-
«Türkiyənin «Binbir gece» serialında Sehrazat və Onur-un əzablı sevgisi Çili televiziyasını zəbt edib, telenovella məskəni kimi tanınan Latın Amerikasında praym-taymı da dəyişib». Bunu «France Presse» agentliyi yazır.
Bu serial illərdir Çilidə görünməyən televiziya auditoriyası toplaya bilib, kanalın gəlirlərini artırıb. Bu fenomen Latın Amerikasında digər televiziyaları türk seriallarının idxalına həvəsləndirib.
Agentlik yazır ki, «Min bir gecə»ni alanda «Mega» televiziyası miskin durumda idi. Serialın gətirdiyi gəliri görən telekanal «Fatmagül'ün suçu ne?» və «Ezel»i də alır.
Sehrazat və Onur artıq Kolumbiya izləyicisinin də ürəyini fəth edib, Uruqvay, Braziliya, Ekvador və Peruda da göstəriləcək. Serial Argentina və Boliviyaya da satılıb.
«France Presse» yazır ki, bu, Avropa və Yaxın Şərqdə sadiq auditoriyası olan Türkiyə televiziyası üçün bir çevriliş deməkdir. «Latın Amerikası bazarına girməyimiz xeyli vaxt apardı», - Türkiyənin «Global Agency» distributorunun rəhbəri İzzet Pinto deyir. «Ancaq bu il regiona daxil ola bildik. Çilidə uğur qazandıq və digər bazarlar da üzümüzə açıldı».
Türk serialları daha çox romantika və minimum seks göstərən klassik melodramadır. «Adamlar köhnə, ənənəvi formatı, klassik ssenarini sevirlər», - Çilinin TVN yayım şirkətindən seriallar üzrə menecer Francisco Cortes deyir.
Həm də türk serialları Latın Amerikası bazarına elə bir məqamda girir ki, yerli seriallar daha çox erotikaya meyllənir və «narko-telenovella»lara çevrilməkdədir. Yerli izləyicilər bu tendensiyadan yorulmuş görünür.
Ötən həftə «Canal 13» «Mühteşem Yüzyıl»ın yayımına başlayıb. Sultan Süleyman obrazını canlandıran Halit Ergenç-i izləyicilər «Binbir gece»də Onur-la sevib və o, artıq Çilidə bir ulduza çevrilib.
TACİKİSTANDA MİLAD VƏ YENİ İL QADAĞASI
Tacikistanda Yeni il tədbirləri, yolka ağaclarının qurulması, məktəblərdə hədiyyələr verilməsi qadağan olunub. Bunu «The Guardian» yazır.
Ölkə hələ 2013-cü ildən televiziya ekranlarında Şaxta babanın görünməsini yasaqlamışdı. Ancaq builki qadağalar daha sərt təsir bağışlayır. Təhsil Nazirliyi məktəb və universitetlərdə bayram tədbirlərinə, bunun üçün pul yığılmasına, atəşfəşanlıq keçirilməsinə qadağa qoyub.
İndi yolka ancaq paytaxt Düşənbədə yeni ilə 1-2 gün qalmış qurulacaq, bayramdan sonra dərhal yığışdırılacaq.
Qəzet yazır ki, dünyəvi müsəlman ölkəsi olan Tacikistanda bu bayram mübahisələr yaradır. Sovet və Rusiyanın təsiri ilə bağlı əhalinin fikirləri haçalanıb.
2011-ci ilin sonunda, Yeni il qabağı Şaxta baba kimi geyinmiş bir nəfəri Düşənbədə bıçaqlayıblar. Ailəsi hücumun dini motivli olduğunu desə də, polis bunu təkzib edib, onların içkili olduqlarını bildirib.
Tacikistan mədəniyyətinə yad bayramlar da getdikcə daha artıq təzyiqə məruz qalır. 2013-2014-cü illərdə polisin Hellouini qeyd etmək üçün zombi və vampir kimi geyinənləri saxlaması barədə məlumatlar var.
Dəfn və toy mərasimləri ilə də bağlı bəzi qadağalar qoyurlar. Bu ilin əvvəlində Düşənbədə İrlandiya pabında dostları ilə ad günü keçirən biri 600 dollar cərimələnib.
AVRASİYADA KOLLEKTİV TƏHLÜKƏSİZLİYİN LİMİTLƏRİ
Rusiyanın Türkiyə ilə mübahisəsi və Ermənistanın Azərbaycanla konflikti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) məhdudlaşdırır. Bunu Evan Gottesman «The Diplomat» saytında yazır.
1992-ci ildə qəbul olunmuş sənədin 4-cü maddəsi qarşılıqlı müdafiə üçün tanış bir formul təklif edir. Belə ki, bu maddə, əslində, NATO-nun 4-cü maddəsindən götürülüb. KTMT üzvləri olan Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan birinə hücumu hamıya hücum sayır.
Müəllif Türkiyənin noyabrın sonunda Rusiya təyyarəsini vurmasını yada salır və qeyd edir ki, üzvlərdən yalnız Ermənistan Kremlin Türkiyəyə qarşı sərt ritorikasını təkrarladı. Digər üzvlər daha çox neytral bəyanatlarla kifayətləndilər:
«Eləcə də, KTMT-nin Orta Asiyadan olan üzvləri Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstəkdən çəkinir. Azərbaycanın separatçı Dağlıq Qarabağ regionu ətrafında münaqişə qızışdıqca, bu məsələ KTMT-nin təhlükəsizlik bəndinin zəifliyini üzə çıxarır».
Müəllif KTMT üzvləri olan Qazaxıstan və Qırğızıstanın bu münaqişədə məhz Bakını dəstəklədiyini qeyd edir. Məsələn, Ermənistanı dəstəkləmək Qazaxıstana digər prioritetlər bahasına başa gələr. Xəzərin hüquqi status məsələsində Bakıyla Astana Rusiya və İranın dəstəklədiyi kondominiuma qarşı çıxırlar. İki ölkə bir sıra müdafiə layihələrində əməkdaşlıq edirlər.
Ermənistan KTMT-yə maneələrdən xəbərdardır və 2015-ci il dekabr sammitində müttəfiqlərin Qarabağ münaqişəsinə yanaşmasını tənqid edib. O, KTMT-nin bu məsələdə mövqeyini NATO-nun təyyarənin vurulmasında Türkiyəyə dəstəyi ilə müqayisə edib.
Müəllif yazır ki, bütün bunlar alyansın müdafiə aparatının bütövlüyünü zərbə altında qoyur. Serzh Sargsyan dekabr sammitində onu da deyib ki, Bakı hər dəfə Ermənistana qarşı silahdan istifadə edəndə, Astanaya, Düşənbəyə, Bişkekə, Moskvaya və Minskə də atəş açır. «KTMT-nın bütün üzvlərinin bu baxışı paylaşması isə şübhə doğurur», - müəllif yazır.