Brüssel bayram şənliklərini təxirə salır

Brüsseldə Milad yolkası

-

Belçikanın paytaxtında Yeni İl şənlikləri və atəşfəşanlıq təxirə salınıb. Səbəb terror hücumları ola biləcəyi sarıdan qorxudur.

Brüsselin meri Yvan Mayeur deyib ki, bu qərar dekabrın 30-da hökumət rəsmiləri ilə müzakirədən sonra çıxarılıb.

“Böhran Qrupunun hazırladığı risk təhlilinə əsasən belə bir qərar verdik”, o, fransızdilli RTBF şəbəkəsinə deyib. Mayeur söyləyib ki, ötən il 100 min insan şəhərdə yeni il şənliyinə çıxıb.

“Bu riskin altına girməyək... Hər kəsi yoxlaya bilmərik”, o bildirib.

Bir gün öncə isə Belçikada yeni il şənlikləri zamanı hücum planlaşdırmaqda şübhəli bilinən 2 nəfər saxlanıb.