Əfqanıstan rəsmisi Talibana xəbərdarlıq elədi

Hekmat Karzai

Əfqanıstan rəsmisi Talibanı sülh danışıqlarını baykot etməməyə çağırıb və bildirib ki, əgər müharibəni seçsələr ciddi aqibətlə üzləşəcəklər.

Bunu yanvarın 12-də xarici işlər nazirinin müavini Hekmat Khalil Karzai İslamabadda keçirilən 4 tərəfli görüşdən döndükdən sonra bəyan edib.

O qeyd edib ki, talibançıların əksəriyyəti sülh istəyir.

Yanvarın 11-də İslamabadda Əfqanıstan hökuməti ilə Taliban arasında yekun sülh planı müzakirə edilib.

Görüşdə Pakistan, Əfqanıstan, ABŞ və Çin rəsmiləri iştirak edib.

Karzai Əfqanıstan münaqişəsinin vətəndaş müharibəsi olmadığını və bunun xarici ünsürlər tərəfindən təşkil edildiyini deyib.

Qeyd edək ki, Kabil daima İslamabadı Talibanı dəstəkləməkdə ittiham edir.

Pakistan ittihamı rədd edir.

İslamabad görüşündə Taliban iştirak etməyib.

Tərəflər yanvarın 18-də Kabildə yenidən görüşmək razılığına gəliblər.