İtkin düşənlərdən birinin meyiti tapıldı

Buruqda yanğın

“Günəşli” yatağındakı qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda tapılıb. Meyiti tapılan şəxs İman Qasımovdur.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.

Məlumatda deyilir ki, axtarışla bağlı nazirlik Xəzəryanı ölkələrin uyğun qurumlarına müraciət edib. Bundan sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km məsafədə “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülüb. Cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üstndən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.

Məlumat alınandan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin Azərbaycana gətirilməsi üçün hadisə yerinə yollanıb.

Dekabrın 4-də “Günəşli” yatağında baş verən qəza nəticəsində 7 nəfər həlak olmuşdu, 23 nəfər itkin düşmüşdü.