Erdoğan "özünü körpüdən atmaq istəyən şəxsi" dayandırıb

Prezident intihar etmək istəyən şəxsi aidiyyəti üzrə rəsmilərə tapşırıb.

Türkiyə prezidenti cümə günü özünü Bosfor körpüsündən atmaq istəyən vətəndaşı fikrindən daşındırıb. Rusiya dövlət televiziyası insidentin "qurma" ola biləcəyini iddia edib.

Türkiyə prezidenti Recep Tayyib Erdoğan cümə günü özünü Bosfor körpüsündən atmaq istəyən vətəndaşı fikrindən daşındırıb.

Türkiyə mediası xəbər verir ki, bu insident baş verərkən prezidentin avtomobil karvanı körpünün üstündən keçirmiş.

İntihar edən şəxsi qollarından tutub saxlayan polislər ona bunu deyəndə, vətəndaş fikrini dəyişərək prezidentlə danışmaq istədiyini söyləyib.

Türkiyə mediasında adı Vezir Ç. olaraq keçən şəxs prezidentin maşınına tərəf gətirilib və burada Erdoğan onunla maşınından çıxmadan söhbət edib.

Media xəbərlərində deyilir ki, prezident həyat çətinlikləri ilə üzləşən şəxsə və ailəsinə kömək vəd edib.

Prezident tapşırıb

Türkiyə mətbuatı yazır ki, Erdoğan İstanbulun şərq tərəfindəki məsçiddə cümə namazından qayıdırmış.

Erdoğanın adamları intihar etmək istəyənə prezidenti göstəriblər

Xəbər verilir ki, prezident körpünün üstündə davam edən anlaşılmaz çəkişməni həmin anda görüb.​

Onlar polisə prezidentin burda olduğunu deyiblər və bildiriblər ki, o, intihar etmək istəyən şəxsi yanına çağırır.Erdoğan köməkçilərini hadisə yerinə göndərib və məlumat istəyib.

Prezidenti görən şəxs xeyli təəccüblənib və onun əlini öpərək ehtiram göstərib.

Bundan sonra Erdoğan bir neçə yerə zəng edərək vətəndaş Veziri aidiyyəti üzrə rəsmilərə “tapşırıb”.

Rusiyadan şübhələr səslənib

Qərb mediası yazır ki, Erdoğan özünün ictimai açıqlıq nümayiş etdirməsi ilə tanınır. Prezident tez-tez maşınını dayandırıb adamlarla söhbət etməyi xoşlayır.

Mətbuat bu hadisənin də onun populyarlığını xeyli artıracağını yazır.

Rusiyanın dövlət Rossiya 24 kanalı isə bu hadisənin "qurma" olduğu barədə şübhələri səsləndirib.

Telekanal intihar etmək istəyən şəxsin bağlı trassa girə bilməsinin və bu insidentin bir saat müddətində, prezident korteji keçənədək davam etməsinin şübhəli olduğunu bildirib.