Mark Tvenin dinə dair replikaları

Mark Twain

-

Mark Tvenin dinlə bağlı atmacaları

ADƏMLƏ HƏVVA HAQQINDA

Adəmlə Həvvanın bizdən çoxlu üstünlükləri vardı, ancaq onların körpəlikdə diş çıxararkən çəkdiyimiz ağrılara tuş gəlməməkdə bəxtləri daha çox gətirmişdi.

* * *

Adamla Həvva danışmağa çətinliklə söz tapmalı idilər: axı onların kiminsə arxasınca danışmaq imkanları yox idi.

* * *

İlanı yemək qadağan olunsaydı, Adəm onu da yeyəcəkdi.

* * *

Adəmın bəxti gətirmişdi! Birdən o itiağıllılıq eləsəydi, haçansa kiminsə etdiyi zarafatı təkrarlamadğına arxayın ola bilərdi.

* * *

Bizə yaxşılıq eləmiş Adəmə minnətdar olmalıyıq. O, bekarlıq “xoşbəxtliyini” əlimizdən alıb bizi, “lənətə gəlmiş” əməyə qatlaşmağa sürükləmişdi.

* * *

Mən indi Həvva ilə bağlı düşüncələrimdə yanıldığımı anlayıram: yaxşısı, cənnətdən qıraqda onunla yaşamaqdır, nəinki cənnətdə onsuz qalmaq.

BİBLİYA HAQQINDA

Bibliyanı oxuyanda Tanrının hər şeyi bildiyinə deyil, onun bunca biliksiz olmasına görə təəcüblənirsən.

* * *

Tanrı yaradıcılıqla məşğul olduğu sonuncu gün, yorulub əldən düşəndə, insanı yaratmışdı.

* * *

Tanrı dünyanı yaradandan sonra öz gördüyü işdən razı qaldığını demişdi. Mən də özümün yaratdığım birinci əsərimdən beləcə razı qalmışdım.

Ancaq zaman belə tələsik qənaətlərin yanlış olduğunu üzə çıxarır. Mənə elə gəlir, indi o da öz yaradıcılığına, mənim birinci yaratdığım “Avamlar yad ölkədə” əsərimi bəyənmədiyim kimi yanaşır. Fakt göz önündədir: mənim də, onun da yaradıcılığımızda çoxlu bişməmiş yerlər var.

* * *

Çox vaxt, mənə elə gəlir, ümüumdünya daşqını olanda Nuh öz komandası ilə birgə gecikib gəmiyə minə bilməsəydi, daha yaxşı olardı.

* * *

Dünyanın başlanğıcında yaşasaydım, Qabili mühakimə eləməzdən öncə, onun Habili nə üçün öldürməsi ilə bağlı qonşuların nə dediklərini öyrənərdim.

* * *

Bibliyada yazıldığına görə, Mafusail 969 il yaşamışdı. Siz, istəkli oğlanlar və qızlar, on il sonra Mafusailin bütün ömrü boyu gördüyündən daha çox şeylər görəcəksiniz.

* * *

Başqa heç bir kitabın satışından Bibliya qədər qazanc götürmək olmur, düzdür, ondan başqa da, ədəbsiz... daha doğrusunu desək, başqa ədəbsizlik yayan kitablar da, yaxşı qazanc gətirir.

* * *

İndiyədək də, mənim uşaqlıq və gənclik illərimin yaxşı keçməsi qayğısına qalmalı olan insanlara acığım soyumamışdır: onlar məni ağılsızlıqdan çəkindirmək yerinə, nəinki mənə Bibliyanı oxumağa icazə vermiş, hətta özləri bilərəkdən, məni on beş yaşımadək onu başdan ayağa oxumağa məcbur eləmişlər. Ömründə bircə dəfə də olsa Bibliyanı oxudunsa, ömrünün sonuna kimi heç cür günahkar düşüncələrdən qurtula bilmirsən.

* * *

Bibliyanın qoca tanrısı çox gözüaçıq bir işbaz olmuşdur. Söz gəlib nəğd gümüşə çatan kimi, o, rəsmi danışıqlarla bağlı yanşamağını saxlayır (möminlikdən, yüksək duyğulardan, ürəyiyumşaqlıqdan danışmaq onun üçün dəyərini itirir) və əsas işə keçir. Gümüş cingiltisi və qazancı hesablamaq Bibliyanın ana xəttidir.

* * *

Hətta İncildə deyilənlərdən də İblisin çox sadəlövh birisi olduğu görünür. O, İsanı uca bir dağın başına gətirir, özünə boyun əyərsə ona bütün dünyanı bir mülk olaraq bağışlayacağını vəd eləyir.

Birincisi, İsa Məsih Tanrının tək oğlu olduğu üçün dünya onsuz da onun mülkü idi. İkincisi, İblisin uca bir dağ başından ona göstərə biləcəyi yerlər bütün dünyanı qapsaya bilməzdi, olsa-olsa Fələstinin bir-neçə hektar daşlı torpağı ola bilərdi. Belə bir şirnikdirmə ağlabatan olsaydı, onda böyük neft kompaniyası olan “Standart Oil Company" yiyəsi Rokfelleri də bir qallon (4.5 litrə yaxın) kerosinlə yoldan çıxarmaq olardı.

Tərcümə edən: Araz Gündüz