Moldova prezidenti namizəd verir

Moldovada etiraz, sentyabr, 2015-ci il

Moldovada etiraz, sentyabr, 2015-ci il

-

Moldova prezidenti ölkədə siyasi böhranın həlli məqsədilə baş nazir postuna yenə namizəd irəli sürüb. Prezident Nicolae Timofti-nin yanvarın 14-də irəli sürdüyü namizəd Prezident Administrasiyasının baş katibi Ion Paduraru-dur.

Bir gün öncə prezident avropapərəst hakim koalisiyanın ziddiyyətli namizədi Vlad Plahotniuc-i rədd edib.

Minlərlə insan Kişinau küçələrinə çıxaraq Plahotniuc-in namizədliyinə etiraz edirdi. O, neft, maliyyə, bank və media sahələrinə sərmayə qoyan bir siyasətçidir və əhali də onun həddən artıq gücə və təsirə malik olmasından narahatdır.

Keçmiş ədliyyə naziri olan Paduraru da avropayönlüdür. Parlament onun namizədliyini gələn həftə səsə qoyacaq.

Parlament yanvarın 29-dək hökuməti təsdiqləyə bilməsə, hökumət buraxılacaq və erkən seçki keçiriləcək.

Öncəki hökumət korrupsiya ittihamları səbəbindən buraxılıb.