Nərmin Kamal. Kitabın üz qapağı necə olmamalı?

"Ali&Nino" kitab dükanında aksiya

-

"Yoxsa ki, yuxarısına yazılıb "duşes limonadı", yazının da altında duşes armudunun şəkli, belə kitab olmaz."

Nərmin Kamal

Kitab dizaynı haqqında mülahizələr

Azərbaycanda çıxan kitabların içi bir yana, üz qapaqları da bir ayrı problemdir. Ev tikəndə, hasar qaldıranda heç bir dizaynerə, memara etibar etməyib, ancaq öz zövqünə güvənən milli varlılar kimi, yazıçılarımız da kitabların dizaynını özlərinin həll edəcəkləri iş sayırlar.

Kitab dükanlarında bir "monitorinq" aparsaq, nə görərik?

Azərbaycanda geniş yayılmış üsullardan biri kitabın üzünə müəllifin fotosunu vurmaqdır.

Hər şeydə olduğu kimi, bu məsələdə də dünya təcrübəsi varmı? Deyəsən, var.

"Kitabı necə dizayn etməli" mövzusunda iki-üç peşəkar yazısı oxusaq, görərik ki, kitabın üzünə müəllifin fotosunu vurmağın öz mülayim tələbləri var.

Stephen Fry kitabları

Bunun üçün ya müəllif çox məşhur sima olmalıdır, ya da kitab memuar, bioqrafiya, məktublar kimi müəllifin qəhrəman olduğu janrlarda olmalıdır.

Kitabın üz qapağı ilk növbədə kitabın janrının ifadəçisidir. Ciddi ədəbiyyata ("literary fiction") öz şəklini vurmaq kitab dizaynı elminə görə, səhvdir.

Bizdə geniş yayılmış başqa bir üsul kitabın üz qapağına məzmunun simvolu kimi mücərrəd qız, oğlan, skamya, pəncərə və başqa bu kimi nəşriyyatın kompüterinin yaddaşında olan Allah verəndən vurmaqdır.

Bu gün sizin kitaba vurduqları şəkli sabah konsert afişasına, o biri gün reklam posterinə, o biri gün də başqa kitabın üzünə vuracaqlar.

Belə şəkilləri kitaba vurmağın pis cəhəti odur ki, bunlar adətən çox geniş yayılmış şəkillər olur, onların sizdə olduğu kimi, başqa nəşriyyatların kompüterinin də arxivində olmasına şübhəniz olmasın.

Kitab

Bundan başqa, yazıçının öz əsərinin məzmununu bir qız, bir ürək, bir ağacla simvolizə etməsi öz-özünə, öz əsərinə pislik etməkdir.

Bədii mətn oxucunu min bir gümana aparmalıdır.

Yoxsa ki, yuxarısına yazılıb "duşes limonadı", yazının da altında duşes armudunun şəkli, belə kitab olmaz.

Yayğın üsullardan biri yazıçının, şairin kitabı yazan vaxt, bəzənsə hələ yazmazdan əvvəl İnternetdə rastına çıxan bir-iki şəkli gözaltı edib saxlaması, dizayn vaxtı hazır, çıxarıb dizaynerə uzatmasııdır.

Dizayn işini elə nəşriyyatın "verstalşik"i görür. Onun heç vaxtı yoxdur hər yığacağı kitabın içini oxusun, ideya versin. O, adətən yaradıcı şəxs olmur. Kitabın "Oyun" adlandığını görsə, basketbol şəkli qoyacaq adamdır. Halbuki, söhbət həyat oyunundan gedir. Çox vaxt kitabların üz qapağının ortasına "Simnar xanın qıfılı" tərzində, "hər şeyə yarar fəlsəfi" fiqurlar qoyur.

Yazıçılarımızın nəşriyyata təklif etdiikləri şəkillər nə olur bəs?

Qeyri-adi gözəllikdə bir mənzərə fotosu (bəlkə də Norveç meşəsində çəkilib), "PhotoShop"-da düzəldilmiş donuq sifətli qız (oğlan) şəkli (bəlkə də hansısa animasiya studiyasının məhsuludur), bir də məşhur dünya rəssamlarının əsərləri.

Məşhur dünya rəssamlarının əsərlərini kitabının üzünə vurmaq Azərbaycanda yaxşı çıxış yollarından biri sayılır. Salvador Dalinin "Əriyən vaxt" rəsmi bugünə qədər ən azı 50 adda kitabımızın işini həll edib.

Samir Sədaqətoğlunun "İtən vaxt", Araz Odelin "Zaman dayanmır", Əvəz Tovuzun "Uçan illər" kitabları və s. kitabların üzündə Salvador Dalinin bu rəsmidir.

Mark Chagall'ın uçan adamları da.

Kitab

Bu, niyə düzgün üsul deyil? Birincisi, ona görə ki, nəşriyyat və yazıçılar buna görə həmin rəssamların müəllif hüququnu satan, bağışlayan qurumlardan icazə almalıdırlar. Almırlar.

İkincisi, ona görə ki, bu kitablar (bir sənət) üzlərindəki o dünya şöhrətli rəsmlərin (o biri sənətin) kölgəsində qalır. Kitabın məzmunu nə qədər yüksək səviyyədə olursa olsun, Salvador Dalinin əriyib səhraya yayılan saatına çata bilməz axı.

Bu, Çinin, Əfqanıstanın, Azərbaycanın ucqar qəsəbələrində pinəçilərin, xırda dükançıların, taksi şoferlərinin öz iş dünyalarının pəncərələrinə dünya şöhrətli bəxtiyar müğənnilərin şəkillərini vurmasına bənzəyir.

Heç bir şöhrətli ədəbi dühanın, sevdiyiniz əcnəbi yazıçıların öz kitablarının üzünə məşhur rəssamların məşhur əsərlərini vurduğunu görməzsiniz.

Köhnə fotoalbomlarımızdan ölmüş adamların bədii fotoları kimi əsəri ifadə edən öz tapıntılarımız Rene Magrit'in əsərlərindən min dəfə çox uyğundur bu işə.

Bəs yaxşı üsul nədir?

Yaxşı üsul - Minimalizm. Az – çoxdur! Minimalizm oxucunun kitabın və müəllifin adına cəlb olunmasına kömək edir. Minimalizm sadəlikdir. Kitab qapağında minimalizm az rəng, çoxlu ağ sahədir. Az ilə çox etməkdir.

Minimalizm əsərlə, müəlliflə bağlı ən fundamental cizgiləri çatdırır. Məsələn, mən növbəti kitabımda uzun burnumun siluetini kitabın üzünə vuracağam, qalan heç bir şey.

Minimalizm bir və ya bir neçə ən vacib elementdən istifadə edir, amma bu sadəlik o demək deyil ki, kitab qapağı nəzərə çarpmamalıdır. Kitab dizaynında minimalizm həm də güclü mesaj daşımalıdır. Ağıllı dizayn bu deməkdir.

Kitabın qapağı - özünü tanıtmaq, özünü reklam etmək fürsətidir. Təki qarnım zil çalıb məni incitməsin deyə, hər acanda şirniyyatla, çörəklə kobud-kobud qarnını dolduran, gözəl yeməyə ərinən tənbəl varlılar kimi, biz də kitabın qapağını "təki üstündə bir şey olsun" deyib doldurmayalım.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)