Elmi məsləhətçisi N.Cəfərov, ön sözü M.Süleymanlının, məzmunu oğurluq?

Nigar Khiyavi

-

Təbrizdə yaşayan azərbaycanlı yazar Nigar Xiyavi bəyanat yayıb, 14 il əvvəl iranlı yazar Qulamhüseyn Saidi'nin (Gholam-Hossein Saedi, 1936-1985) əsərlərindən etdiyi tərcümələrin Bakıda plagiata məruz qaldığını, Hüseyn Şərqi Pərvanə Məmmədli adlı kəslərin tərcümələri öz adlarına nəşr etdirdiklərini deyir.

Gholamhossein Saedi

"Son zamanlar mənim rəhmətlik yazarımız Qulamhüseyn Saidi'nin aylar boyu, gecə­li-gündüzlü çalışmalarla farscadan Azərbaycan türkcə­sinə çevirdiyim və hətta yayınladığım iki əsərini, iki yeniyetmə ədəbiyyat doktoru nöqtə­sinə, vergülünə toxunmadan latın əlifbasına köçürüb, öz adlarıyla Bakıda çap etdiriblər.

1 - "Bəyəl Əzalıları" adıyla Azərbaycan türkcə­sinə çevirdiyim "Əzadarane Bəyəl" kıtabını doktor Hüseyn Şərqidərəcək (Soytürk) "Güney Azərbaycan dramaturgiyası" adlı kitabda "Yazan, araşdıran, tərcümə və tərtib edən" təyini ilə basdırıbdır.

Kitabın əvvəlində bu məlumatı görürük:

Azərbaycan Atatürk Mərkəzi/ Bakı 2014 / Elmi məsləhətçi: Nizami Cəfərov/ Redaktor: Dəyanət Osmanlı.

Kitaba xalq yazıçısı Mövlüd Süleymanlı "Sərhədsizlik" adlı önsöz yazmışdır.

Bu kitabda mənim tərcümə etdiyim "Bəyəl Əzalıları" kitabının səkkiz nağılından ikisi (birinci və ikinci nağıl) pyes adıyla verilib, yəni 227-ci səhifədən 264-cü səhifəyə qədər, ümumilikdə 37 səhifə edir.

Əlavə edim ki, bu kitab 14 il əvvəl Təbrizdə "Əxtər" nəşriyyatında çap olunub. Kitabın birinci nağılı isə bir neçə il öncə Bakıda "Alatoran" jurnalında çap edilmişdi.

Bu kitab pyes deyil, səkkiz iç-içə nağıldan oluşan bir romandır, ancaq doktor bəy­imiz kefi istədiyi kimi və quraşdırdığı kitabın həcmi qalın çıxsın deyə, roman olan bir kitabın parçalarını pyes adı ilə kitaba salıb və günün günorta çağı utanmadan öz adını da tərcümə­çi kimi basıb altına!

Gholamhossein Saedi

2 - Yenə Qulamhüseyn Saidi'dən tərcümə etdiyim "Qasırğaya düşmüş İskəndər və Səməndər" adlı bir hekayə, habelə, "Top" adlı bir romanı Pərvanə Məmmədli "Sonsuz Səfər, həkayə­lər" adlı bir kitabda çap etdirib.

Mənim tərcümə etdiyim "Top" romanı 14 il öncə Təbrizdə çap olunmuş, ikinci çapı isə "Ülkər" nəşriyyatı tərfindən yenə həmin adla Urmiyada və 2014-cü ildə Bakıda "Qanun" nəşriyyatı tərəfindən nəşr edilib.

"Top" 171 səhifə­lik və əlli bölmədən ibarət bir romandır, Pərvanə xanım Məmmədli romanın əlli bölümündən düz iyirmi beş bölümünü "Top" adı ilə ard-arda həkayələr kimi, "Sonsuz Səfər, həkayə­lər" adlı quraşdırdığı kitaba salıb və öz adını da basıb altına. Bu xanımın bunca əluzunluğundan bilmirsən heyrətlənə­sən, yoxsa...

Pərvanə Məmmədli Bakıda çap etdirdiyi "Sonsuz Səfər, həkayə­lər" adlı kitabın əvvəlində belə­cə məlumat verib:

"Tərtib edən və Azərbaycan dilinə uyğunlaşdıran: Pərvanə Məmmədli" (!!!)

Kitabın naşiri Müşfiq Xan, 2015-ci il Xan nəşriyyatı tərəfindən Bakıda çap edilib. Kitaba, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli önsöz yazıb.

184 səhifə­lik bu kitabın toplam 105 səhifəsi mənim etdiyim tərcümələrdir!"

Bəyanatının sonunda Nigar Xiyavi deyir:

"Bu ədəbi lümpenizm, ədəbiyyat fırıldaqçılığını şiddətlə qınayır, Azərbaycan ədəbiyyatının sayqın toplumu önündə maddi və mənəvi huququmun bərpa edilmə­sini, bu ucuz professor, doktor adlarını daşıyanların rəsmi şəkildə üzr diləmələrini istəyirəm."