Lisenziya rüsumları salındı

Teleqüllə

-

Azərbaycanda teleradio yayımı fəaliyyəti sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb. Prezident İlham Əliyev dekabrın 21-də “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərman verib.

Fərmanda göstərilir ki, bundan sonra ümumrespublika televiziya yayımı üçün lisenziya verilməsinə görə dövlət rüsumu 5500, Bakı şəhəri üzrə televiziya yayımı üçün 2250, regional televiziya yayımı üçün 1500, ümumrespublika radio yayımı üçün 2500, Bakı şəhəri üzrə radio yayımı üçün 1250, regional radio yayımı üçün 500, əlavə informasiya yayımı üçün 500, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün 1500, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı 2500, peyk yayımı üçün 500, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün 500 manat olacaq.

İndiyə qədər bu rüsumlar 1000 –11 min manat idi.

Fərmana əsasən, Milli Televiziya və Radio Şurasının teleradio fəaliyyəti sahəsində səlahiyyəti ləğv edilib. Bu sahədə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən veriləcək.