"Sky Sports" kanalı İngiltərə futbol millisinin 1966-cı il dünya çempionatındakı qələbəsinin 50 illiyinə həsr olunmuş layihə hazrlayır.
"Report"un məlumatına görə, kanalın ekspertləri Ceymi Karrager və Ed Çemberlen statistik göstəricilər və kompüter qrafikinin köməyilə futbolçuların Almaniya ilə final görüşündə hərəkətlərini analiz edəcəklər.
Verilişdə həmin oyunun iştirakçıları, o cümlədən, qapıçı Gordon Benks və "het-trik" edən Ceffri Herstlə müsahibə təqdim olunacaq. Bundan başqa müasir texnologiyalardan istifadə etməklə, müəlliflər "Üçüncü qolda top qapını keçmişdimi?" sualına birmənalı cavab tapmağı vəd edirlər. Veriliş 2016-cı il yanvarın 4-də efirə gedəcək.
Qeyd edək ki, əldə olan videotəkrarlardan heç biri hakimin qərarının düzgünlüyü barədə fikir deməyə imkan vermir. Həmin qarşılaşmanın baş hakimi Gotfrid Dinst azərbaycanlı yan hakim Tofiq Bəhramovla məsləhətləşdikdən sonra mərkəzi göstərib. Görüş 4:2 hesabı ilə İngiltərə millisinin xeyrinə olub.
Videogörüntüdə Tofiq Bəhramov təkidlə topun xəttən keçdiyini göstərir.