20 Yanvar faciəsindən 26 il keçir

"Şəhidlər Xiyabanı", arxiv fotosu

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib

-

Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 26-cı ildönümü qeyd edilir.

20 Yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.

Gün ərzində minlərlə insanın, o cümlədən, ölkə prezidentinin, dövlət və hökumət üzvlərinin, deputatlar, diplomatik korpusun nümayəndələrinin Şəhidlər Xiyabanını ziyarəti gözlənir.

Bakıda “Şəhidlər xiyabanı”na gedən yollarda avtomobilin hərəkətləri məhdudlaşdırılıb, polis gücləndirilmiş iş rejiminə keçib.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Azərbaycanın dövlət bayraqları endiriləcək.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.