-
"Bu yaxınlarda Şekspiri yenidən oxumağı yoxladım, nə gizlədim, oxuduqlarım mənə olduqca anlaşılmaz, lap deyərdim, ürəkbulandırıcı bir iyrəncliklik kimi göründü."
"Kitab yazmağa başlayanda, öncə çox kobud iki-üç səhifəlik qaralama yazıram, sonra bu qaralamalarımda bir neçə başlıq ayırıb yazıram və bu başlıqların yazıldığı səhifələrdəki bir neçə söz, bəzən də təkcə bir söz bütöv mühakimələrin və çoxsaylı faktların yığcamlaşdırılmış ifadəsi olur.
Charles Darwin
ƏQLİ QABİLİYYƏTİMİ NECƏ DƏYƏRLƏNDİRİRƏM?
Beləliklə də, mən indiyədək nəşr elətdirdiyim bütün kitablarımı sadaladım və onlar mənim ömrümün önəmli dönəmlərini təşkil elədiyindən, artıq özüm haqqında deyə biləcəyim çox az söz qalıbdır.
Son otuz ildə əqli durumumda biraz sonra deyəcəyim bir özəllikdən başqa, hansısa bir dəyişikliyin baş verdiyini düşünmürəm; doğrudan da, bu müddətdə əqli qabiliyyətimin gücdən düşməyə başlamasından başqa bir dəyişikilik gözləməyə də dəyməzdi.
Ancaq burasaı da var, mənim atam 83 il yaşasa da, ömrünün son anlarınadək özünə xas olan yüksək əqli qabiliyyətini nə azca da olsa itirmiş, nə də onun şüurunda bir dumanlanma olmuşdu; ona görə mən də əqli qabiliyyətimdə hansısa zəifləşmə olanadək ölüb gedəcəyimə inanmaqdayam.
Mənim düşüncəmə görə, araşdırmalarım üçün doğru yozumlar tapa bilməkdə və onların sınaqlar yolu ilə yoxlanması üçün üsullar aramaqda əqli qabiliyyətimin bəlli üstünlükləri vardır, həm də, bu qabiliyyətimin yalnız praktikada üzləşdiyim durumlarla və qazandığım çoxlu bilik toplusu ilə bağlı olduğunu sanıram.
Öncələrdə olduğu kimi, indi də belə bir çatışmazlığımın olduğunu da deyə bilərəm: öz düşüncələrimi yetərincə aydın və yığcam ifadə eləyə bilmək mənim üçün həmişə çox çətin bir iş olmuşdur və bu çətinlik çoxlu vaxt itirməyimə gətirib çıxarmışdır; ancaq bu çatışmazlığım bir sıra durumlarda mənim üstünlüyümə də çevrilir, bu özəlliyim mənim hər bir mülahizəmin üzərində çox uzun müddət və diqqətlə düşünməyimə gətirib çıxardığından, elə bununla bağlı olaraq da mənə, çox vaxt, özümün və başqalarının mühakimələrində olan yanlışlıqları tapıb üzə çıxarmağa kömək eləmişdir.
Görünür, mənim ağlımın belə bir taleyüklü özəlliyi vardır, mən gərək öncə öz mühakimə və düşüncələrimi yanlış və ağla batmayan formalarda ifadə eləyəm, sonra axtarıb özüm öz yanlışlarımı tapıb düzəldəm.
Çox qabaqlar mənim belə bir öyrəncəm vardı, hər hansı bir mülahizəmi yazmaqdan öncə onun üzərində uzun-uzadı düşünərdim, ancaq son illərdə artıq belə bir qənaətə gəlmişəm: çoxlu vaxt itirməmək üçün ən yaxşısı, anlaşılmaz və qorxunc bir xətt ilə olsa belə, düşündüklərimi olduqca qısa bir şəkildə yazmaq, sonra bu yazdıqlarının üzərində düşünmək və onları islah eləməkdir. Belə, qaralama şəklində yazdıqlarımın, çox vaxt, uzun-uzadı düşünüb yazdığım sözlərdən daha artıq yararlı olduğunu mən dəfələrlə sınaqdan keçirib yoxlamışam.
Yazı üslubumla bağlı yuxarıda dediklərimə bunu da artıra bilərəm: iri həcmli kitablarımın yazılmasında mən toplayıb əlimin altında saxladığım materialların kitab boyu necə bölüşdürülməsinə də yetərincə çox vaxt itirmişəm.
Kitabı yazmağa başlayanda, öncə çox kobud bir şəkildə, iki-üç səhifəlik qaralama yazıram, sonra bu qaralamalarımın əsasında bir neçə başlıq ayırıb yazıram və bu başlıqların yazıldığı səhifələrdəki bir neçə söz, aradabir də təkcə bir söz bütöv mühakimələrin və çoxsaylı faktların yığcamlaşdırılmış ifadəsi olur.
Sonradan, bu başlıqlar genişlənir və və mən onların sonuncu variantının üzünü ağardanadək tanınmayacaq dərəcədə dəyişirlər.
Bir sıra kitablarımda başqalarının apardığı çoxsaylı müşahidələrdən yararlandığımdan, mən burada eyni zamanda biri-birindən fərqlənən bir neçə müxtəlif problemlərlə məşğul olmalı olurdum və bu işi yoluna qoymaq üçün öncədən hazırladığım 30-40 arası sayda böyük qovluqlar hazırlamışdım, bu qovluqlar mənim yazı stolumun yanındakı kiçik dolabda, hərəsinin üstündə öz təyinatını göstərən yarlıqlar yapışdırılmaqla qalaqlanıblar və bu qovluqlarda mən araşdırdığım mövzular üzrə çıxarışlarımı və qeydlərimi toplayıram.
Mən çoxlu kitablar oxuyur və hər bir kitabın sonunda gördüyüm işlə bağlı olan faktları yığcam göstəricilər şəklində yazırdım;
kitabı başqasından alırdımsa, onda bu kitablardan işimə yarayan yerlərini ayrıca çıxarışlar kimi yazıb saxlayırdım – mənim iş otağımda belə çıxarışların yazıldığı çox böyük bir yeşik indiyədək də qalmaqdadır.
Hansısa problemlə bağlı yazmağa başlamazdan öncə, mən özümün tərtib elədiyim gərəkli faktları andıran qısa göstərişləri gözdən keçirir, bunların əsasında ümumiləşqirilmiş bir göstəriş ərsəyə gətirirdim və yuxarıda dediyim qovluqlardan birini və ya bir neçəsini qarşıma qoymaqla, bütün ömrüm boyunca topladığım faktlardan yararlana bilmək imkanı qazanırdım.
Yuxarıda dediyim kimi, mənim əqli qabiliyyətimin bir yönündə son 20-30 ildə, önəmli bir dəyişikilik baş vermişdi.
Otuz yaşıma kimi, hələ biraz sonralar da, müxtəlif poeziya örnəklərini oxumaqdan çox böyük həzz alardım, bunlardan, Miltonun, Qreyin, Bayronun, Vordsvorotun, Kolricin və Şellinin şeirlərini göstərə bilərəm, məktəb illərindən başlayaraq Şekspiri, ən çox da onun tarixi dramlarını oxumağı çox sevərdim.
Eləcə də, rəssamlıqdan çox bərk duyğulandığımı, musiqidən isə bundan qat-qat artıq həzz duyduğumu da sizə demişdim.
Ancaq artıq neçə illərdir, mən özümü bir sətir də olsun şeir oxumağa sürükləyə bilmirəm;
bu yaxınlarda Şekspiri yenidən oxumağı yoxladım, nə gizlədim, oxuduqlarım mənə olduqca anlaşılmaz, lap deyərdim, ürəkbulandırıcı bir iyrəncliklik kimi göründü.
Demək olar, rəsm və musiqi əsərlərindən həzz ala bilmək duyğumu da itirmişəm. Dinlədiyim musiqi mənə həzz verməkdənsə, düşüncələrimi: üstündə işləməkdə olduğum elmi işlərimlə bağlı daha gərgin çalışmağa sürükləyib aparır.
İndilikdə təbiət təsvirləri ilə bağlı bir sıra rəsmlərdən həzz ala bilsəm də, ancaq onlar da, məndə keçmişlərdə olduğu kimi vurğunluq yarada bilmirlər.
Başqa bir yandan, fantaziya məhsulu olan – hətta, bu çox yüksək fantaziya olmasa belə, – romanlar artıq neçə illərdir məni ovudan və həzz verən möcüzəli qaynaqlara çevrilmişlər, buna görə də çox vaxt romançıları ən xoş arzularla anıram.
Mənim üçün ucadan, olduqca çoxlu sayda roman oxumuşlar və bu romanlardan yaxşı sonluqla bitənlərinin az, ya çox uğurlu olmasından asılı olmayaraq, hamısını bəyənirəm, – məncə, gərək pis sonluqla bitən romanların çap olunmasını yasaqlayan qanun veriləydi.
Mənim zövqümə görə, romanda heç olmasa bir nəfər sevilməyə layiq qəhrəman yoxsa, ona yaxşı roman demək olmaz, birdən bu sevilməli qəhrəman yaxşı qadındırsa, onda belə roman ən yaxşı sayılmalıdır.
Bu qəribə və təəssüf doğuran, – yüksək estetik həzzlərimi itirməyim, bir heyrətamiz xüsisiyyətimə baxanda biraz da anlaşılmaz görünür: tarix, bioqrafiya, səfər qeydləri ilə bağlı kitablar (onlarda hansı elmi faktların yer alması elə də önəmli deyildir), habelə, istənilən məzmunlu məqalələr bugün də mənim üçün çox maraqlıdır.
Mənə elə gəlir, artıq mənim ağlım ümumi qanunuyğunluqlarla bağlı olan çoxsaylı faktları üyüdən bir maşına çevrilmişdir, ancaq bununla yanaşı olaraq, belə bir duruma düşən ağlımın yüksək estetik zövqləri dəyərləndirən bölümünün nədən atrofiyaya uğradığı mənim üçün qaranlıq qalır.
Məncə, əqli keyfiyyətləri mənimkindən daha yaxşı qurulmuş və daha yaxşı uzlaşan başqa birisini belə bir bədbəxtlik yaxalaya bilməzdi, mən öz ömrümü yenidən yaşaya bilsəydim, belə bir duruma düşməyimin qarşısını almaq üçün həftədə ən azı bir dəfə hansısa miqdarda şeir parçaları oxuyar, hansısa vaxt ərzində musiqiyə qulaq asardım; ola bilsin, belə eləsəydim, indi beynimin atrofiyaya uğramış hissəsinin fəallığını qoruyub saxlaya bilərdim.
Belə zövqlərin itirilməsi xoşbəxtliyin itirilməsi deməkdir və ola bilsin, əqli qabiliyyətin zəifləməsinə də öz təsirini göstərir, məncə, bu durum insanın təbiətindəki emosinallığı azaltdığından, onun mənəvi özəlliklərini də korlayır.
Mənim kitablarım İngiltərədə çox geniş yayılmışdır, çoxlu xarici dillərə tərcümə olunmuş və xarici dövlətlərin çoxlu nəşriyyatlarında çap edilmişdir. Eşitdiyimə görə, hansısa əsərin xarici ölkələrdə uğur qazanması onun əvəzolunmaz dəyərinin olduğunu göstərir. Mən belə bir mühakiməni doğru saymağı ağlıma belə, gətirmirəm.
Ancaq bu baxımdan yanaşanda, ola bilsin, mənim əsərlərimin belə geniş yayılması adımın bir neçə il unudulmamasına gətirib çıxara bilər.
Ona görə də, məncə, belə uğurlar qazandırmış əqli qabiliyyətimi araşdırmağıma dəyər, ancaq mənim dərin inamıma görə, heç bir insan belə bir araşdırmanı sonacan düzgün apara bilmək gücündə deyildir.
Mən itiağıllılıq və tez qavramaq kimi özəlliklərimlə seçilmirəm, belə xüsusiyyətləri olan, tanıdığım ağıllı adamlar çoxdur, örnək olaraq Hekslini (T.H.Huxley) göstərə bilərəm.
Elə buna görə də, mən pis tənqidçiyəm: istənilən bir kitabı, ya məqaləni ilk dəfə oxuyanda mən onlara heyran oluram, ancaq birazdan, uzun müddət düşünüb daşınandan sonra, onların zəif yerlərini ayırd eləməyə başlayıram.
Zəncirvari uzanıb gedən mücərrəd ideyaları izləyib qavraya bilmək bacarığım da çox məhduddur, buna görə də mən fəlsəfədə və riyaziyyatda heç vaxt uğur qazana bilməzdim.
Yaddaşım çox genişdir, ancaq aydın deyildir: onun gücü haçansa izlədiyim və oxuduğum nələrinsə indi gəldiyim nəticə ilə zidd olduğunu və ya düz gəldiyini dumanlı şəkildə anlatmağa ancaq yetir, mən yalnız sonradan bu qaynaqları harada axtarmalı olduğumu xatırlaya bilirəm.
Bir baxımdan isə yaddaşım ümumiyyətlə çox zəifdir: mən ömrüm boyu, heç vaxt, hansısa tarixi günü və ya şeir parçasını bir-iki gündən artıq yadımda saxlaya bilmirəm.
Mənim tənqidçilərimin bir çoxu belə deyirlər:
“Hə, o müşahidəçi kimi çox yaxşıdır, ancaq onun mühakimə yürütmək qabiliyyəti yoxdur!”
Mən bu deyilənləri doğru saymıram, götürək elə “Növlərin mənşəyi” əsərini, bu kitab başlanğıcdan sona kimi mühakimələrə arxalanaraq doğruldulan uzun bir sübutdan ibarətdir və onun çoxlu ağıllı və düşünmək bacarığı olan adamları inandıra bilməsi də bəllidir. Bəlli bir mühakimə qabiliyyəti olmadan bu kitabı yazmaq mümkün olmazdı.
Özümdə yetərli ixtiraçılıq və sağlam düşünmək bacarığı olduğunu sanıram, bu isə, uğurlu işləyə biləcək hüquqşünasın və həkimin yiyələnməli olduğu qədər mühakimə yürütmək qabiliyyətinin olduğundan soraq verir və bundan artığı mənim gördüyüm işlərdə heç gərək də deyildir.
Mənim işimi yaxşılaşdıran cəhətlərdən biri də, orta səviyyəli adamların baxışlarından yayınan, diqqətindən qaçan şeyləri görə bilməyim və onların üzərində dərin müşahidələr aparmağı bacarmağımdır.
Mənim müşahidəçilik və faktları toplamaq üzrə olan çalışqanlığım, elə bilirəm, mümkün ola bilən ən yüksək səviyyəyə çata bilmişdir.
Bundan da önəmlisi mənim təbiətşünaslıq elminə dəyişməz və çox qızğın bir sevgimin olmasıdır. Bu təmiz sevgimə, üstəlik, təbiətşünas yoldaşlarıma bəslədiyim sayğı da qoşularaq mənə təpər verir.
İlk gəncliyimdən başlayaraq, məndə nə görürüəmsə hamısını dərindən müşahidə eləmək, anlamaq və şərh eləyə bilmək istəyi yaranmışdı, bu isə elə qarşılaşdığın faktları ümumi qanunauyğunluqlar üzrə yozmaq deməkdir.
Bax elə bütün bu səbəblər də, mənim hansısa həll olunmamış problemlərin üzərində uzun illər boyunca, dayanmadan çalışa bilməyimin səbəbini aydınlaşdırır.
Bildiyimə görə, məndə başqalarının dediyinə kor-koruna inanmaq və belə bir yolu tutub getməyə meyil yoxdur. Mən var gücümlə öz düşüncələrimin müstəqilliyini qoruyub saxlamağa çalışmışam və bununla da, istənilən cəlbedici hipotezin faklarla uyğun gəlmədiyini görüncə ondan əl çəkməyi də bacarmaışam(ancaq, istənilən problemlə bağlı hipotez irəli sürməkdən də heç vaxt özümü saxlaya bilməmişəm).
Mənim başqa bir çıxış yolum yox idi və bu yolla da hərəkət eləyərək, – mərcan riflərinin yaranması nəzəriyyəsindən başqa – demək olar, irəli sürdüyüm hipotezlərin hamısını, ya çox güclü dəyişikliklərə uğradaraq formalaşdırmağa, ya da qırağa tullamağa gəlib çıxmışam.
Bütün bunlar isə, sözsüz, məndə elmi və praktik işlərdə yararlandığım deduktiv mühakimə metoduna qarşı bir inamsızlıq yaratmışdı.
Başqa bir yandan da, məndə skeptizm(danıcılıq) çox azdır və düşünürəm, belə bir durum elmin tərəqqisinə ziyan vura biləcək bir keyfiyyətdir.
Qaydasınca olan skeptizm elm adamları üçün çox faydalıdır, bu keyfiyyət onları vaxt itirməkdən qoruyur və mən çoxlu adamların, skeptik olmadıqlarına görə, uğurla başa çatdıra biləcəkləri işləri yarımçıq saxladıqlarının şahidi olmuşam, onlar skeptik olmadıqları üçün də, başladıqları işi tamamlaya bilmək üçün birbaşa və dolayısı ilə onlara yardımçı ola biləcək sınaq və müşahidələrdən yayınmışlar.
Dediklərimin yaxşı anlaşılması üçün mənə bəlli olan çox qəribə bir təsadüfü örnək olaraq göstərmək istəyirəm.
İngiltərənin doğu(şərq) qraflıqlarından birində yaşayan və sonradan öyrəndiyimə görə, yerli bitki örtüyünün bilicisi olan bir centlmen mənə belə bir məlumat yazıb göndərmişdi:
bu il nədənsə paxlalar öz qabıqlarının həmişəki tərəfinə deyil, əks tərəfinə bitişərək məhsul vermişlər.
Mən onun bu məktubu ilə nə demək istədiyini yaxşı anlaya bilmədiyimdən, ona məktub yazıb baş verənləri detalları ilə yazmağı xahiş elədim, ancaq üstündən çoxlu vaxt keçsə də, ondan cavab gəlmədi. Sonra isə biri Kentdə, o biri Yorkşirdə çıxan iki qəzetdən belə bir məlumat oxudum:
“Bu il bütün paxlalar öz qabıqlarının əks tərəfinə bitişərək yetişmişlər”.
Onda mən bu məlumatın belə geniş yayılmasının boş yerə olmadığını düşündüm və əslən Kentdən olan bağbanımın yanına gəlib ondan bununla bağlı nəsə eşidib-eşitmədiyini soruşdum.
İngiltərənin doğu qraflığından olan bu qoca bağban dedi:
“Yox, ser, çox ola bilsin bu bir yanlışdır, axı paxlalar bir günü artıq olan illərdə(dörd ildən bir 29 fevralın olduğu illər) qabığının əks üzündə bitir, bu ilin günləri 365 olduğundan belə bir şey ola bilməz”.
Mən məsələni biraz da dərindən araşdırmaq üçün qocadan paxlanın adi illərdə və artıq günü olan illərdə necə bitdiyi ilə bağlı soruşmağa başlayanda onun ümumiyyətlə bununla bağlı heç bir təsəvvürünün olmadığını öyrəndim, onun bildikləri hansısa dedi-qodulara əsaslanan bir “məlumat” idi, ancaq buna baxmayaraq, qoca yenə də tərsliyinə salıb dediyinin üstündə durmaqda davam elədi.
Üstündən bir müddət də keçəndən sonra mənə məktub yazıb paxlaların yanlış bitdiyini xəbər verən centlmendən yeni bir məktub aldım. O, bu məktubunda dərin üzürxahlıq eləyərək, mənə birinci məktubunda yazdıqlarını bir neçə çox tanınmış fermerdən eşitdiyini bildirirdi; ancaq sonradan, o bu fermerlərin hər biri ilə ayrılıqda söhbət eləmiş və onların öz dedikləri ilə bağlı əsaslı heç nə bilmədiklərini aydınlaşdırmışdı.
Beləliklə də, biz burada belə bir təsadüflə qarşılaşırıq: hansısa bir qənaət – əgər heç bir gerçəkliyə əsaslanmayan hökmü qənaət adlandırmaq olarsa, – heç bir dəlil-sübut olmadan, demək olar, bütün İngiltərəyə yayıla bilmişdi.
Bütün ömrüm boyunca üç belə kökündən yanlış olan qənaətlə qarşılaşmışdım və onlardan biri əsil mistifikasiya idi(elmdə də mistifikasiyalarla tez-tez qarşılaşmaq olur) və bu uydurma hətta onu çap eləyən bir Amerika kənd təsərrüfatı jurnalını da çaşdıra bilmişdi.
Burada, Bos cinsli inəklərinin müxtəlif növlərə aid olan fərdlərinin qarşılıqlı cütləşmələrindən yeni öküz cinsinin yaradılmasından söz açılırdı(mən bu inək cinsi ilə bağlı məlumatlı idim və onların müxtəlif növlərinin cütləşməsindən bala almağın mümkün olmadığını da yaxşı bilirdim). Bu, hələ harasıdır, yazının müəllifi sırtıqlığına salıb, özünün bu yeni aldığı öküz cinsi ilə bağlı mənimlə yazışdığını və mənim onun gördüyü bu işə vurğunluqla yanaşdığımı da yazırdı.
Bu məqaləni mənə İngiltərədə çıxan bir kənd təsərrüfatı jurnalının redaktoru göndərmiş və yazını çap eləməzdən öncə, bununla bağlı öz rəyimi bildirməyimi xahiş eləmişdi.
İkinci təsadüfdə bir nəfər araşdırıcının müxtəlif növlü novruzgülü çiçəklərindən aldığı toxumlardan danışılırdı, yazıda deyilldiyinə görə, o, həşaratların bu çiçəkləri tozlandırmasına qəti olaraq yol verməsə də, novruzgülülərin bu növləri toxum yetirmişdilər.
Bu məlumat mənim eyni bir bitkinin müxtəlif çiçəklərinin erkək-dişi funksiyaları daşıya bilməsini araşdırmağımdan öncə olmuşdu və bu fırıldaqçı araşdırmaçının dedikləri ya sadəcə bir yalan idi, ya da burada həşaratların çiçəklərə yaxınlaşıb onları tozalandırmasının qarşısının alınması uydurma idi.
Üçüncü təsadüf isə daha maraqlı olmuşdu. Mister Hat özünün yaxın qohumların evlənməsi ilə bağlı yazdığı kitabında bir nəfər belçikalı müəllifin əsərindən uzun-uzadı çıxarışlar vermişdi və bu belçikalı yazarın deməsinə görə, o, çox uzun bir müddətdə biri-birinə çox yaxın qohum olan evdovşanlarını cütləşdirmiş və doğulan döllərdə heç bir fəsad baş verməmişdi.
Onun bu məqaləsi isə çox tanınmış və güvənilən Belçika krallığı tibb cəmiyyətinin elmi jurnalında çap olunmuşdu; buna baxmayaraq, bu məqalədə deyilənlər məndə çox böyük inamsızlıq yaratmışdı, bilirsinizmi niyə? — çünki bu məqalədə aparılan sınaqların nəticələrindən danışılanda bir dənə də olsun, uğursuz haldan söz açılmırdı, mənim heyvanlar üzərində apardığım uzunmüddətli sınaqlar isə belə bir halın ola bilməyəcəyini bütün aydınlığı ilə göstərmişdi.
Ona görə də, çoxlu tərəddüdlərdən sonra mən professor Ban-Benedenə (Edouard Van Beneden) məktub yazdım və bu müəllifə nə dərəcədə inanmaq mümkün olduğunu ondan soruşdum.
Tezliklə aldığım cavabdan, Tibb Cəmiyyətinin bu məsələni yoxladığını və məqalənin başdan-ayağa uydurmalar üzərində qurulduğunu aydınlaşdırdığını, habelə, cəmiyyətin bu məsələyə görə bərk narahat olduğunu öyrəndim.
Tibb Cəmiyyəti jurnalının növbəti sayında bu müəllifə açıq şəkildə müraciət eləyib, onun harada yaşadığını və məqaləsində yazıldığına görə, illərlə üzərində sınaq apardığı olduqca çoxlu sayda evdovşanlarını indi harada saxladığını soruşmuşdular, o isə bu sorğuya cavab verməkdən yayınmışdı.
Bundan sonra mən yazıq mister Hata məktub yazıb onun kitabında başlıca sübut olaraq əsaslandığı məqalənin uydurmalar üzərində qurulduğunu xəbər verdim və çox keçmədən o, mənə, hələ satılmamış kitablarına əlavə olunmaq və bu yanlışlığı aradan qaldırmaq üçün çap olunmuş bir vərəq göndərdi.
Habelə, atamdan mənə yetərincə var-dövlət qaldığına görə də, çörək qazanmaq qayğısı çəkmədiyimdən, elmi fəaliyyətimlə məşğul olmaq üçün istənilən qədər boş vaxtım olmuşdur.
Mən öz vərdişlərimdə bütünlüklə metodikliyə bağlıyam və bu da mənim özünəməxsus işimdə çox yararlı olmuşdur.
Habelə, atamdan mənə yetərincə var-dövlət qaldığına görə də, çörək qazanmaq qayğısı çəkmədiyimdən, elmi fəaliyyətimlə məşğul olmaq üçün istənilən qədər boş vaxtım olmuşdur.
Hətta, sağlamlığım zəif olduğu üçün ömrümdən bir neçə ili əlimdən alması da, mənim işimə yaramışdır, tez-tez xəstələnməyim məni əyləncələrdən və adamların boş yerə vaxt itirdikləri yığıncaqlara qatılmaqdan qorumuşdur.
Beləliklə də, hansı ölçüdə olmasından asılı olmayaraq, bir elm adamı kimi qazandığım uğurlar, mənim düşüncəmə görə, mürəkkəb və hərtərəfli əqli keyfiyyətlərimdən və bunlara uyğun olaraq yaşadığım durumlardan yaranmışdır.
Onlardan ən önəmliləri isə, elmə olan sevgim, istənilən problemin üzərində uzun müddət düşünüb-daşınmaqda dözüm göstərə bilməyim, müşahidələrimdə və faktlar toplamaqda böyük çalışqanlığım, yetərli ixtiraçılıq və sağlam düşüncəmdir.
Sözün düzü, belə bir orta səviyyəli əqli qabiliyyətimlə, bir sıra önəmli problemlər üzrə elm adamlarına böyük təsir eləyə bilməyim məni çox təəcübləndirir.
3 avqust 1876-cı il.
Qaynaq(rus dilində): Ч. Дарвин. “Воспоминания о развитии моего ума и характера” Сочинения, т.9. Изд-во АН СССР, Москва, 1959 г.
Rus dilindən Araz Gündüz çevirib.