Rusiya Assad-a sığınacaq verə bilər

Suriyada nümayiş, arxiv fotosu

-

Suriya prezidenti Bashar al-Assad ölkəsindən çıxmalı olsa, Rusiya ona sığınacaq verə bilər. Bunu Prezident Vladimir Putin yanvarın 12-də dərc olunmuş müsahibəsində deyib.

“Snowden-ə sığınacaq vermək daha çətin idi, nəinki Assad-a”, Putin Almaniyanın Bild qəzetinə söyləyib. ABŞ Milli Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Edward Snowden hazırda Rusiyada yaşayır.

Ötən il Suriya münaqişəsinin əksər tərəflərinin əldə etdiyi yol xəritəsi Suriyada yeni hökumətə keçidi nəzərdə tutur. Ancaq Putin onu da bildirib ki, Rusiyanın Assad-a bu keçidin bir hissəsi olaraq sığınacaq verəcəyini söyləmək üçün çox tezdir.

“Əvvəla, Suriya xalqı səs verməlidir, Assad seçkini uduzsa, onun ölkədən çıxmalı olub-olmadığına baxarıq”, Putin deyib. O, Assad-ın münaqişəyə dair xeyli səhvə yol verdiyini də etiraf edib. Ancaq onu da söyləyib ki, “kənardan qızışdırılmasaydı, münaqişə bu qədər böyüməzdi”.