«Məni atamın siyasi fəaliyyətinə görə ittiham edirlər»

Oqtay Gülalıyev və oğlu Əlgüşad Gülalıyev

-

Yanvarın 11-də Ali Məhkəmə hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyevin məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kasasiya şikayətinə baxıb.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə şikayətçi və onun nümayəndəsi bu dəfə də iştirak etməyib.

Məhkəmədə çıxış edən Əlgüşad Gülalıyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar qurama və əsassızdır:

«Məni 3 il bundan qabaq orta məktəbdə tanımadığım bir şəxslə dalaşmaqda ittiham edirlər. Mən nəyə görə tanımadığım şəxslə dalaşmalıyam? O, həqiqətən şikayətçidirsə, niyə ötən müddət ərzində keçirilmiş 10-dan yuxarı məhkəmə prosesində gəlib iştirak edib şikayətini bildirməyib? İş materiallarına daxil edilmiş video-diskə dəfələrlə vəsatət versək də, nə Xətai rayon Məhkəməsində, nə də Apellyasiya Məhkəməsində baxış keçirilib. Şahidlərin ibtidai istintaqda mənim əleyhimə polisin təzyiqi altında verdikləri ifadədən imtina edərək belə bir hadisənin olmadığını, mənim kiminləsə dalaşmadığımı bildirməsi niyə araşdırılmır?».

Əlgüşad Gülalıyev atasının siyasi fəaliyyətinə görə ittiham edildiyini bildirib. Buna görə də haqqında açılan cinayət işinə xitam verilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə kasasiya şikayətini rədd edib, Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Müdafiə tərəfi Əlgüşad Gülalıyevin işiylə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini bildirir.

Əlgüşad Gülalıyev Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğludur. Gənc iki il öncə Xətai rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham edilərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. O, 2013-cü ilin sentyabrında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. Az sonra onun özünə cinayət işi qaldırılıb və onun haqqında təqsirləndirilən şəxs qismində qətimkan tədbiri seçilib.

Atası da 2012-ci ilin iyununda polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışına qadağa qoyulub.