-
İtkin düşən neftçilərin yaxınları yalnız bir gün - dekabrın 29-da onların axtarışında iştirak edə biləcəklər. Axtarışlar vertolyotla aparılacaq.
Bu haqda AzadlıqRadiosuna Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib. «Bu aksiya bir gün olacaq və bir növ ziyarət xarakteri daşıyacaq», - məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyi və SOCAR itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq belə addım atıb. Dekabrın 29-da itkin düşənlərin 1 nəfər ailə üzvü axtarışlarda iştirak edə biləcək. Artıq axtarışlara qatılacaq iştirakçıların siyahısı hazırlanıb.
Dekabrın 4-də «Günəşli» yatağında qəza zamanı 8 nəfər ölüb, 20-dən artıq neftçi itkin düşüb. Bundan başqa, fırtına «Neft Daşları»nda 3 nəfəri olduqları köşk qarışıq dənizə atıb.