-
Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev hələ də DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (MCQMİ) saxlanılır. Yanvarın 18-də Nərimanov rayon məhkəməsində buna etiraz edən müdafiə tərəfinin şikayətinə baxılacaq.
Bu haqda AzadlıqRadiosuna yanvarın 15-də onunla görüşmüş vəkili Aqil Layıcov məlumat verib. Vəkil müvəkkilinin MCQMİ-də qanunsuz saxlandığını, onun səhhətində problem olmadığını da deyib.
Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev istintaq hərəkətləri ilə bağlı dekabrın 30-da MCQMİ-yə köçürülüb. Yanvarın 9-da bu idarədə saxlanma müddəti bitsə də, hələ də Bakı İstintaq Təcridxanasına köçürülməyib.
Cahangir Hacıyev Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və ya israf etmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Ötən ilin sonunda Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.