AXCP fəalı saxlanıldı

Foto illüstrasiya.

-

AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahim yanvarın 13-də axşam saat 21.00 radələrində saxlanılıb. Bu barədə gənc fəalın qardaşı Toğrul İbrahim məlumat yayıb.

Onun dediyinə görə, böyük qardaşı evdən çıxarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özünü polis serjantı Tural Kərimov kimi təqdim edib, ondan adının Turan olub-olmadığını soruşub: “Qardaşım Turan olmadığını deyib. Həmin şəxs bildirib ki, onlar Turanı axtarırlar. Qardaşım onun harada olduğunu bilmədiyini qeyd edib və oradan uzaqlaşıb. Turan hadisəsən xəbər tutandan sonra onu axtaranların nə istədiyini öyrənmək və polisə getmək üçün evə gələrkən yaşadığımız binanın qarşısında 7-8 nəfər tərəfindən zorla götürülərək, Nərimanov rayonu, 17- ci polis bölməsinə aparılıb”.

Gecəni polis bölməsində keçirən Turan İbrahimin yanvarın 14-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Məlumata görə, gənc fəal polisə müqavimətdə ittiham olunur.

Qeyd edək ki, Turan İbrahim AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğludur. Məmməd İbrahim də 2014-cü il sentyabrın 30-dan xuliqanlıq ittihamı ilə həbsdədir. O, ittihamı qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.