Qazaxıstan dövlət müəssisələrini özəlləşdirir

Nursultan Nazarbaev

Qazaxıstan hökuməti ötən il dekabrın 30-da özəlləşdiriləcək şirkət və müəssisələrin siyahısını təsdiqləyib.

Bu müəssisələr arasında dəmiryol idarəsi, milli atom şirkəti, “KazMunayQaz”, “Kazpoct”, “Air Astana” və “Kazax Air” hava şirkətləri, hava limanları, beynəlxalq dəniz ticarət limanı,“Kazaxtelekom” və “KazAqro” kimi şirkət və müəssisələr var.

Qərar yanvarın 6-da Milli iqtisadiyyat nazirliyinin rəsmi saytında yerləşdirilib.

Qazaxıstan hökuməti milli valyuta tengenin kəskin düşməsi və neftin ucuzlaşmasından zərər çəkən dövlət büdcəsini doldurmaq üçün ötən ilin oktyabrında ölkənin 3 əsas neftayırma müəssisəsinin qismən və ya tam özəlləşdiriləcəyini bəyan eləmişdi.

Hökumətə yaxın mənbələrin məlumatına görə, ilkin siyahıya 60 federal və bələdiyyə qurumu salınıb.