"Tərcümə Mərkəzinin müsabiqəsi qənaət üçün dayandı"

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin loqosu

-

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin keçirdiyi “Yeni Söz” ədəbi yaradıcılıq müsabiqəsi baş tutmamış elan edilib.

Buna rəsmi səbəb kimi təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi göstərilir.

Müsabiqəyə əsər göndərmiş yazarlar isə hesab edirlər ki, müsabiqənin baş tutmamış elan edilməsinin səbəbi böhrandır, dövlət puluna qənaət etməkdir.

Tərcümə Mərkəzinin ilkin elanına görə, müsabiqənin qalibləri 2016-cı il mayın 25-də keçiriləcək mükafatlandırma mərasimində bəlli olacaqdı.

Ən yaxşı nəsr, poeziya, esse (janrların hər biri üzrə) üçün birinci yer 2000 manat, ikinci yer 1000 manat, üçüncü yer 500 manat mükafatlandırılacaqdı, müsabiqənin ümumilikdə 10 min manat büdcəsi vardı.

Rövşən Danyeri

Məsələyə münasibət bildirən yazarlardan biri Rövşən Danyeri deyir:

"Maraqlısı odur ki, müsabiqəyə əsər qəbulu mart ayına qədər uzadılmışdı. Əgər həqiqətən də söhbət əsərlərin zəif olmağından gedirsə, niyə marta qədər gözləmədilər? Əgər sırf maddi məsələdirsə, onda yenə niyə marta qədər gözləyib, sonra deyilmədi ki, göndərilən əsərlərin səviyyəsi bizi qane etmir?"

Başqa bir gənc yazar Emin Piri deyir: "Əsas məsələ pul çatışmazlığıdır. Müsabiqə pula qənaət üçün ləğv olunub."

Qəbələdə hər yay keçirilən Beynəlxalq Musiqi Festivalının da eyni səbəbdən ləğv ediləcəyini deyənlər var.