Məni qurğuşundan siz düzəltmədinizmi?

Güllə

-

Əziz Rzazadə

GÜLLƏNİN SON SÖZÜ

Əziz Rzazadə

Çox uzaqlardan gəlmişəm. Çox.

İki yüz ildən çoxdu ki, yollardayam.

Gəzərgi dərviş kimiyəm. Daim yolda. Daim hədəfə doğru.

İnsanlar məndən gen gəzər, sığınacaq, aman axtarar.

Çünki ayağımı basdığım hər yerdə ölüm var.

Yalnız ölüm – son ünvanım.

İlk dəfə məni kim atdı, yadımda deyil. Tüstü, barıt qoxusu məndə hafizə saxladı ki?!

O vaxtdan şıltaq, havalı qız kimiyəm.

Qarşıma çıxana əsla rəhm etməm.

İnsanın ətinə, qanına işləyərəm.

Kiminsə bəxti gətirər, məni anıb “yəqin, anam namaz üstəymiş”, – deyər.

Kimisi məni cibində gəzdirər. Hərdən ovcuna qoyub acı günlərini, əlilliyinin səbəbini yada salmaq üçün.

Məni mühakimə edirsiz?

Nə deyim, məsləhət sizindi, amma...

Bir daha heç kimin canına qəsd etməyim?

Söz verə bilmərəm.

Xislətimi necə dəyişim!? Həm də bu yaşda?

Özünüz demirsizmi, qozbeli qəbir düzəldər...

Mən nəyəm, nə karəyəm, guya öz istəyimlə dünyaya gəlmişəm?

Lənət şeytana, məni qurğuşundan siz düzəltmədinizmi?..

İndi öz bədənlərinizlə qəbirlərinizi isidin, insanlar!

Sizi görüm gülləyə tuş gələsiz!

Yəni mənə...

İllüstrasiya

Dayanın, dayanın, son sözü hələ bitirməmişəm.

Bir əhvalat yadıma düşdü: bir yazıçı vardı, Hektor Hyu Monro.

Ömər Xəyyam rübailərinin vurğunuydu, ona görə özünə “Saqi” təxəllüsü götürmüşdü.

Birinci Dünya müharibəsinə könüllü getmişdi.

Yadımdadı, gecəydi, “Saqi” səngərdəydi. Mən də əks tərəfdə, snayper tüfəngində.

Əsgər yoldaşı siqaret yandırdı...

Hə, son sözü indiyəcən qulağımdan çəkilmir: “O zəhrimar siqareti söndürsənə!..”