat olmayıb. Mən bu barədə icra başçısına məruzə edəcəyəm. Biz icra hakimiyyəti olaraq harada yerləşməsindən asılı olmayaraq köçkünlərimizin üzləşdiyi cari problemlərin həllinə öz imkan və səlahiyyətlərimiz çərçivəsində köməklik göstəririk».